Ulu Öndər Heydər Əliyevin çoxsahəli fəaliyyətində Azərbaycan mədəniyyətinin yeri

Gündəm / Cəmiyyət

XX əsr Azərbaycan mədəniyyətinin bütün sahələrinin sürətli inkişafı və böyük nailiyyətləri Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərinin nəticəsi idi. Onun rəhbərliyi ilə ötən əsrin 70-80-ci illərində, Azərbaycanın müstəqillik dövründə mədəni və ədəbi irsimizə, təsviri sənətə, teatr, musiqi və kino sənətinə qayğı əsaslı şəkildə artmışdır. Həm dövlət başçısı, həm də vətənpərvər bir insan kimi Heydər Əliyevin milli mədəniyyətə göstərdiyi diqqət, verdiyi dəyər bu sahədə yeni dövrün başlanğıcı kimi qiymətləndirilməlidir. Ulu Öndər dəfələrlə vurğulamışdır ki, Azərbaycan qədim mədəniyyətə, incəsənətə malik olan bir xalqdır.
Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunmasına, təbliğinə xüsusi qayğı ilə yanaşırdı. "Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir". Bu müdrik ifadələr də Ümummilli Lider Heydər Əliyevə məxsusdur. Dahi siyasət xadimi yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin əsasını mədəniyyət təşkil edir. 
Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltəraşlıq və rəssamlığımız da, xalça sənətimiz də bugünkü inkişafında Ulu Öndərin çox dəyərli ideyalarından bəhrələnib. Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı.
Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim qayğısını çəkirdi. Azərbaycanın müqtədir sənətkarları sovet dövründə məhz Heydər Əliyevin qayğısı nəticəsində ən yüksək  fəxri adlara layiq görülmüşlər. Heydər Əliyev bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirak edir, dərin məzmunlu nitqi iştirakçıların alqışları ilə qarşılanırdı.
Ulu Öndər daim mədəniyyətimizin himayədarı olmuş, sənət adamlarının qayğısına qalmışdır. Dünya şöhrətli musiqiçi MstislavRostropoviçin Bakıya dəvət edilməsi, Azərbaycan Dövlət Akademik Filarmoniyasının bərpa edilməsi, Bakıda Üzeyir Hacıbəyli, Bülbülün xatirə muzeylərinin açılması, Nəriman Nərimanov, Hüseyn Cavid, Cəfər Cabbarlıya abidələr qoyulması - bütün bunlar onun təşəbbüsü idi. Bu böyük siyasi xadim bütün mədəni tədbirlərdə, premyeralarda, səhnə əsərlərinin yeni quruluşunda şəxsən özü iştirak edərək, yaradıcı heyətlə görüşür, onların ünvanına həmişə xoş sözlər deyirdi. Bir çox mədəniyyət xadimlərinə fəxri adlar verilməsində də onun böyük rolu olmuşdur.
 
Aysel Mənsimova - politoloq