İcra hakimiyyətlərinə son xəbərdarlıq

İcra hakimiyyətlərinə son xəbərdarlıq Prezident yanında Apellyasiya Şurası mərkəzi və yerli icra hakimiyyətlərinin fəaliyyətini tənqid edib. Şuranin bildirdiyinə görə bəzi yerli icra hakimiyyətləri onlara müxtəlif səbəblərdən üz tutan sahibkarları, vətəndaşları dinləmədən əsassız qərarlar qəbul edir. Şuranın iddiasına görə ötən il mərkəzi və yerli icra hakimiyyətlərinin Apellyasiya şuralarının doqquz qərarı ləğv edilib, bir halda Şuranın hərəkətsizliyi qanunsuz sayılıb. Belə ki, Prezident yanında Apellyasiya Şurasına göndərilən şikayətlər, baxılan işlərin təhlili göstərir ki, sahibkarların hüquqlarının pozulması halları 2017-ci ildə xeyli azalsa da, hələ də tam aradan qaldırılmayıb.

Məlum olub ki, mərkəzi və yerli icra hakimiyyətləri müraciətlərə baxarkən sahibkarların özlərini dinləmədən, şikayətin bütün hallarını tam, hərtərəfli araşdırmadan, toplanmış sənədlərə düzgün hüquqi qiymət vermədən əsassız qərarlar qəbul edirlər. Hər halda bu rəsmi açıqlamalar nəticəsində bəyan olunan etiraflardır. Şuranın qənaətinə görə müraciətlərin düzgün araşdırılmaması nəticədə haqlı narazılıqlara səbəb olur ki, bu da sahibkarların fəaliyyətinə və iqtisadiyyatın ləngiməsinə təsir edir. Ona görə də bu məsələdə ciddi ölçü tədbirlərinə ehtiyac var.

Bu səbəbdən Prezident Yanında Apellyasiya Şurası yerli icra orqanlarına xüsusi təlimatlar verərək şikayətlərin vaxtında və obyektiv araşdırılması üçün zəruri tapşırıqlar verib. Ümumilikdə ekspertlər də hesab edir ki, çox hallarda vətəndaşların və sahibkarların şikayətlərinə dövlət orqanlarında hərtərəfli baxılmır, qanun pozuntuları, çatışmazlıqlar elə bir həddə çatıb ki, ölçü götürən yoxdur, bir sözlə, bu problem aradan qaldırılmır. Halbuki çox vaxt yerli icra hakimiyyətləri haqlı tərəf kimi çıxış edir və fəaliyyətində heç bir nöqsana yol vermədiyini iddia edir.

Qeyd edək ki, zaman-zaman Hesablama Palatası da yerli icra hakimiyyəti orqanlarının fəaliyyətində ciddi nöqsanların olduğunu vurğulayıb, həmin nüansları açıqlayıb və kəskin tənqid edib. Hətta korrupsiya faktlarının olduğuna da işarə edib. Amma nə yazıq ki, buna qarşı hökumət tərəfindən sərt addımlar atılmayıb və heç bir ölçü götürülməyib.

Məlumat üçün bildirək ki, Hesablama Palatası Masallı, Goranboy, Şirvan və digər rayon icra hakimiyyətlərinin fəaliyyətində ciddi nöqsanların, qanun pozuntularının olduğunu açıqlamışdı. Palata maliyyə hesabatlarındakı çatışmazlıqların aradan qaldırılması və vəsaitin düzgün xərclənməməsi istiqamətində yerli icra orqanlarının verdiyi yalnışlıqları ortaya çıxararaq onların işini sərt tənqid edib.

Aidiyyatı üzrə dəfələrlə onların fəaliyyətini yoxlayıb. Eyni zamanda, bir sıra hallarda tələbatdan artıq malların və inventarların alınması, avadanlıqların istismara verilməyərək istifadəsiz qalması, iş və xidmətlərin dəyərinin və həcminin artıq müəyyən edilməsi nəticəsində səmərəsiz xərclərə yol verildiyi də nəzarət tədbirlərində rast gəlinib. Artıq iş o yerə çatıb ki, cavabdeh qurumlar yerli icra strukturlarına sərt və açıq şəkildə ciddi xəbərdarlıqlar edir. Ekspertlərin qənaətinə görə əslində bunlar son xəbərdarlıqlardır ki, sonrakı mərhələdə real addımların atılacağı gözlənilir. Görünən isə o olacaq ki, atılan addımların haqlı qurbanlarına fəaliyyətində barışmaz nöqsanları ilə tanınan məhz yerli icra hakimiyyətləri çevriləcək.

Cebhe.info
Geri qayıt