Frenk Elkapone Nazim İbrahimovdan şikayət edib

Frenk Elkapone Nazim İbrahimovdan şikayət edib Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun “vurulması”nın səbəbi məlum olub
Nazim İbrahimovun işdən çıxarılmasının səbəbi onunla bağlı Prezident Administrasiyasına çoxsaylı şikayətlərin daxil olması olub.
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev mediaya verdiyi açıqlamasında da deyilənləri təsdiqləmişdi:
“Diasporla İş üzrə Dövlət Komitəsinin işindən narazılıqlar var idi, Komitənin sədri Nazim İbrahimov öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib. Təbii ki, bütün bunlardan Prezident İlham Əliyevin də məlumatı var. Buna görə də Prezident Nazim İbrahimovun işdən azad edilməsi barədə sərəncam verib”.
Ramiz Mehdiyev qeyd etmişdi ki, Nazim İbrahimovun rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də Orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib: “Düzdür, Komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb.
Nazim İbrahimovun sədrliyi dövründə xaricdə yaşayan azərbaycanlılarla bağlı konkret heç bir iş görülməyib. Buna görə də bu gün Avropada, ABŞ-da və digər ölkələrdə yaşayan bəzi azərbaycanlılar Azərbaycana, onun dövlətçiliyinə qarşı təxribat xarakterli çağırışlar edirlər. Heç ermənilər də bunu etmir. Düzdür, ermənilər öz daxilində bir-birilərinə qarşı narazlıq və ya etiraz edirlər. Lakin ermənilər öz dövlətinə qarşı xarici ölkələrdən çağırış etmirlər. Təbii ki, bu da Diasporla İş üzrə Dövlət Komitəsinin səriştəsiz fəaliyyətindən irəli gəlir”.
Nazim İbrahimov Ramiz Mehdiyevin məlum açıqlamasına cavab verərək bildirmişdi ki, maliyyə mənimsəməsi olması ilə bağlı deyilənlər əsassızdır: “Bizim işimiz göz qabağında olub. Hər zaman dövlətimizə, cənab Prezident İlham Əliyevə sədaqətli olmuşam. Təftiş etmək, yoxlama aparmaq dövlətin işidir. Dövlət nə qərar verəcəksə, o da olacaq”.
Daxil olan məlumata görə, Nazim İbrahimovun “qələminin qırılması” bu ilin fevralın 26-sında Hollandiyada keçirilən Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbirlərə təsadüf edib. Həmin zaman Amsterdamda Azərbaycanın ən böyük diaspor təşkilatlarından olan Avropa Azərbaycanlıları Konqresinin (növbədənkənar) VI Qurultayı da keçirilmişdi.
Həmin tədbirlərdə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin rəhbəri, prezidentin köməkçisi Əli Həsənov, “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, “Kaspi” qəzetininin təsisçisi Sona Vəliyeva, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimov və komitənin digər rəhbər şəxsləri, xalq şairi Sabir Rüstəmxanlı, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov, AAK -ın vitse-prezidenti, iş adamı Fizuli Məmmədov, eləcə də ölkə mediasının tanınmış simaları – APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı, Gündəlik Teleqraf Media Holdinqin rəhbəri Aynur Camalqızı, haqqın.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü Azər Həsrət, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, Yeni çağ” qəzeti və yenicag.az saytının baş redaktoru Aqil Ələsgər, Azərbaycan-Türkiyə Evinin İcraçı direktoru, Azərbaycan Diasporu İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili və digər jurnalistlər iştirak edib.
Məlumata görə, Azərbaycanlı milyonçu, “İnter Server” şirkətlər qrupunun prezidenti Füzuli Məmmədov (Frenk Elkapone) Hollandiyada keçirilən tədbirlərdən sonra Ramiz Mehdiyevə şikayət edərək bildirib ki, Niderlanddakı Xocalı soyqırımı tədbirinə dövlət tərəfindən ayrılan pul mənimsənilib. Nazim İbrahimov da onu məcbur edib ki, həmin tədbirin xərclərini çəksin. Bundan dərhal sonra Ramiz Mehdiyev tərəfindən iş adamının dedikləri araşdırılmağa başlanılıb. Və ortaya ciddi korrupsiya faktları çıxarılıb.
Məhz Ramiz Mehdiyevin bu işə birbaşa müdaxiləsi nəticəsində Nazim İbrahimov vəzifəsini itirməli olub. Məlumatda iddia olunur ki, hazırda xaricdə fəaliyyət göstərən bütün diaspor təşkilatları ilə bağlı araşdırmalar başlanılıb. Araşdırmaların sonunda Nazim İbrahimovun həbs ediləcəyi də istisna deyil.

Məlumatda bildirilir ki, Hollandıyada Azərbaycan diasporunun rəhbərlərindən birinə hər ay 63 min avro pul ayrılsa da ortada yalnız formal işlər görülübmüş…

tendensiya.com
Geri qayıt