Samir Şərifovun ətrafında nələr baş verir? - Bayramov qardaşları da zəif düşürülür

Samir Şərifovun ətrafında nələr baş verir? - Bayramov qardaşları da zəif düşürülür Dünən maliyyə naziri Samir Şərifovun rəhbərliyi altında "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib.

Mia.az Banka istinadən bildirir ki, iclasa sədrlik edən maliyyə naziri Samir Şərifov bildirib ki, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanına uyğun olaraq, bankın sağlamlaşdırılması və restrukturizasiyası proqramı praktik olaraq başa çatıb.

Nazir bildirib ki, bankın 2017-ci il üzrə maliyyə nəticələri müsbətdir: "Şübhəsiz ki, bu müsbət nəticələrə dövlətin zəruri dəstəyi olmadan nail olmaq mümkün deyildi. ABB-nin uzunmüddətli maliyyə mövqeyinin bərpası və dayanıqlılığının təmin edilməsi, ölkə iqtisadiyyatını dəstəkləyən sağlam və güclü maliyyə institutuna çevrilməsi istiqamətində bir çox tədbirlər həyata keçirilib, bankın xarici kreditorlar qarşısında olan xarici valyutadakı borcunu dövlət öz üzərinə götürüb, bankın əmanətçilərinin, bankda xidmət olunan hüquqi şəxslərin və digər qeyri-rezidentlərin maraqlarını dövlət qoruyub. Bunun nəticəsidir ki, bankın kredit reytinqləri yüksəlməyə başlayıb”.

Yeni fəaliyyət mərhələsinə qədəm qoymuş bankın idarə edilməsində bəzi dəyişikliklərlə bağlı iclasda bir sıra qərarlar qəbul olunub, Müşahidə Şurasının tərkibi yenidən formalaşdırılıb.

Belə ki, Azərbaycan Respublikasının Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümov bankın Müşahidə Şurasının sədri, maliyyə nazirinin müavini Emin Hüseynov, iqtisadiyyat nazirinin müavini Sahil Babayev və Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Xalid Əhədov Müşahidə Şurasının yeni üzvləri təyin olunublar.

Bankın İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası isə bankın İdarə Heyəti sədrinin 1-ci müavini Abbas İbrahimova həvalə edilib.

Səhmdarların ümumi yığıncağında Azərbaycan Beynəlxalq Bankının kənar auditor tərəfindən aparılmış müvafiq audit hesabatı da təsdiqlənib. Eyni zamanda, bankın bir sıra törəmə təşkilatlarının bağlanması barədə qərar qəbul olunub.

Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının yeni sədri Şahmar Mövsümov 1972-ci ildə anadan olub. 1995-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq iqtisadi əlaqələr fakültəsini bitirib. 2004-cü ildə Harvard Universitetinin Con Kennedi adına Hökumət Məktəbində dövlət idarəçiliyi üzrə magistr dərəcəsi alıb. 1995-ci ildən Azərbaycan Respublikasının Mərkəzi Bankında müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2006-cı ilin mayından Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktorudur.

Müşahidə Şurasının yeni üzvü Emin Hüseynov 1974-cü ildə anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bitirib. 1998-ci ildə ABŞ-ın Florida Ştatı Universitetində İqtisad üzrə, 2009-cu ildə isə ABŞ-ın Harvard Kennedi Məktəbində Dövlət idarəçiliyi üzrə magistr dərəcəsi alıb. İqtisad üzrə fəlsəfə doktorudur. 1998-ci ildən etibarən Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı Daimi Nümayəndəliyində, Azərbaycan Respublikasının Mərkəzi Bankında, ADA Universitetində müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, 2016-cı ilin iyunundan Azərbaycan Respublikası Maliyyə nazirinin müavindir.

Müşahidə Şurasının yeni üzvü Sahil Babayev 1980-ci ildə anadan olub. 2002-ci ildə Bakı Dövlət Universitetini "Beynəlxalq hüquq və beynəlxlaq münasibətlər" ixtisası üzrə magistr dərəcəsi ilə bitirib. Hüquq üzrə fəlsəfə doktorudur. 1999-cu ildən başlayaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində, Azərbaycan Respublikası Milli Məclisində, İqtisadi İnkişaf Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2014-cü ilin martından Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavinidir.

Müşahidə Şurasının yeni üzvü Xalid Əhədov 1980-ci ildə anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini «Maliyyə və kredit» ixtisası üzrə magistr dərəcəsi ilə bitirib. 2011-2012-ci ildə Avropanın Instituto de Empresa (IE) biznes məktəbində (Madrid) MBA təhsili alıb. 1999-cu ildən müxtəlif kommersiya banklarında rəhbər vəzifələrdə çalışıb. 2016-cı ilin dekabrından son təyinata qədər "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri olub.

Mia.az xatırladır ki, dünənki iclasa qədər Bankın Müşahidə Şurası aşağıdakı tərkibdən ibarət olub:

Bayramov Azər Əziz oğlu, Müşahidə Şurasının sədri - Maliyyə nazirinin müavini

Rəhmanov Xalıq Qəhrəman oğlu, Müşahidə Şurasının üzvü - Maliyyə Nazirliyinin Hüquq şöbəsinin müdiri

İsrəfilov Müşfiq Mahir oğlu, Müşahidə Şurasının üzvü - Maliyyə Nazirliyində şöbə müdirinin müavini

Şahbazov Rüstəm Adıgözəl oğlu, Müşahidə Şurasının üzvü - Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini

Bayramova Səidə Zeynal qızı, Müşahidə Şurasının üzvü - "Moskva Mehmanxana” ASC-nin İdarə Heyətinin sədri

Göründüyü kimi, şuranın əvvəlki tərkibində nazir Samir Şərifovun 3 sadiq kadri təmsil olunub və bunların hər üçü də yeni tərkibdən uzaqlaşdırılıb. Bu azmış kimi, ABB-də ən çox pay sahibi olan dövləti təmsil edən Maliyyə Nazirliyinə bu dəfə yalnız bir nəfər yer ayrılıb. O da nazir Samir Şərifovun digər müavini Emin Hüseynovdur. Ancaq Emin Hüseynovun yuxarıda qeyd edilən tərcümüye-halından aydın görünür ki, o, Samir Şərifovun müavini olsa da, onun təsir dairəsində deyil. Özü də heç.

Digər yandan, nazirin yeni müavini Müşahidə Şurasında adi üzvlərdən biridir, yəni sədr deyil. Oysa ki, əvvəlki tərkibdə yer alan nazir müavini Azər Bayramov şuranın sədri olmaqla bankın idarə olunmasında əsas fiqrulardan biri olub. Bu məsələdə ona nazirliyin daha 2 nümayəndəsi də yardımçı olublar. Və bütün bunlar da Samir Şərifuvun ABB-də hər tərəfli ciddi söz sahibi olmasını şərtləndirib. Lakin budəfəki tərkibdə o "üçlük" daha yoxdur. Və dəqiq məlumat var ki, bugünkü iclas formal xarakter daşıyıb və onların hər üçünün də yola salınmasının, ümumiyyətlə, şuranın tərkibinin yenilənməsinin vacib səbəbləri var (Bu barədə yazımız olacaq-red.). Hələlik isə ortaya çıxan ən güclü ehtimal odur ki, bugünkü iclasın əsas səbəblərindən biri də Samir Şərifovun bu bank üzərində təsirini minimuma endirmək məqsədi daşıyıb. Baxmayaraq ki, "öz ipini kəsən" iclasa da elə özü rəhbərlik edib...Obrazlı desək, "alaq otunu ona öz əli ilə yoldururlar".

Qayıdaq mətləbə və bildirək ki, MŞ-ın əvvəlki sədri Azər Bayramov hələ Cahangir Hacıyevin dövründən bu bankda həmin vəzifəni tutub. Bu da ona dəlalət edir ki, o, Samir Şərifovun ən etibarlı adamıdır. Zatən bu, Maliyyə Nazirliyindəki davranışlarından da əla bilinir. Lakin bugünkü dəyişikliklərdən görünənlərdən biri də odur ki, ABB-nin ətrafında gedən proseslərə paralel olaraq Samir Şərifovun enişi eyni sürətlə davam edir...

Bundan başqa, o da iddia olunur ki, Samir Şərifovun birdən-birə şuradakı 3 təmsilçsinin "vurulması" da təsadüfi deyil və bunun çox ciddi səbəbləri var...

Mia.az-a verilən məlumata görə, Azər Bayramovun "vurulması" onun hazırda təhsil naziri vəzifəsini icra edən qardaşı Ceyhun Bayramovun prespektivinə də təsirsiz ötüşməyəck: "Bu fakt, həm də ona işıq salır ki, artıq Bayramov qardaşları əvvəlki kimi etibarlı və inanılan kadrlar deyillər".

Bu yerdə onu da xüsusi qeyd edək ki, MŞ-ın yeni tərkibində Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun müavini Rüstəm Şahbazovun da təmsil olunmaması maraqlı haldır. Qeyd edək ki, Şahbazov da Azər Bayramov kimi ABB-nin Müşahidə Şurasında uzun illərdir kök salanlardan idi...

Saytımıza verilən digər diqqətçəkən məlumatlardan biri isə bankın idarə heyəti sədrinin dəyişməsidir.

Bildirlir ki, Xalid Əhədovun İH sədrliyindən uzaqlaşdırılması səbəbsiz deyil. Lakin onun şura üzvü təyin edilməsi göstərir ki, o, hələ də ABB-yə lazımlıdır və kənarlaşdırılması şəxsi müstəvidən qaynaqlanmayıb...
Geri qayıt