ABŞERONDA ŞƏHİD VİDADİ ZALOVUN ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR
- 20-05-2023, 15:10
- 554
Şəhid Vidadi Zalovun ailəsi onlara dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etmişlər.
Qeyd edək ki, ailənin yeganə oğul övladı olan şəhid Vidadi Zalov ali təhsil aldıqdan sonra Müdafiə Nazirliyinin "Müddətdən artıq həqiqi hərbi xidmət" kurslarına yazılmış və həqiqi hərbi xidmət qulluqçusu kimi ordu sıralarına qoşulmuşdur. Xidməti zamanı fərqləndiyinə görə dəfələrlə fəxri fərman və təşəkkürnamələrlə mükafatlandırılmış, 26 iyun 2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edilmişdir.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Vidadi Zalov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Laçının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş, fərqlənmişdir.
Vətən müharibəsindən sonra "Gizirlik kursu"nu keçən şəhidimiz "kiçik çavuş" rütbəsindən "gizir" rütbəsinə yüksəlmişdir. 11 aprel 2023-cü ildə Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində tördilən təxribat nəticəsində Vidadi Zalov döyüş tapşırığını yerinə yetirən zaman şəhid olmuşdur.