İlkin mərhələdə Laçında 4 minə yaxın insan məskunlasaçaqdır
- 29-05-2023, 18:29
- 343
Hazırda Laçında bütün lazımi şərait yaradılır. Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Şəhərdə tibb məntəqəsi hazırlanır, yeni məktəb binası tikilir.
Burada onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır, Laçın şəhərində istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, məşğulluğun artırılması istiqamətində işlər davam etdirilir. Laçında əhalinin məşğulluğunun təmin edilməsi üçün yaradılacaq müəssisələrdə 1169 nəfər işlə təmin olunacaq. Müəssisələr qida, sənaye, yaradıcılıq, tekstil, tədris, turizm və xidmət sahələrində fəaliyyət göstərəcək. Hazırda fəaliyyət göstərən 7 müəssisədə 226 Laçın sakini işlə təmin edilib. Qeyd edək ki, Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək, onların da 80 faizinin bu il yay aylarının sonunadək işə başlayacağı nəzərdə tutulub.
Ölkə başçısının tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı başlanır. Laçına ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. İlkin mərhələdə köçürülən ailələr, əsasən, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda ən ağır şəraitdə yaşayanlar arasından seçilib. Onlar Laçın şəhərində işğaldan əvvəl yaşadıqları və işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında aparılan təmir-bərpa işləri nəticəsində tamamilə yenilənmiş və zəruri yaşayış şəraitinin yaradıldığı evlərdə məskunlaşacaqlar.
Uzun illər yurd həsrəti ilə yaşasalar da, məcburi köçkünlər daim dövlət qayğısı ilə əhatə olunublar. Onların sosial müdafiəsinin təmin olunması istiqamətində əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasətini Prezident İlham Əliyev davam etdirib, bu kateqoriyadan olan həmvətənlərimizin yaşayış şəraitinin yaxşılaşdırılması üçün ardıcıl və genişmiqyaslı tədbirlər həyata keçirib. Məcburi köçkünlərin problemlərinin həllinə Birinci vitse-prezident Mehriban xanım Əliyeva da hər zaman diqqət göstərib, təhsil, mədəni inkişaf, sağlamlıq və digər məsələlərdə onlara yaxından kömək edib.
Hazırda məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurda qayıdışı dövlət siyasətinin mühüm prioritetidir. İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində görülən işlər getdikcə sürətlənir, Böyük Qayıdış proqramı icra olunur.
Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinə köçən sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.
Fuad Heydər - politoloq