Abutalıbovun qəbir biznesi: Trestin mafiya şəbəkəsində kimlər var?

Abutalıbovun qəbir biznesi: Trestin mafiya şəbəkəsində kimlər var? Bakı Şəhər İcra Hakimiyyətində qəbir biznesi ilə məşğul olan bir mafiya illərdir ki, fəaliyyətdədir

Araşdırmaya görə, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti və ona tabe olan Əhaliyə Vətəndaşlıq Xidməti Tresti bu şəbəkənin əsas strukturlarıdır.

Trestin baş mühəndisi Sabir Həsənov məzarlıqlarda yerlərin satılmasını təkzib etsə də, reallıqlar başqadır. Bakı sakinləri bilirlər ki, ölü yiyəsinə qəbir yeri pulla satılır.

Bu biznesin başında isə sözügedən departament və trest dayanır. İddialara görə, yerlərin satışında gələn gəlir Bakı meri Hacıbala Abutalıbovla bölüşdürülür.

S.Həsənovun da qəbiristanlıqlarda yerlərin satışında iştirakı olduğunu iddia edən şəhər sakinlərinin sözlərinə görə, pulu olmayan ölüsü əlində qalmalıdır. Amma əksəriyyət qabaqcadan yerləri alıb.

Buna baxmayaraq, məzarlıqlar dolub, yer çatışmır, trestin dəllaları isə satmağa künc-bucaq da olsa tapırlar. Nəzərə almaq lazımdır ki, son illərdə əyalətlərdən Bakıya kütləvi axın olub və onlar burada məskunlaşıblar.

Araşdırmaya görə, Trestə 32 qəbiristanlıq daxildir. Hər məzarlıqda yer satışını nəzərə alsaq BŞİH-də böyük pulların dövr etdiyini söyləmək olar.

Paytaxtda yaşayanların çoxları qəbir yerlərindən asılı olaraq, neçəyə satılmasından xəbərdardır. Təbii ki, rəsmilər qəbir yerlərinin satılmasını etiraf etməsələr də, ölüsünü basdırmaq istəyən hər kəs qəbiristanlıqda açıq bazarla qarşılaşmalı olur.

Ən ucuz qəbir yerinin qiyməti 140, ən baha 7 min manatdır. Mərkəzdəki qəbiristanlıqlarda yerlər dolduğundan indi ölüsünü basdırmaq istəyənlər paytaxtdan kənara üz tutmaq məcburiyyətində qalırlar.

Badamdar qəbiristanlığında 800-2000 manat, Günəşli qəbiristanlığında bu məbləğ 600-1500 manat, Qaraçuxur qəbiristanlığında 200-1000 manat, “Qurd qapısı” qəbiristanlığında 2000-3000 manat civarında satılır.

Ən ucuz yer Hövsandadır. Burada 150-300 manata da yer almaq mümkündür. Xırdalan qəbiristanlığında isə 800-1500 manata məzar yerləri var.
Geri qayıt