Böyük Britaniya vətəndaşı CBC telekanalına rəhbər gətirilir – SENSASION QƏRARIN PƏRDƏARXASI...

Böyük Britaniya vətəndaşı CBC telekanalına rəhbər gətirilir – SENSASION QƏRARIN PƏRDƏARXASI... Dünən informasiya portallarında fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış telejurnalist Mir Şahin Ağayevin CBC TV-yə (“Caspian Broadcasting Company”) rəhbər vəzifəyə gətiriləcəyi haqda xəbər yayıldı.
Məlumata görə, təsisçilər tərəfindən Mir Şahin Ağayevə belə bir təklif irəli sürülüb, ancaq o, hələlik müsbət bir cavab verməyib.
Məlumata görə, CBC TV rəhbərliyi Mir Şahin Ağayevin adıçəkilən telekanala rəhbər gətirilməsində israrlıdır.
“Hazırda CBC TV rəhbrəliyi ilə Mir Şahin Ağayev arasında danışıqlar gedir” – deyə sayt yazır.
Ölkə.az-ın əməkdaşı məsələ ilə bağlı Mir Şahin Ağayevin özü ilə telefon əlaqəsi saxlasa da, o, bu barədə danışmaq istəməyib.
Qeyd edək ki, mövzu ilə bağlı “Hürriyyət”in araşdırması isə tamamilə fərqli faktları ortaya çıxarıb. Belə ki, etibarlı mənbədən əldə etdiyimiz məlumata əsasən, sözügedən telekanala Mir Şahin Ağayevin deyil, Böyük Britaniya vətəndaşı olan Xəlilov Vüqar Nəriman oğlunun rəhbər gətirilməsi artıq razılaşdırılıb.
Məlumat üçün bildirək ki, Vüqar Xəlilov 11 iyul 1969-cu ildə Bakı şəhərində anadan olub, Azərbaycan Respublikası və Böyük Britaniya vətəndaşıdır. O, 1986-1994-cü illərdə Moskva Dövlət Tibb Universitetində, 2015-2017-cı illərdə Moskva Dövlət Universitetində iqtisadiyyat ixtisası üzrə təhsil alıb, 90-cı illərin əvvəllərində “Azadlıq” radiosunda müxbir, 1998-2009-cu illərdə BBC şirkətinin Moskva bürosu üzrə müxbiri, sonradan Rusiya bürosunun prodüseri və aparıcısı olub. 2009-2010-cu illərdə Qırğızıstanın paytaxtı Bişkek şəhərində fəaliyyət göstərən “Flexi Comminications” şirkətinin, 2011 - 2014-cü illərdə Bakı şəhərində fəaliyyət göstərən “Caspian Links” şirkətinin rəhbəri olub. 2014-2015-ci illərdə “Новости-Азербайджан”, 2015-2016-cı illərdə isə “Sputnik-Azərbaycan” informasiya agentliklərinin baş direktoru vəzifələrində çalışıb.
Əldə etdiyimiz məlumata əsasən, V.Xəlilov son illər Rusiyanın РБК agentliyi ilə də əməkdaşlıq edib. Bu ərəfədə “Vüqar1969” MMC təsis edib. Onun hazırda Azərbaycanda fəaliyyət göstərən qalmaqallı “Nobel Oil” şirkətində də çalışdığı vurğulanır.
Bütün bunlarla yanaşı, daha bir vacib məqamı da diqqətinizə çatdıraq ki, Vüqar Xəlilovun qardaşı Azər Xəlilov CBC və ATV televiziya kanallarının direktorudur. Mənbəmiz deyir ki, onun digər qardaşı Elçin Xəlilov da Böyük Britaniya vətəndaşıdır və BBC şirkətində çalışır. Həyat yoldaşı Balaxanova İlya Çinqizovna (Балаханова Иля Чингизовна) Moskva Dövlət Universitetinin filologiya fakültəsini bitirib, 1989-1996-cı illərdə “Azadlıq” radiosunda müxbir, eləcə də Rusiyanın НТВ kanalında şef-redaktor işləyib. 1996-cı ildən müxtəlif şirkətlərdə PR mütəxəsis kimi fəaliyyət göstərib və hazırda Rusiyada fəaliyyət göstərən “İctimaiyyətlə Əlaqə üzrə Rusiya Birliyi”nin (РАСО) üzvüdür.
Mənbə onu da vurğuladı ki, 2005-ci ildə Qırğızıstanda baş verən inqilabdan sonra hakimiyyətə gələn Kurmanbek Bakiyev həmin vaxt Yevqeniy Qureviç adlı şəxsə geniş səlahiyyətlər verib. Hansı ki, Y.Qureviç Qırğızıstan vasitəsi ilə Rusiya dövlətinin “çirkli” pullarının yuyulmasında, Avropa dövlətlərinin siyasi xadimlərinin (əsasən İtaliyanın baş naziri olan Silvio Berluskoninin – müəl.) maliyyələşdirilməsində iştirak edib. Deyə bilərsiniz ki, Kurmanbek Bakiyev və Yevqeniy Qureviçin bu məsələyə nə dəxli var? Amma, əldə olunan informasiyalara görə, milyardlarla dollarla ölçülən digər qeyri-qanuni fəaliyyət növləri ilə də məşğul olan Yevqeniy Qureviçin qeyd olunan dövrdə Vüqar Xəlilovla çox yaxın əlaqəsi olub. Bu baxımdan, istisna olunmur ki, həmin vaxt Vüqar Xəlilov “çirkli pullar”ın yuyulması prosesində “baş rol” oyunçularından biri olub.
Təsadüfi deyil ki, 2010-cu ilin aprelində Qırğızıstanda baş verən inqilab nəticəsində Kurmanbek Bakiyev Belarus Respublikasına qaçdıqdan az sonra – aprelin 13-də Vuqar Xəlilov Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən həbs edilib. Bəzi bilgilərə əsasən, bu zaman onun dindirilməsində ABŞ Federal Təhlükəsizlik Bürosu da iştirak edib və V.Xəlilov ifadəsində bir çox etiraflarda bulunub. Bundan sonra onun barəsində həbs qərarı verilib və o, 5 ay Qırğızıstanın Dövlət Təhlükəsizlik Komitəsində saxlanıldıqdan sonra azadlığa buraxılıb.
Bütün bunlardan sonra istər-istəməz bir məsələ diqqətimizi cəlb edir: bu qədər qaranlıq keçmişi və uzun müddət Rusiyaya bağlı KİV-lərə rəhbərlik etməsi, yəni dolayısı ilə Kremlə bağlantısı olduğu nəzərə alınmadan, həssas bir dönəmdə - prezident seçkiləri ərəfəsində Vüqar Xəlilovun çox önəmli bir vəzifəyə - CBC telekanalına rəhbər gətirilməsinin arxasında hansı maraqlar dayanır?...

Hurriyyet.org

P.S. Mövzu ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin mövqeyini də öyrənməyə çalışacağıq.
Geri qayıt