31 Mart - Azərbaycan xalqının qan yaddaşı...
- 31-03-2023, 10:30
- 555
Bu qırğınlarda Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Üç gün davam edən qətliam zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişlər.
Ermənilər Azərbaycanın digər bölgələrində olduğu kimi, Şamaxıda da çox böyük qırğınlar törətmişlər. Təəssüf ki, sovet dövründə Şamaxıda törədilən qırğınların dəlillərinin bir qismi məhv edilmişdir. Ona görə də erməni cinayətlərinin tam mənzərəsi bu günə qədər formalaşmayıb. Ekspertlərin rəyinə əsasən Şamaxıda ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürüldüyü bildirilir. Bu faciənin tədqiqi məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. 1990-cı illərdə yerli tədqiqatçıların araşdırmaları nəticəsində isə məlum olmuşdur ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfəri qətlə yetirib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.
Ermənilərin törətdikləri qırğınlar bununla kifayətlənməyib, Quba və Quba ətrafında da Azərbaycanlıların qətliamları davam etdirilmişdir. Quba şəhərində öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır.
Qubada aşkarlanan kəllə və digər sümüklərin müayinəsi zamanı qırğınların nə dərəcədə qəddarlıqla həyata keçirildiyi bir daha sübut olunmuşdur. Belə ki, həmin sümüklərdə güllə yerləri, güllə izləri olmamışdır. Öldürülənlərin hamısının küt alətlərlə həyatlarına son qoyulduğu müəyyən edilmişdir. Soydaşlarımızın baş nahiyəsinə balta ilə vurmaqla, xəncərdən istifadə etməklə, ağır işgəncələr altında qətliamlarını həyata keçirmişlər. Hətta bəzi kəllə sümüklərində mismarlar aşkarlanıb. Bu da törədilən vəhşiliyin hüdudlarının olmadığını bir daha nümayiş etdirir.
Xalqımıza qarşı törədilən bu faciələrlə bağlı Ümummilli Lider Heydər Əliyev 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Bu Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq etmişdir.
Qeyd edək ki, 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində aşkarlanan kütləvi məzarlıqdakı insan sümükləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparılmışdır. Məzarlıqda 500-dək insan kəlləsi olmuş, onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu isə qadınlara aid idi. Bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar verilmişdir. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır. Prezident İlham Əliyev Soyqırımı memorial kompleksinin açılışı zamanı demişdir: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir... Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir”.
Gülşən Qazanxanova
Vətən Müharibəsi şəhidi Şamil Nəcəfovun anası, müəllimə