Ölkədə aparılan islahatlarda Milli Məclisin rolu artır
- 7-03-2023, 13:14
- 368
2020-ci il martın 10-da Bakı şəhərində, Milli Məclisdə altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirildi və bu iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş çıxış edib. Ölkəmizin gələcək inkişafının bütün istiqamətlərinə, aparılan islahatların gedişatına toxunan ölkə başçısı müxalifət partiyalarının nümayəndələrininMilli Məclisin yeni tərkibinin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunmasını Azərbaycanda siyasi sistemi möhkəmləndirilməsi, siyasi münasibətləri sağlam zəmində gücləndirilməsi üçün böyük əhəmiyyətə malik olduğunu bildirib.
Aydındır ki, siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bununla əlaqədar Prezident Administrasiyasının nümayəndələri bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir və genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılması vacibliyini göstərirlər.
Cənab İlham Əliyevin ölkədə apardığı islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıdığından bu gün kadr islahatları aparılır, yeni, müasir və mütərəqqqi düşüncəli, işgüzar kadrlar rəhbər vəzivələrə irəli çəkilir, onların qarşısında konkret vəzifələr qoyulur. Bu islahatlar həm mərkəzi, həm də yerli icra orqanlarında, bütün dövlət qurumlarında aparılır.
Azərbaycanda islahatların dərinləşməsi prosesi mütləq qaydada parlamentdən yan keçə bilməzdi. Bununla əlaqədar yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Bu gün Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılır. Dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Yeni qəbul ediləcək qanunlar iqtisadi islahatların dərinləşməsi işinə töhfə verməli, Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır.
Yeni çağırış Milli Məclis deputatları qarşısına Prezident İlham Əliyev tərəfindən qoyulan vəzifələrdən biri də beynəlxalq fəaliyyətin səmərəliliyinin artırılmasıdır. Ölkəmizə qarşı əsassız yanaşma, qərəzli mövqe tutan beynəlxalq qurum və təşkilatlarla işlər gücləndirilməli, ölkəmizin mövqeyi düzgün təbliğ edilməlidir.
Hazırda Azərbaycan müasir, dünyəvi dövlət kimi günügündən güclənir və dünyəvilik prinsipləri daha geniş bərqərar olur. Ölkədə radikalizmə qarşı mübarizə daha geniş aparılır və Parlamentin rolu burada çox vacibdir.
Metin Hüseynov - politoloq