Vitse-admiralla prokuror arasında “dəniz döyüşü”: - “Belə çıxır ki, həftəyə 1 səhifə oxuyub?...”

Vitse-admiralla prokuror arasında “dəniz döyüşü”: - “Belə çıxır ki, həftəyə 1 səhifə oxuyub?...” Azərbaycan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı, vitse-admiral Şahin Sultanovun barəsində çıxarılmış məhkəmə hökmü (azadlıqdan şərti məhrumetmə) ilə razılaşmayaraq bəraət barədə iddia qaldırması onunla Hərbi Prokurorluğun müstəntiqləri arasında “dəniz döyüşünü” yenidən qızışdırıb.
Belə ki, vitse-admiralın məhkəmənin onu dəniz qüvvələrində hansısa “yeyintilərdə” təqsirləndirib barəsində azadlıqdan şərti məhrumetmə cəzası çıxarmasına etiraz etməsindən və günahsız olduğuna görə ona tam bəraət verilməsinə dair yeni iddia qaldırmasından sonra bu dəfə Hərbi Prokurorluq məhkəmə hökmündən protest verib. Özü də qanunvericilikdə nəzərdə tutulmuş müddətdən 4 ay gecikmə ilə. Hərbi prokurorlar hesab edirlər ki, məhkəmənin vitse-admiral barədə çıxardığı hökm “yumşaqdır” və onun iri məbləğdə mənimsəmələrə yol verdiyi “sübut olunduğundan” şərti cəza yox, həbs cəzası verilməliydi.
Və hazırda həmin protest üzrə admiralın işinə yenidən baxılır. Növbəti məhkəmə iclası oktyabrın 26-na təyin edilib. Şahin Sultanovun vəkili Telman Abdıyev virtualaz.org-a açıqlamasında bildirib ki, müdafiə tərəfi Bakı Hərbi Məhkəməsinin bu il martın 17-də çıxardığı hökmün ədalətsiz olduğunu hesab edərək aprelin 5-də apelyasiya şikayəti vermişdi. Apellyasiya şikayətinin verilməsinin vaxtı isə aprelin 6-da bitmişdi. Azərbaycan qanunvericiliyinə əsasən müddətin bitməsindən sonrakı 10 gün ərzində məhkəmə sənədləri Apellyasiya məhkəməsinə təqdim etməliydi.
“Lakin tamamilə əsassız olaraq Bakı Hərbi Məhkəməsi sənədləri 4 ay ərzində qəsdən özündə ləngitdi. Yalnız bizim tərəfimizdən Məhkəmə-Hüquq Şurasına şikayət ediləndən sonra sənədlər Bakı Apellyasiya Məhkəməsinə göndərildi. Və sənədlər Apellyasiya məhkəməsinə daxil olandan sonra Hərbi Prokurorluq heç bir hüquqi əsas olmadan Bakı Hərbi Məhkəməsinə hökmdən apelyasiya vermək hüququnun bərpası ilə bağlı vəsadət qaldırdı”-vəkil bildirir.
Telman Abdıyev xatırladır ki, Azərbaycan qanunvericiliyinə əsasən apellyasiya şikayətinin verilməsinin gecikdirilməsi ancaq aşağıdakı hallarda üzrlü hesab edilə bilər: dövlət ittihamçılarının vəfat etməsi, xəbərsiz itkin düşməsi, uzun sürən ağır xəstəliyə tutulması, protesti verməkdən qəsdən yayınması və ya imtina etməsi, habelə mövqe ilə razılaşmaması.
“Lakin ortada bu üzrlü səbəblərdən heç biri olmadığı halda Bakı Hərbi Məhkəməsi Hərbi Prokurorluğun hökmdən protest vermək hüququnu bərpa etdi”-vəkil əlavə edir.
Maraqlıdır ki, məhkəmə Hərbi Prokurorluğun protest vermək hüququnun bərpasını əsaslandırmaq üçün “üzrlü səbəb” kimi “hökmün həcminin həddən artıq böyük olmasını” göstərib. Hansı ki, hökm cəmi 26 səhifədən ibarətdir və bu, orta məktəbin 4-cü sinfində oxuyan ortabab şagirdin uzağı iki günə oxuyub başa çatdıracağı həcmdə mətndir. (Əlbətdə, həmin mətn qədim Mixi əlifbası ilə yazılmayıbsa-red.) Admiralın işi üzrə dövlət ittihamçısı qismində çıxış edən hər üç prokurorun isə ali təhsili var, onlar kifayət qədər təcrübəlidir və 2 il 2 ay ərzində Şahin Sultanovun işi üzrə məhkəmədə iştirak ediblər. Yəni iş üzrə tam məlumatlı adamlardır.
“Belə çıxır ki, prokuror hökmün cəmi 26 səhifəlik əsaslandırma hissəsini 20 günə oxuyub başa çatdıra bilməyib və bunun üçün ona düz 140 gün vaxt lazım gəlib. Yəni prokuror orta hesabla bir səhifəlik mətni bir həftəyə oxuyub?”-Telman Abdıyev sual edir.
Vəkil deyir ki, Bakı Hərbi Məhkəməsinin Hərbi Prokurorluğun hökmdən protest vermə hüququnu bu cür əsassız şəkildə bərpa etməsi qanunlara qarşı açıq-aşkar hörmətsizlikdir: “Digər tərəfdən prokurorluğun apelyasiya protesti qurama ittihamlara əsaslanır. Dövlət ittihamçıları Şahin Sultanovun barəsində əvvəlki qurama ittiham aktını olduğu kimi köçürərək apelyasiya protestinə əlavə edib”.
Qeyd edək ki, Şahin Sultanovun Hərbi Dəniz Qüvvələrində iri məbləğdə mənimsəmələrdə ittiham edilməsi ancaq Hərbi Prokurorluğun müstəntiqlərinin hazırladıqları arayışlara əsaslanırdı. Əvvəlcə Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzi prokurorluğun arayışlarını eynilə təsdiq edərək mənimsəmələrə yol verildiyinə dair rəy təqdim edib. Lakin müdafiə tərəfinin qaldırdığı vəsadət əsasında Məhkəmə-Ekspertiza Mərkəzi təkrar ekspertiza keçirib və 2016-cı il, oktyabrın 20-də məhkəməyə təqdim etdiyi yeni rəydə göstərib ki, dövlətə ziyan vurulması təsdiq olunmur. Vəkil deyir ki, məhkəmə bu rəyi nəzərə almadan admiralın günahkar elan edilməsi və şərti cəzaya məhkum olunması haqda qərar çıxardı.
“Şahin Sultanov Azərbaycanın vitse-admiral rütbəsi daşıyan iki hərbi xadimindən biridir. Onun Hərbi Dəniz Qüvvələrinə komandanlıq etdiyi dövrdə heç bir korrupsiya, mənimsəmə əməllərinə yol vermədiyini məhkəmədə ortaya çıxan həqiqətlər də sübut edib. Şahin Sultanov Ali baş komandana, vətənə, millətə həmişə sadiq olub, Azərbaycanın Xəzərdəki maraqlarının müdafiəsi üçün peşəkar dənizçi kimi böyük xidmətlər göstərib. Və haqlı olaraq hesab edir ki, məhkəmənin heç bir dəlil olmadığı halda ancaq prokurorluğun qurama ittihamına əsaslanıb hökm çıxarması qanunsuzdur və ona bəraət verilməlidir. Müdafiə tərəfi əmindir ki, məhkəmənin, işə baxan hakim E.Şamayevin mövqeyi ədalətli olarsa Şahin Sultanov bəraət alacaq”-vəkil Telman Abdıyev bildirib.
Beləliklə, vitse-admiral barəsində çıxarılmış hökmün ləğvi və bəraət almaq uğrunda mübarizə aparır, ittiham tərəfini isə belə görünür ki, generalın müqaviməti dayandırmayıb “döyüşü davam etdirməsi” qəzəbləndirib. Və prokurorlar 4 ay gecikmə ilə hökmdən protest vermək hüququnun bərpasına nail olaraq onu “içəri saldırmaq” naminə yeni hücuma başlayıblar. Bu qaydasız döyüşün axırı necə olacaq?
Geri qayıt