Azərbaycan regionda mühüm logistika mərkəsinə çevrilib
- 15-10-2022, 12:39
- 639
Azərbaycanın bu konfransda iştirakı olduqca əhəmiyyətlidir. Bu beynəlxalq platformanın inteqrasiyası üçün rəsmi Bakı mühüm logistika və qovşaq yaratmağı bacarıb. Hazırda nəqliyyat-kommunikasiya əlaqələrinin dərinləşməsi və optimallaşması üzrə tamamilə yeni bir dəhliz təklif edir. Bu Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi bütün növ kommunikasiyaların məsafəsini 300 kilometr qısaltmaqla operativ əlaqələr və inteqrasiya təmin etmək imkanlarına sahibdir. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev AQEM-in Zirvə Toplantısı zamanı çıxışında bir daha bu məsələyə xüsusi toxundu. Eyni zamanda, erməni vandalizmini yenidən konfrans iştirakçılarının diqqətinə çatdırmaqla Ermənistanın yenə də regional sülhü təhdid etdiyini bildirdi. Azərbaycan ərazisində bir milyondan çox mina basdıran bir ölkənin indi də kommunikasiyaların açılmasına mane olması şübhəsiz ki, AQEM ölkələrinin qarşılıqlı inteqrasiyasına da mənfi təsir göstərir. Ermənistan işğal zamanıbu ərazilərə bir milyondan çox mina basdırıb. İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları tələb olunur.
Hazırda “Böyük Qayıdış” adlanan proqram icra edilir. Minalardan təmizlənmə ilə paralel, indi Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdış prosesi başlanıb.
Zirvə Toplantısında həm də regional təhlükəsizlik və əməkdaşlıq məsələləri ilə bağlı Azərbaycan Prezidenti bir sıra ikitərəfli görüşlər keçirib ki, bunların da hər biri milli və regional təhlükəsizliyimizin gələcək strateji arxitekturası baxımından olduqca əhəmiyyətlidir.
Tufan Məmmədov – iqtisadçı-ekspert