DTX-nın iki uğurlu əməliyyatı – qarşısı alınan terror, “Molotov kokteyli”...

DTX-nın iki uğurlu əməliyyatı – qarşısı alınan terror, “Molotov kokteyli”... Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşlarının oktyabrın 25-də gecə saatlarında Bakının Qaradağ rayonunda terror aktları həyata keçirməyi planlaşdıran şəxslərlə bağlı keçirdiyi əməliyyat gündəmin aktual mövzusuna çevrilib. DTX-nin əməliyyatla bağlı yaydığı rəsmi açıqlamada deyilir:

“Müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən dini ekstremist terror təşkilatının tabeçiliyini qəbul etmiş bir qrup şəxs Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsində ”Abdullah" ləqəbli Azərbaycan Respublikasının vətəndaşı Ələkbərov Bəxtiyar Məmmədsadıq oğlunun yaşadığı evdə toplaşaraq sonuncunu qeyd olunan cinayətkar birliyin tərkibində özlərindən ibarət dəstənin “əmir”i seçmişlər.

Həmin şəxslər ardıcıl terror aktları törətmək məqsədi ilə əldə etdikləri maddə və ləvazimatlarla kustar üsulla partlayıcı-yandırıcı predmetlər hazırlamış, 2017-ci il oktyabr 22-də Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində seçdikləri məkanda sınaqdan keçirmişlər. Əməliyyat-texniki yolla ətraflı qeydə alınmış həmin şəxslərin görüşlərində onlar ölkədə sabitliyi və təhlükəsizliyi pozmaq, ictimai-siyasi qarışıqlıq yaratmaq məqsədilə 2017-ci il oktyabrın 28-də Bakı şəhərində keçiriləcək mitinqdə terror aktı törətmək barədə razılığa gəlmişlər.

Əməliyyat zamanı cinayətkar dəstənin üzvləri Azərbaycan Respublikasının vətəndaşları Ələkbərov Bəxtiyar Məmmədsadıq oğlu, “Əbu-Yunis” ləqəbli Məsimli Anar Mehman oğlu, “Əbu-Vakkaz” ləqəbli Hüseynli Cavid Hüseyn oğlu odlu silahlardan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən xüsusi əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla məhv edilmişlər".

“Dövlət Təhlükəsizlik Xidmətinin dini ekstremistlərə qarşı keçirdiyi əməliyyat həmin qrupları hansısa formada maliyyələşdirən dairələri ayıltmalıdır”. APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. M. Qurbanlının fikrincə, həmin dairələr başa düşməlidir ki, hüquq-mühafizə orqanları Azərbaycanda vətəndaşların, dövlətin təhlükəsizliyi üçün, ictimai-siyasi sabitliyin qorunması üçün hər zaman hazırdır: “Bu cür bəd əməllərin qarşısını almaqda qətiyyətini heç zaman əskik etməyəcək. O şəxslər ki, Azərbaycanda terror törətmək, dini radikal qruplara qoşularaq onun vasitəsilə Azərbaycanda ictimai-siyasi sabitliyə xələl gətirmək istəyir, onlara qarşı qətiyyətli olmalıyıq. Onları ictimai qınağa çəkməliyik və cəmiyyət qarşısında ifşa etməliyik”.

Təhlükəsizlik ekspertləri DTX-nin bu əməliyyatını müsbət dəyərləndirir, Azərbaycana qarşı ən böyük təhlükələrdən birinin qarşısının alındığını qeyd etməklə yanaşı, ayıq-sayıq olmağın vacibliyindən söz açırlar. Xüsusilə Milli Şuranın 28 oktyabrda keçirəcəyi mitinqdə terror aktının planlaşdırılmasının çox ciddi mətləblərdən xəbər verdiyi qeyd olunur.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, deputat Zahid Oruc bu əməliyyata öncəliklə Azərbaycan xalqının etibarını bərpa edən bir qurumun peşəkar fəaliyyəti kimi yanaşır: “Söhbət Eldar Mahmudovun fəaliyyətinin sonucunda xalqımızın qəzəb və nifrət strukturuna çevrilmiş bir qurumdan gedir. Azərbaycan dövləti və xalqımızı qorumaq əvəzinə əks fəaliyyət göstərmələri, talançılıq və qəddarlığa yol vermələri çox ağır hadisə idi. O fəaliyyət terror qrupları üçün də bir zəmin hazırlayırdı. Amma indi Dövlət Təhlükəsizlik Xidməti xalqımızın inamını, etibarını özünə qaytarmaqdadır. Hər hansı bir təhlükəni yerindəcə önləyə bilirlər. Əvvəllər ”Sadval" və digər qrupların əli ilə ölkənin konstitusion quruluşunun əleyhinə fəaliyyət var. Amma indi o şəxslərdən danışırıq ki, real ləqəbləri var, “əmir” rütbəsi ilə dini pilləkəndə yer tuturlar. Çox təəssüf ki, dini ekstremizmə yuvarlananlar daha çox etiqatlı kəsimdən olurlar. Bu çox narahatedici bir məsələdir. Sülh, əmin-amanlığı və digər bu kimi müsbət amilləri təbliğ edən din əks istiqamətə insanları yuvarlayır. 2011-ci ildən sonra qara bayraqlarını qaldıraraq xilafət qurmağa çalışan, müxtəlif ölkələr tərəfindən hərbi və maliyyə yardımı alan İŞİD təhlükəsi təkcə bir regionun, dövlətin həyatını iflic etmir. İndi onların baş qərargahlarının dağıdılması və ciddi zərbələr almasından sonra talelərinin necə olacağı hər kəsi düşündürür. Azərbaycandan müxtəlif məqsədlərlə ora gedənlər olub ki, hörmətli Mədət Quliyev bunu açıq şəkildə bəyan edib. Onların içərisindən 200-ə yaxını vətəndaşlıqdan məhrum edilib. 80-dən artığı həbs olunub. Belə məlumatlar var ki, 300-dən çoxu da orada öldürülüb. 900 nəfərin üstündən bunları çıxanda 300-400 nəfərin taleyinin bizə məlum olmadığı üzə çıxır. Bunlar müxtəlif yollarla ölkəyə dönüş imkanları əldə edirlər. Hamıya da məlumdur ki, terrorçu düşüncəsində oldunsa, o həlqədən çıxa bilmirsən. Mütləq növbəti tapşırıqlar gələcək və sən də yeni-yeni faciələr törədəcəksən. Əvvəllər terrorçular özləri ölkədən getmək istəyirdirlər, amma indi əks proses başlayıb. Son əməliyyatda qətlə yetirilən üç nəfər çox güman geri dönənlərdir".

Z.Oruc mitinq zamanı terror aktının planlaşdırılmasına da toxundu: “Görünən odur ki, əsas hədəf çox insanların toplaşacağı yerlər olub. Hakimiyyət əleyhinə olmasından, siyasi rəngindən asılı olmayaraq, həmin şəxslər daha çox insanı məhv etmək planı hazırlayıblar. Bu məsələdə siyasi terror düşüncəsi olub. Məhz bundan ötrü terrorçuları o mitinqə yönəldiblər. Bu ilin yanvarında həyata keçirilən əməliyyatda dövlət binalarının, parlament binasının hədəfdə olduğu üzə çıxmışdı. Əgər hakimiyyət əleyhinə olanlara qarşı bu plan yönəldilirsə, onlar öldürülərsə, təbii ki, bu siyasi rəng almalıdır. Nəticədə bu müxtəlif qüvvələr tərəfindən iqtidar əleyhinə amansız savaşla nəticələnir. Bu da mübarizənin davamlı olmasına şərait yaradır. O meydana toplaşanlar və toplanacaq insanlar bir çox hallarda özlərini İŞİD-in nümayəndələri kimi aparırlar. Əli Kərimlinin xitab etdiyi ifadələr, baxışlar sistemi, tədbirlərində ön cəbhəni tutan dindarlar onu az qala Əl-Bağdadiyə çevirib. Təsəvvür edin ki, terror ssenaristləri öz məqsədlərinə nail olardılar. Bu zaman anti-hakimiyyət təbliğatının necə aparılacağını, digər ölkələrdən gələcək dəstəyi təsəvvür etmək o qədər də çətin deyil. Məni dəhşətə gətirən odur ki, sosial şəbəkələrdə bu hadisə ilə bağlı verilmiş təfərrüatlı məlumat üzərindən gedərək, onu tapdalayaraq başladılan müzakirələrdir. Guya bunlar yüz minlərlədir, hakimiyyət bunların qarşısını almaq üçün bu cür xəbərlər ortalığa atır. Onlar yetər ki, insanlar ölsə də, hakimiyyətə nifrət yaransın. Bu, çox acınacaqlı durumdur. Belə məsələlərdə iqtidar-müxalifətin ortaq mövqeyi olmalıdır. Təhlükəsizlik məsələsində ikili mövqe tutmağın nə adı ola bilər? Bu məmləkətdə əmin-amanlıq hamının xeyrinədir. Qatar reysdən çıxanda hamını ağuşuna alır. Orada varlı və ya kasıba, ateist və ya dindara baxmır. Təhlükəsizlik orqanlarına təşəkkür etməkdənsə, hadisəni bu cür dəyərləndirmək çox yanlışdır. Bu şəxsləri gərək hadisə yerinə aparasan, araşdırmalarla tanış edəsən ki, gözləri ilə onları gözləyən təhlükəni görsünlər. Yalnız bundan sonra bəlkə inanarlar. Terrorçuların sağ ələ keçirilməsi və çox informasiya almaq məsələsi doğrudan da belədir. Lakin belə şəxslər çox qorxaq olurlar, digər tərəfdən də təhlükəlidirlər. Müqavimət göstərməyə hər an hazırdırlar. Əməliyyat gedişatdan asılı aparılır. Yanvar ayındakı əməliyyatda iki nəfər sağ ələ keçirilmişdi. Etiraf edək ki, terrora qarşı mübarizədə cəmiyyət olaraq qəti addımlar atmırıq. Bir qonşumuz gedirsə, iki balası-Abdulla və Xədicəni aparırsa, bunu bildiyimiz halda rəsmi orqana bu barədə məlumat vermirik”.

musavat.com
Geri qayıt