Kreml Abel Məhərrəmovu təhsil naziri postuna hazırlayır - Sensasion proje

Kreml Abel Məhərrəmovu təhsil naziri postuna hazırlayır - Sensasion proje Yeni təhsil nazirinin kim təyin olunacağı barədə cəmiyyətdə qızğın müzakirələr artıq sönməkdə və səngiməkdədir.
Mikayıl Cabbarovun vergilər naziri postuna gətirilməsindən sonra onun TN-dəki yerinə kimin gələcəyi olduqca maraqla və entuziazmla gözlənilir.
Lakin qəfildən mətbuatda bu müzakirələrə ara verildi. Səbəbi isə yeni təyinatın gecikməsidir. Yəni, cəmiyyət versiyaların səslənməsindən yoruldu.
Yeni nazirin kimlər olacağı arasında Qənirə Paşayeva, Yusif Məmmədəliyev, Ceyhun Bayramov, Elmar Qasımovun adları çəkilirdi.
Amma bu namizədlərin heç biri təsdiqlənmədi və sosial şəbəkələrdə, mediada söhbətlərə fasilə verildi, gündəmdən çıxdı.
Cəmiyyətdə müzakirələr səngisə də, iqtidar daxilində yeni nazir uğrunda çarpışmalar davam edir.
İki siyasi qruplaşma arasında Təhsil Nazirliyinin ələ keçirilməsi üçün amansız gizli rəqabət getdiyi söylənir.
Vəziyyətin dramatikləşdiyini dərk edən i Naxçıvan klanı təhsil naziri vəzifəsinə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun namizədliyini irəli sürməyə can atır.
BDU rektorunun təhsil naziri olmasında hakimiyyətdəki köhnə qvardiya üzvlərinin maraqlı olduğu bildirilir.
Ənənəvi komanda A.Məhərrəmovun Misir Mərdanov dövrünün sistemini saxlayacağına ümid edir.
Eyni zamanda iqtidardakı “5-ci kolon” qanadının da yeni təhsil nazirinin köhnə klandan seçilməsi arzusu var.
Hətta bəzi iddialara görə, Kremlin siyasi kulislərində A.Məhərrəmovun təhsil naziri kimi namizədliyi irəli sürülüb.
Çünki əks təqdirdə Qərb təhsili almış və Bakı qruplaşmasına yaxın bir kadr təhsil naziri təyin olunacaq.
Bəzi iddialara görə, A.Məhərrəmov Rusiya ilə yüksək əlaqələrə malikdir. Təsadüfi deyil ki, BDU rektoru Rusiya Elmlər Akademiyasının həqiqi üzvüdür.
Hətta bir vaxtlar onun vəzifəsindən çıxarılması təhlükəsi olub. A.Məhərrəmovun postuna gənc kadr irəli sürülüb.
Amma Rusiyada mötəbər şəxslər və Lomonosov adına Moskva Dövlət Universitetinin nüfuzlu elm adamları Azərbaycan hakimiyyətinə ağız açıblar.
Onların hesabına rektorluqda saxlanan A.Məhərrəmovun indi də təhsil naziri olması üçün çırmanan qüvvələr var.
Moskvaya tez-tez səfərlər edən BDU rektorunun təhsil naziri təyin olunacağı şansı o qədər də yüksək qiymətləndirilmir.
Bakı qruplaşmasının M.Cabbarovun yerini əsla Naxçıvan klanına təzədən həvalə edəcəyi inandırıcı görünmür.
Əksinə, təhsildə islahatlar edən reformist bir gənc nazirə ehtiyac var. Ola bilsin ki, Yusif Məmmədəliyevin təhsil naziri kimi sərəncamı hazırdır.
Sadəcə, media qabaqcadan məlumat yaydı deyə iqtidar tələsməməyə üstünlük verir. Bununla belə, A.Məhərrəmovun nazirliyə gedən yolunda buzları əridən, dağları yaran dairələr ciddi cəhdlə çalışırlar.
BDU rektorunun heç də müsbət reputasiyası yoxdur. Onun adı saxta diplom işindən tutmuş müxtəlif xoşagəlməz qalmaqallara qədər hallanıb.
Məsələn, bu yaxınlarda Abel Məhərəmovun və deputatı Pərvin Kərimzadənin imzası ilə yanaşı bir çox tanınmış şəxslərin adları qeyd edilən saxta sənətlər ortaya çıxıb.
Belə bir reputasiyaya malik rektorun nazir kimi namizədliyinin Moskva kluarlarında dəstəklənməsinin bir məqsədi var - Azərbaycan təhsilində inkişafı, islahatı tormozlamaq.
Abel Məhərrəmov tarixdə yeganə rektordur ki, tələbəni məhkəməyə verib. Hətta adı tez-tez rüşvətdə çəkilən özəl təhsil ocaqlarının rektorları belə tələbəni məhkəməyə verməyib.
Hətta bir müddət əvvəl rektorun adı icra başçılarına diplom satmaqda keçirdi. Bu arxayınlıq həm də rektorun hakimiyyətdə güclü himayəçilərinin olması və qardaşlarının vəzifələrdə yerləşməsidir.
Adil Məmmədəli oğlu Məhərrəmov - A.Məhərrəmovdan yaşca kiçik olsa da tutduğu vəzifə olduqda böyükdür.
O, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavinidir. BDU rektorunun digər qardaşı Rauf Məhərrəmov ondan nə az,nə çox 20 yaş kiçikdir.
İndiyədək Prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləyib, o cümlədən rayon prokurorluğunda müstəntiq olub.
Baş Prokurorluqda idarə prokuroru, idarə rəisinin müavini olub. Rauf Məhərrəmov 2005-ci ildən Ədliyyə Nazirliyinin Kadrlar idarəsinin rəisidir.
Abel Məhərrəmovun digər qardaşı Məhərrəm Məhərrəmovdur. Məhərrəm Məhərrəmov Prezident Administrasiyasının Həmkarlar İttifaqı Komitəsinin sədridir.
Bütün bu faktorlar kifayət edir ki, rektorun siyasi qanadlarının hara qədər açıldığını görmək mümkün olsun.
Bu halda onu təhsil naziri postunda görmək istəyən dairələrin A.Məhərrəmovun BDU-dakı əməllərinin respublika miqyasında genişlənməsi hədəfi var.
Bir sözlə A.Məhərrəmovun rektorluğu dönəmində ölkəyə nüfuzlu elm adamları, siyasi xadimlər, tanınmış şəxsiyyətlər yetişdirmiş BDU rüşvətlə, tələbələri təhdid edən dekanlarla, alt qrupa imtahana görə pul istənilməsi ilə, icra başçılarına, vəzifəli şəxslərə diplom satmaqla, Məhəmməd İmanlının həbsi ilə gündəmdə olub.
A.Məhərrəmovun qurduğu sistem artıq “Təfəkkür”, “Kooperasiya”, ABU kimi bazara çevrilmiş universitetlərdən fərqlənmir.
Belə bir bioqrafiya sahibinin təhsil naziri postunda fəaliyyəti dövründə nələr edəcəyini təsəvvür etmək olmur.

Anaxeber.Az
Geri qayıt