Qubada camaatı dinləyən yoxdur... - "Kəndə baxan yoxdur..."
- 3-10-2023, 12:18
- 375
Xalqxeber.az Bizimyol.info-ya istinadla xəbər verir ki, Gədikqışlaq camaatı su üçün Samur-Abşeron kanalına üz tutmalı olurlar. Hətta qadınlar belə, həyatlarını riskə atır, kəndirlə kanala enirlər, vedrələrlə su götürməyə çalışırlar. Bunu da təkcə məişət qayğılarını həll etmək üçün istifadə etmirlər. Sonradan suyu duruldaraq içirlər. Gədikqışlaqda mal-qara da insanlar kimi içməyə su tapmır. Yaşlı sakinlər deyir ki, kəndin gününü həmişə belə görüblər. Sakinlərdən biri Bakıya köçməkdən başqa yol qalmadığını deyir: “Çünki susuz yaşamaq mümkünsüzdür. Suya görə kənd adamları bir-biri ilə üz-göz olur. Kəndə baxan yoxdur”.
Quba Su-Kanal İdarəsindən bildirirlər ki, kəndin içməli yox, müəyyən suvarma su problemi yarana bilər. Halbuki Gədikqışlaqda istənilən növ su əldə etmək müşkül məsələdir. 21-ci əsrdə insanlar kəndirlə kanala enərək su götürməyə cəhd göstərir. Başqa vaxt Azərbaycanı regionun lider dövləti adlandırırıq. Gədikqışlaqda insanlar palçıqlı su ilə məişətdə təmizlik yaratmağa çalışırlar. Belə su, həm də xəstəlik mənbəyidir. İnternet axtarış sistemlərindən statistika üçün istifadə etmək yerinə düşər. Görəcəksiniz ki, Gədikqışlağın neçə sakini kanalda boğulub. İnsanlar su əldə etmək üçün gecə-gündüz kanalın kənarında dayanırlar. Vedrələrlə yığılan su dərin çəlləklərə tökülür. Günlərlə gözləyirlər ki, müəyyən qədər durulsun, sonra içə bilsinlər.
İnsanları bu şərtlərlə yaşamağa məcbur etmək cinayətdir. Məsul qurumlar məsuliyyətini anlamalıdır. “Azərsu” vətəndaşa hörmətsizliyi dayandırmalıdır. Gədikqışlaq kənd sakinlərinin səsini eşitmək lazımdır.