Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti
- 31-01-2023, 14:04
- 779
Ulu Öndər tərəfindən 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb.
Ümummilli Lider Heydər Əliyev hər bir zaman Azərbaycan gəncliyinə inandığını, güvəndiyini bildirir və gənclərə etimad göstərirdi. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.
27 sentyabr 2020-ci ildə başlayan və qəhrəman ordumuzun, Müzəffər Ali Baş Komandanımızın səyi, xalqımızın birliyi nəticəsində 44 gündə Şanlı Qələbə ilə bitən Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur. Bu da Ulu Öndərin gənc nəsli Azərbaycanın uğurlu sabahı naminə səfərbər edən siyasətinin nəticəsi idi. Bu gün Azərbaycan xalqı Vətən müharibəsində iştirak etmiş, canını fəda etmiş, hər bir igid gəncinə , hər bir əsgərinə minnətdardır. Vətən uğrunda, torpaq uğrunda şəhid olan, qazi olan igidlərimizin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir.
Könül Əfəndiyeva – YAP üzvü