“Bakı Qarabağı qısa zamanda qaytaracaq” - işğalçı üçün fəlakət ssenarisi

“Bakı Qarabağı qısa zamanda qaytaracaq” - işğalçı üçün fəlakət ssenarisi Təcavüzkara şimal xəbərdarlığı: “Azərbaycana qarşı durmaq üçün Ermənistanın öz ”qılıncı" bəs eləməz!"; Rusiya nəşrinə görə, Moskva Ermənistandan hətta qısa müddətə üz çevirsə, bu, işğalçıya baha başa gələcək...
O Rusiya ki, nəinki cırtdan Ermənistanın təhlükəsizliyini, o sırada Türkiyə və İranla xarici sərhədlərinin mühafizəsini və hava məkanının qorunmasını bütünlüklə öz üzərinə götürüb, eyni zamanda onun əhalisinin pis-yaxşı təminatı da Moskvanın hesabınadır. Moskva işğalçı ölkəyə hətta silah-sursatı, təbii qazı da daxili bazar qiymətinə, ucuz satır ki, bu vassal ölkə ayaqda dura bilsin, əhalisi acından ölməsin, Azərbaycandan çox geri qalmasın.
Bu fonda ermənilərin yenə Rusiyadan narazı qalaraq Kremlə qarşı yeni ittihamlar və tələblər irəli sürməsi, hətta Ermənistanın Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq tələbləri, axır vaxtlar isə üstəlik, Qərbdə Rusiyaya alternativ axtarmağa başlaması heyrət doğurmaya bilməz. Rusiyanın tanınmış nəşrlərindən olan rosbalt-ru-dakı son təhlili məqalələrdən biri məhz ermənilərin bu nankor münasibətinə həsr olunub.
Məqalədə öncə rus dilinə Ermənistanda ikinci dövlət dili statusu verilməsi təklifinə rəsmi İrəvanın sərt təpki göstərməsi ilə bağlı şərh yer alıb: “Görəsən, Rusiyaya erməniləri növbəti dəfə gərginləşdirib özünə qarşı kökləməsi nəyinə lazım olub? Bəlkə ona görə ki, Ermənistan noyabrda Avropa Birliyi ilə əməkdaşlıq haqda Çərçivə Sazişi imzalamağa hazırlaşır?
Yada salaq ki, 2013-cü ildə İrəvan analoji sənədi imzalamağa hazır idi, lakin son anda Ermənistan hakimiyyəti Kremlin təzyiqi altında bundan imtina elədi. Bununla da Ermənistanın xarici siyasət vektoru dəyişməz - rusiyayönlü kimi qaldı.
Bunun ardınca Avropa Birliyi sanki ayıldı və İrəvana anlaşmanın ”daha yüngül" variantını imzalamağı təklif elədi - hansı anlaşma ki, Ermənistanın eyni zamanda Avrasiya Birliyində üzv qalmasına mane olmasın və Kremldə də qıcıq yaratmasın. Ancaq Moskva başa düşməyə bilməz ki, hətta Ermənistanın Avropa Birliyi ilə “ziyansız” yaxınlaşması da geosiyasi rəqabət yaradır və hələ bilmək olmaz ki, bu, zaman ötdükcə Rusiya üçün hansı əks-sədanı verəcək?
Məqalə müəllifi bu və digər səbəbdən İrəvanın Brüssellə belə bir yaxınlaşmanı real hesab eləmir: “Birincisi, buna Azərbaycanla həll olunmamış Qarabağ konflikti mane olur. Əgər Rusiya cəza kimi Ermənistana yiyə durmasa, Azərbaycan çox sürətlə və böyük itkilər hesabına olsa belə, Dağlıq Qarabağ da daxil, işğal edilmiş əraziləri qaytarar. Bundan əlavə, Ermənistanın təhlükəsizliyi üçün Türkiyə faktoru, məhsullar üçün satış bazarı olduqca önəmlidir - hansını ki, Ermənistanın əsas idxalçısı olan Rusiya mütləq qapadacaq. Eyni zamanda onun təbii qazını da kəsəcək və elə bir situasiya yaradacaq ki, ölkəyə İran yanacağının daxil olması da mümkünsüz hala gəlsin. Bundan əlavə, Ermənistanda Rusiya hərbi bazası yerləşib və o, Rusiyanın lokomotiv olduğu KTMT-nin üzvü kimi bu təşkilat qarşısında müəyyən öhdəliklərə malikdir”.
Ekspertin fikrincə, Ermənistanın Rusiyadan həyatı asılılığını təsdiqləyən başqa “bəndləri” də uzun-uzadı sadalamaq və praktik olaraq, respublikanın AB-dən asılılığını sıfra endirmək olar. “Mahiyyət etibarilə AB-yə Ermənistandan nə lazımdır? İdeoloji tabeçilikdən savayı heç nə və bir də bu tabeçilik vasitəsilə postsovet məkanın bir hissəsində möhkəmlənmək. Ermənilərin Avropadan ala biləcəyi maksimum şey - ”demokratiyanın irəliləməsi" (bu da çox şübhəlidir və müstəsna olaraq Rusiya təsirinə qarşıdır) və hansısa texnologiyalar ola bilər. Avropa Birliyi isə əlbəttə ki, Ermənistanın Azərbaycana qalib gəlməsi üçün vuruşmayacaq. Konkret deyilsə, Avropaya Rusiyaya qarşı siyasi savaşda İrəvanın sadəcə, dəstəyi və onun Qərbin geosiyasi maraqlarına tabe olması lazımdır. Hələ məlum deyil ki, Moskva İrəvanın AB ilə imzalamaq istədiyi anlaşmanın detallarından xəbərdardır ya yox. Ancaq bir şey dəqiqdir: əgər Kreml öyrənsə ki, budəfəki çərçivə sazişində də onun maraqlarına toxunan müddəalar var, onun imzalanmasına əvvəlki sənəd kimi imkan verilməyəcək" - müəllif vurğulayıb.
Bu xüsusda məqalədə məxsusi qeyd olunur ki, Ermənistan Rusiyanın “ayağına” uyğun addımlamaq zorundadır: “Real siyasət İrəvana imkan verməyəcək ki, o, Rusiyanın cızdığı ”addımdan" kənar kənara çıxsın. Kəsəsi, Ermənistan hələ ki Rusiya və Qərb üçün yalnız qarşı duran tərəflərin öz geosiyasi təsirlərini təsbit eləməkdə əhəmiyyət kəsb edir. Ermənistan hakimiyyəti Rusiyadan üz döndərməyəcək - respublika üçün fəlakətli olacaq belə bir şey, hətta onların ağlına gəlsə belə. Ancaq o həddə qədər ki, Moskva buna imkan verəcək. Odur ki, Ermənistan bundan sonra da Avrasiya İqtisadi Birliyində olacaq, Rusiyanın gözünə baxacaq və özünü elə aparacaq ki, guya başqalarının da gözünə baxır. İrəvanın başqa yolu varmı?"
Şübhəsiz ki, ayrı yol, ayrı alternativ yoxdur. Hərçənd erməni siyasiləri, o cümlədən rəsmilər özlərini elə aparırlar ki, guya ki, var. Guya ki, Rusiyanın vassalı kimi Ermənistan da müstəqil və suveren dövlətin atributlarına malik, müstəqil xarici siyasət yürütmək iqtidarında imiş.
Əlbəttə ki, belə şey yoxdur. Ermənistan üçün indi tək bir seçim var: ya Qarabağa görə işğalçı kimi qalıb bu zaman müstəqilliyin bütün atributlarını həmişəki kimi Moskvaya peşkəş eləmək, Moskvanın girovu olmaq, ya da işğalçı siyasətə son qoyub da Azərbaycanın, Türkiyənin və Gürcüstanın ərazi bütövlüyünü tanımaq, dövlət kimi öz müstəqilliyini bərpa eləmək, qonşularla birgə inkişafa və rifaha qovuşmaq.

musavat
Geri qayıt