Azərbaycan-Litva münasibətlərinin ikitərəfli əməkdaşlıqla yanaşı Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin inkişafında da böyük rolu var
- 25-05-2023, 14:01
- 173
Cənab Prezident çıxışında Azərbaycan torpaqlarının uzun illər ərzində - otuz ilə yaxın Ermənistanın işğalı altında qaldığını və bir milyon azərbaycanlının bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşdüyünü söyləyib. İşğal dövründə ərazilərdə bütün infrastrukturun, evlərin, inzibati binaların, o cümlədən tarixi abidələrin işğalçılar tərəfindən dağıdılıb, məhv edildiyini vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, 2-ci Qarabağ müharibəsi nəticəsində Azərbaycan özünün tarixi torpaqlarını azad edib. Müharibədən sonra isə Azərbaycan Ermənistana sülh təklif edib. Beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq təsbit edilmiş sülh konsepsiyası nəticə etibarilə Cənubi Qafqaza uzunmüddətli sabitlik gətirəcəyi birmənalıdır.
Azərbaycan-Litva münasibətlərinin ikitərəfli əməkdaşlıqla yanaşı Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin inkişafında da böyük rolu var. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. İxrac edilən qazın həcmi ildən-ilə artırılır. Bununla yanaşı perspektivli əməkdaşlıq istiqaməti sahəsində də ciddi hədəflər mövcuddur. Bu mənada Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı olan işlər paralel şəkildə aparılır. Litva və Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir. Onu da qeyd edim ki, qitələri birləşdirən Avrasiya qitəsində daha rahat nəqliyyat-kommunikasiya imkanlarını yaratmaq üçün ölkələrimizin üzərinə böyük vəzifələr düşür: Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi ildən-ilə artır. Mövcud müasir infrastruktur buna imkan yaradır. Xəzər dənizi ilə Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutları mövcuddur. Birgə səylərlə həmin birləşmə layihələrini həyata keçirərək bu sahədə də uğurlu əməkdaşlığa nail olmaq mümkündür.
YAP Abşeron rayon təşkilatının sədr müavini
Ülvi Salmanov