Qarabağ əlili: “Bu 23 ildə dünya xəritəsi bir neçə dəfə dəyişsə də, R.Zeynalovun nə vəzifəsi, nə də iş üslubu dəyişməyib”

Qarabağ əlili: “Bu 23 ildə dünya xəritəsi bir neçə dəfə dəyişsə də, R.Zeynalovun nə vəzifəsi, nə də iş üslubu dəyişməyib” Son günlər ölkədə baş verənlər bir məsələni yenidən aktuallaşdırdı. Bildiyiniz kimi ölkə başçısı Prezident İlham Əliyev bütün müşavirələrində xalqa xidmətin vacibliyini vurğulayır. Dəfələrlə şahidlik etmişik ki, ölkə başçısı müşavirələrdə “Məmurlar xalqla adam kimi davranmalıdır”, “Vəzifəli şəxslər xalqın ayağına getməlidir”, “Mən harınların arxasında duranları cəzalandıracam”, “Xalqla kobud rəftar edən məmurlar ciddi cəzalanacaq” kimi fikirlər səsləndirib. Son günlər isə bu mənzərə daha aydın şəkildə göründü. Məsələn, Cəbrayılın icra başçısı Mahmud Quliyev vətəndaşı təhqir etdi və sübut etməyə çalışdı ki, “köpəyoğlu” sözü söyüş deyil. Yaxud Siyəzənin icra başçısı haqlı etirazını bildirən vətəndaşları ekstremist adlandırdı, adamların dərdlərini dinləmək əvəzinə, onları təxribat törətməkdə ittiham etdi. Lənkəranın icra başçısı isə əhalinin etirazını “bir qrup içkili adamın səs-küy salması” kimi təqdim etdi. Qarabağ Müharibəsi veteranı, məcburi köçkün və II qrup əlil Abbaslı Şamil Məhəmməd oğlu Azinforum.az-a ünvanladığı şikayətdə iddia edir ki, vətəndaşı təhqir edən məmurların sırasında DİN-in BDYPİ rəisi Ramiz Zeynalovun da adı var. Şikayətçi bildirir ki, 9 saylı MERO rəisi Tariyel Məmmədovun vəzifə səlahiyyətləri aşaraq ona yaratdığı problemlərdən şikayət etmək üçün zərərçəkmiş qismində BDYPİ rəisi ilə görüşmək üçün ona zəng edib. Ramiz Zeynalov veterana saat 5 üçün idarəyə gəlməsini və onun qəbul edəcəyini bildirib. Vətəndaş Şamil Abbaslı razılaşdırılan saatda orda olub və rəisə zəng vurub idarədə olduğunu bildirib:
” BDYPİ rəisi isə Vətən uğrunda sağlamlığını itirən mənim kimi vətəndaşa “Rədd ol burdan səni qəbul etmirəm” dedi. Həmin təhqiramiz münasibətdən sonra, mən mənəvi sarsıntı keçirərək ürək tutması diaqnozu ilə xəstəxanaya yerləşdirildim. Hazırda vəziyyətim stabil ağır olaraq qalır. Niyə bu adamlar ölkə başçısının hədələrindən qorxmurlar, niyə vətəndaşla lazımsız əşya kimi davranırlar, niyə bu harın məmurlar məsuliyyət hissini itiriblər?Axı bunlara bu ixtiyarı kim verib?
Ramiz Zeynalov DİN strukturlarında 1976-cı ildən – təxminən 40 il öncə işləməyə başlayıb. 1994-cü ilin avqust ayından isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir. Deməli, indiki vəzifəsində də 23 ildir oturub. Bu 23 ildə dünya xəritəsi bir neçə dəfə dəyişsə də, R.Zeynalov nə özü, nə vəzifəsi, nə də iş üslubu dəyişməyib. Onun rəhbərlik etdiyi qurumun necə çalışdığını oxucuya ayrıca izah etməyə lüzum görmürük. Görünən dağa bələdçi lazım deyil. Prezident İlham Əliyev hər zaman çıxışı zamanı icra başçılarını, məmurları sərt tənqid edib. Onları vətəndaş-məmur münasibətlərində diqqətli olmağa çağırıb. Sitat: “İnsanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür. Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir, yekəxanalıq etməməlidir. Hansısa qanunsuz tələb irəli sürməməlidir. Özünü təvazökar aparmalıdır. Özü və ailə üzvləri nümunə olmalıdır. Rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır. Məmur, bax, belə olmalıdır, dediyim kimi. Mən hər bir dövlət məmurunu ya icra başçısı, ya başqa vəzifəyə təyin edəndə göstəriş verirəm ki, get insanlara qulluq et, xidmət göstər, dövlətə xidmət et, təmiz işlə”. Ümid edirəm ki, cənab Prezident özü bu məsələyə müdaxilə edəcək və vətəndaşı incidən Ramiz Zeynalovun qanuna müvafiq qaydada cəzalandırılmasına göstəriş verəcək. Məsələ ilə bağlı Prezident İlham Əliyev cənablarına da müraciət ünvanlanlamışam”.

Azinforum
Geri qayıt