Seçkidən sonra onlar da yola salınır... - SƏBƏB

Seçkidən sonra onlar da yola salınır... - SƏBƏB Avropada yaşayan mühacirlərin başlatdığı söyüş-təhqir kampaniyası Azərbaycanda böyük etirazlara səbəb oldu. Yalnız hakimiyyət təmsilçiləri deyil, bir çox tanınmış ictimai-siyasi xadimlər, xüsusilə redaktorlar, yazarlar da kampaniyaya etiraz edərək söyüş və təhqirin yolverilməz olduğunu bildirdilər, mövqe bildirdilər, tənqid etdilər.

Maraqlıdır ki, bu kampaniya dövründə hakimiyyətdə təmsil olunan, yaxud hakimiyyətin sayəsində mövqelər əldə edən, var-dövlət toplayan bir çox insanlar kənara çəkildilər. Onlar bütün prosesləri kənardan seyr etməklə kifayətləndilər. Hətta bəzilərinə mövqe almaq üçün müraciət etdikdə, jurnalistlərə “mən bu kampaniyaya qoşulmaq istəmirəm, məni də söyərlər” deyərək, dövlətə, dövlət rəhbərliyinə qarşı təhqirlərə susub.

Hamıya məlumdur ki, hakimiyyətin müxtəlif pillələrində təmsil olunan məmurların demək olar ki, hamısının övladları xaricdə təhsil alıb, əksəriyyəti də Avropa ölkələrində yaşayırlar. Atalarının burada əldə etdiyi var-dövlət hesabına onlar xaricdə lüks həyat tərzi keçirir, ən bahalı əyləncə məkanlarında, restoranlarda gəzirlər. Ara-sıra məşhur şəxslərlə fotolarını paylaşıb, özlərini reklam da edirlər. Hakimiyyətə qarşı kampaniya başlanandan bir məmur övladının Avropada ona qarşı fəaliyyətinin şahidi olmadıq. Sanki belə insanlar, ümumiyyətlə, Avropada yaşamırlar. Hamısı çəkilib kənarda durdu. Əvəzində yenə də müstəqil fikirli, hakimiyyətdən heç bir dvident əldə etməyən, Avropadakı səfirliklərimizin, Diaspora Komitəsinin heç bir tədbirinə çağırılmayan insanlar irəli duraraq etiraz səslərini ucaltdılar, kampaniyanı dayandırmağa çalışdılar.

Elə Azərbaycanda olan hakimiyyət təmsilçilərindən də irəli duranlar çox olmadı. Xüsusilə Milli Məclisdə təmsil olunan deputatlardan gözləntilər böyük olsa da, onların çoxu prosesə susmaqla “reaksiya verdi”. Hətta hakim YAP-ın siyahısı ilə deputat olan şəxslər də dillənib kampaniyaya qarşı etirazlarını bildirmədilər. İş o yerə çatdı ki, YAP icraçı katibinin müavini, deputat Siyavuş Novruzov onları hərəkətsizlikdə ittiham etdi: “Burada cəmiyyətimizin mövqeyi yekdil olmalıdır. Siz də mövqeyinizi qoyun ortaya, mövqeyinizi bildirin. Hamımız çəkilək bir tərəfə, bunun nəticəsi nə olacaq? Hər bir insan öz seçicisini təmsil edir. Bunlar seçicini təhqir edirlər. Biz nəyə göz yumuruq, niyə münasibətimizi bildirmirik? Azərbaycanın bir parçasıdır səfirliklərimiz. Səfirliklər təhqir olunursa, bu, həm də Azərbaycan dövlətinin və xalqının təhqir olunması deməkdir. Niyə susuruq? Burada baxıram, əgər tərif məclisi olsaydı, burada mənə növbə çatmayacaqdı. Amma Vətəni, dövləti müdafiə ilə bağlı söz demək məqamı gələndə hərə bir tərəfə çəkilir. Ona görə də hər kəs öz mövqeyini ortaya qoymalıdır!”

S.Novruzovun bu çıxışından sonra bir sıra deputatlar danışsalar da, qalanları yenə susmağa üstünlük veriblər. Spiker Oqtay Əsədov isə deputatları mövqelərini yalnız Milli Məclis tribunasından deyil, mətbuat vasitəsilə də bildirməyə çağırıb.

Göründüyü kimi, hakimiyyətə yönəlik hücumlara biganə yanaşanlar ciddi qınaq obyektinə çevrilməkdədirlər. Böyük ehtimalla, özləri və övladları susan məmurlarla bağlı da hakimiyyət daxilində ciddi təpkilər başlanacaq. Belə görünür ki, yaxın vaxtlarda danışmağa, etiraz etməyə, beləliklə də hücumları öz üzərlərinə çəkməyə cəsarət etməyən məmur və deputatlara adekvat münasibət göstəriləcək. Onların komandaya sədaqətsizliyi, öz komfortlarını üstün tutmasının cəzası da yüngül olmamalıdır. Bunun prezident seçkilərindən sonraya təsadüf edəcəyi daha realdır. Nəzərə almaq lazımdır ki, prezident seçkilərindən sonra hökumət bütünlüklə istefaya göndəriləcək. Yenidən formalaşdırılma zamanı hücumlara gözlənilən təpkini göstərməyən məmurların kənarda saxlanması ehtimalı böyükdür. Susan deputatların da malik olduqları çoxsaylı qeyri-rəsmi imtiyazlardan məhrum ediləcəkləri gözlənilir. Bu isə həm məmurlar, həm də deputatlar üçün böyük cəza deməkdir. Cəzadan yayınmaq istəyən bir çoxlarının seçkilərədək qalan müddətdə aktivləşəcəkləri, gec də olsa ortaya mövqe qoymağa çalışacaqları gözlənilir...
“Yeni Müsavat”
Geri qayıt