265 nömrəli dövlət baxçasında pul yığımı iddiaları: Valideynlərdən aylıq 25 manat, müdirin ad günü üçün isə əlavə vəsait tələb olunur?

265 nömrəli dövlət baxçasında pul yığımı iddiaları: Valideynlərdən aylıq 25 manat, müdirin ad günü üçün isə əlavə vəsait tələb olunur?
Bakı şəhəri Suraxanı rayonu ərazisində fəaliyyət göstərən 265 nömrəli körpələr evi–uşaq bağçası ilə bağlı redaksiyamıza daxil olan müraciətlərdə bir sıra ciddi iddialar səsləndirilib.

Valideynlərin bildirdiyinə görə, dövlət büdcəsi hesabına maliyyələşən məktəbəqədər təhsil müəssisəsində uzun müddətdir ki, müxtəlif adlar altında valideynlərdən pul yığılır. İddialara əsasən, bağçada təhsil alan hər uşaq üçün aylıq 25 manat məbləğində vəsait tələb olunur.
Müraciət edən valideynlərdən biri bildirir ki, ailəsinin maddi imkanı bu ödənişləri vaxtında etməyə imkan verməsə də, buna görə narazılıqla qarşılaşır:
"Deyirlər ki, pulu ayın əvvəlində verməlisən. Yoldaşım maaşı ayın sonunda alır. İmkanımız olmur. Amma buna görə həm uşağa, həm də valideynə qarşı münasibət dəyişir", – deyə valideyn iddia edir.
Valideynlərin hesablamalarına görə, bağçada təxminən 100-ə yaxın uşaq təhsil alır. Hər uşaqdan 25 manat toplandığı təqdirdə aylıq yığılan vəsaitin 2 min manatdan çox olduğu bildirilir.
Müraciətdə daha bir diqqətçəkən məqam isə bağça müdiri Rəvanə Abdullayevanın ad günü münasibətilə valideynlərdən əlavə pul yığılması ilə bağlıdır.
Redaksiyamıza təqdim olunan yazışmalarda valideynlərdən biri digərinə:
"Sizdə də qrupda müdirin ad gününə pul yığırlar?"
deyə sual verir.
Qarşı tərəf isə:
"Bizim qrupda yığılır",
cavabını verir.
Yazışmanın davamında pul yığımının valideyn komitəsi tərəfindən təşkil edildiyi və hər valideyndən 10 manat toplandığı qeyd olunur.
Valideynlər bildirirlər ki, dövlət bağçasında bu cür yığımların aparılması qanunvericiliyin tələblərinə və dövlət təhsil müəssisələrinin fəaliyyət prinsiplərinə uyğun görünmür.
Bununla yanaşı, müraciətdə uşaqlara təqdim olunan qidaların keyfiyyəti ilə bağlı da narazılıqlar yer alıb. İddialara görə, dövlət tərəfindən ayrılan vəsaitlərə baxmayaraq, uşaqlara verilən yeməklər minimum səviyyədədir və valideynlər bunun səbəbinin araşdırılmasını tələb edirlər.
Müraciətdə qeyd olunan digər məsələ isə 3 yaşlı uşaqların qruplardan çıxarılması ilə bağlıdır. Valideynlər bildirirlər ki, onlara qruplarda yer məhdudiyyəti olduğu bildirilsə də, bu qərarın hansı normativ sənədə əsaslandığı barədə izahat verilmir.
Qeyd edək ki, məqalədə yer alan bütün məlumatlar valideynlərin redaksiyamıza təqdim etdiyi iddia və müraciətlərə əsaslanır. Təqdim olunan yazışmalar həmin iddiaların sübutu kimi redaksiyaya göndərilib.
Bakunews.az olaraq səsləndirilən iddialarla bağlı 265 nömrəli körpələr evi–uşaq bağçasının müdiri Rəvanə Abdullayevanın, eləcə də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk. Aidiyyəti qurumların açıqlaması daxil olduğu təqdirdə materialda dərc ediləcək.(BnTv.az)
Geri qayıt