Sınaqlardan çıxmış Azərbaycan və Türkiyə qardaşlığı
- 10-02-2023, 10:27
- 289
Bəli, yenə də təbii olaraq, Türkiyə dar günündə yanında yenə də ilk olaraq qardaşını gördü. Dövlət başçısının göstərişinə əsasən, Türkiyədə axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri fevralın 6-da qardaş ölkəyə yola düşüb. Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, FHN-in yardımlarından ibarət növbəti iki təyyarə isə fevralın 7-də qardaş ölkəyə yola salınıb və bu günə kimi də Azərbaycan xalqı və dövləti qardaş Türkiyə xalqına öz köməyini, sevgisini göstərməkdədir. Beləliklə, “dost dar gündə tanınar”, – deyib atalarımız. Həmişə olduğu kimi, təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün Türkiyəyə ilk beynəlxalq yardımı da Azərbaycan etdi. Prezident İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülüb. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olması, bir daha «bir millət, iki dövlət» əsl qardaşlığının sarsılmazlığıdır Dövlətimzin başçısı səflikdə olarkən Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib və bildirib ki, bu gün Azərbaycan xalqı könüllü olaraq öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir, kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir: «Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir”.
Şad gündə də, dar gündə də həmrəy olan qardaşlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları tarixin ən dar məqamlarında, ən çətin günlərində belə öz sözünü deyir. Azərbaycan dövləti bu çətin günlərdə Türkiyənin yanındadır və zəlzələdən zərər çəkənlərə axıra kimi kömək göstərəcəklər. Bir məqamı da vurğulamaq istərdim ki, bu gün könüllü qrupların zəlzələ bölgəsinə getməsi də bizi qürurlandırır. Vətənpərvər və humanist gənclərimiz ölkə daxilində vacib proseslərdə iştirak etdiyi kimi, ölkə xaricində də fəallıq tələb edən tədbirlərdə öndə gedir.
Göründüyü kimi, biz Türkiyə ilə bir millət, iki dövlətik, sevincimiz də, kədərimiz də eynidir. Azərbaycan xalqı olaraq hər zaman qardaş Türkiyənin yanındadır və bundan sonra da olacaq. Çünki Azərbaycan-Türkiyə birliyi əbədi və sarsılmazdır. Qırx dörd günlük İkinci Qarabağ müharibəsində bu birliyin ən yüksək zirvədə olduğunu bir daha gördük. Eyni zamanda, iki dost, qardaş ölkə arasında müttəfiqlik sənədinin 15 İyun - Milli Qurtuluş Günündə Qarabağımızın tacı, musiqi beşiyimiz Şuşada imzalanması dünyaya bu birliyin, həmrəyliyin gələcəyi ilə bağlı bir çox məqamları çatdırdı. Vətən müharibəsində dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşadan “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür” bəyan etdi.Və bu 44 günlük İkinci Qarabağ müharibəsinin Qələbə Zəfərində iki qardaş birliyi – İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan - "Bir millət, iki dövlət" birliyini nümayiş etdirdi. Dövlət başçımız bu birlikdən qürur duyduğunu söylədi: "Biz də bu qədər möhtəşəm dostumuz olduğu üçün qürurlu və şadıq".
Budur, çətin günün sınağından çıxmaq. Budur - bir millət, iki dövlət münasibəti. Doğrudur, bu gün Türkiyə kimi bir güclü dövlətin Azərbacanla bir olması çox dövlətlərin qısqanclığına səbəb olub. Ancaq bir məqamı anlamaq lazımdır ki, Azərbaycan-Türkiyə illərin sınağından çıxmış, bu birlik möhkəmlənmişdir. Bu birliyi isə heç bir qüvvə sındıra bilməz!.Və bir sözlə, bu gün Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Tezliklə, qardaş Türkiyə bu sınaqdan da üzüağ çıxacaq, Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə də iki qardaş dövlət həmişə bir-birinin yanındadır. Dövlət başçımızın dediyi kimi: "Bütün dünyaya göstərdi ki, Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə biz bir-birimizin yanındayıq. Bəli, qardaş Türkiyə bütün sınaqlardan uğurla çıxdığı kimi, bu sınaqdan da üzüağ çıxacaq, biz də dövlət və xalq olaraq sona qədər Türkiyənin yanında olacağıq".
Fuad Heydər,
Siyasi şərhçi.