SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Əmrullayevi nə qədər qorumalıyıq? - VƏ NİYƏ?

Əmrullayevi nə qədər qorumalıyıq? - VƏ NİYƏ?

Tarix:

10-05-2022, 17:24

/ 1 621 dəfə oxundu.
Əmrullayevi nə qədər qorumalıyıq? - VƏ NİYƏ?

 
Bugünlərdə Bakıda 164 saylı orta məktəbdə 9 May-Qələbə Günü münasibətilə keçirilən tədbir zamanı şagirdlərin sinəsinə “Georgi lenti” taxılması ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı.

Belə ki, Rusiya imperiyasının simvollarından biri hesab edilən bu lentin istifadəsi ilə bağlı vətəndaşlar sosial şəbəkələrdə öz etirazlarını bildirdilər. Adıçəkilən məktəbdə reallaşan həmin tədbirlə bağlı məktəbin direktoru Kəmalə Qədirova açıqlamasında bildirdi ki, foto çəkdirilən zaman hadisədən xəbəri olmayıb. Onun sözlərinə görə, məktəbdə İkinci Dünya müharibəsinə həsr olunan tədbir keçirilməyib:

“İki paralel dördüncü sinfin müəllimləri Rəna Kazımova və Riyaletta Nəbiyeva sözügedən mövzuda dərs keçib və yayılan foto da dərsdən sonra dəhlizdə çəkilən xatirə fotosudur”.

Direktor qeyd edib ki, məktəbləri daha əvvəl rus-erməni məktəbi olub. Dərsin təşkilatçısı olan sinif rəhbərlərindən biri Rəna Kazımova da baş verən hadisə ilə bağlı üzr istəyib:

“Mən bilmədən o lentdən istifadə etmişəm. İkinci Dünya Müharibəsi ilə əlaqədar olaraq interaktiv dərs keçmişik. 30 ildir məktəbdə işləyirəm, illərdir veteranları tədbirlərimizə dəvət edirik. Hər zaman veteranlarla görüşlərdə o lenti bağlamışıq. Heç mən bilməmişəm ki, bu lentdən istifadə düzgün deyil, hər hansı mənası var".

Ardınca Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən (BŞTİ) Bakı məktəbində tədbir zamanı şagirdlərin yaxasına “Georgi lenti” taxılmasına aydınlıq gətirilib. BŞTİ bildirib ki, paytaxtdakı 164 nömrəli tam orta məktəbdə 9 May gününə həsr edilən tədbir interaktiv dərs formatında məktəbin ibtidai sinif müəllimlərinin təşəbbüsü ilə yalnız sinif səviyyəsində təşkil edilib. Qeyd olunub ki, dərs zamanı çəkilmiş fotoşəkildə əks olunmuş atributlar bir sıra sosial media istifadəçiləri arasında narazılığa səbəb olub:

"Məsələ ilə bağlı BŞTİ-nin apardığı təhlil zamanı müəyyən olunub ki, 9 may gününə həsr olunan bu tip dərslər məktəbdə müxtəlif illərdə də keçirilib. Bu dərslərdə əvvəlki illərdə istifadə olunmuş atributlar məktəbdə saxlanılıb və bu il də təkrar olaraq istifadə edilib. Məktəbin müəllimləri ilə söhbət zamanı onlar tədbirin sinifdaxili mahiyyət kəsb etdiyini və bunun məktəbdən kənarda bu qədər ciddi narahatlıq doğuracağını güman etmədiklərini bildiriblər".

Məlumatın ən maraqlı tərəfi Təhsil İdarəsinin bu tipli tədbirlərdə həssaslıqla qəbul edilə biləcək məsələləri müəllimlərin, eləcə də məktəb rəhbərliyinin diqqətinə çatdırmaqla yanaşı, ictimiyyətə də məsuliyyət yükləməsidir: “İctimaiyyətin ümumtəhsil müəssisələrində baş verən bu cür hallara diqqətli yanaşmasına görə təşəkkürümüzü bildirir, eyni zamanda həssaslıq doğura biləcək mövzularda təhsilalanların müzakirə predmetinə çevrilməməsini xahiş edirik”.

Son dövlər məktəblərimizin bir qismi uğurları ilə deyil, məhz qalmaqalları ilə “məşhurlaşıb”. Belə ki, davamlı olaraq məktəblərdə müəllimlər, direktorlar, şagirdlər tərəfindən təhsilə, məktəbə xas olmayan davranışların şahidi oluruq. Məktəblərdə baş verən belə hadisələrin öz əksini tapdığı videolar, məlumatlar sosial şəbəkələrdə yayılmaqla ictimaiyyətin müzakirəsinə səbəb olur. Bu isə öz növbəsində həmin problemin həllini tapması, günahkarların cəzalanması ilə nəticələnir. Onu da vurğulayaq ki, ölkə başçısı da hər zaman ölkədəki problemlərin aradan qaldırılması üçün ictimai nəzarətin vacib olduğunu bildirib.

Belə olan halda təhsil qurumunun ictimaiyyətə yönəlik bu “çağırışında” məqsəd nədir?

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “həssaslıq doğura biləcək mövzularda təhsilalanların müzakirə predmetinə çevrilməməsini xahiş etməsi”ni bəlkə də normal qəbul etmək olardı, ancaq o vaxt ki, bunu həmin məktəbin, lap elə təhsil qurumlarının özləri vaxtında edəydi.

Əgər məktəblərdə baş verən mənfi hallar ictimaiyyətin müzakirəsinə çıxarılmasa necə həllini tapacaq? Hər şeyi gizlətməklə nəyəsə nail olmaq mümkündürmü?

Məsələn, son vaxtlar şagirdlərin intihara cəhdlərinin şahidi oluruq ki, bu isə əsasən onların ali məktəbə qəbul imtahanlarında tələb olunan balı toplamaması ilə bağlı olur. Bu hadisədə isə adətən valideynləri günahlandırılır. Əvvəla, şagird məktəbdə yüksək təhsil alarsa, tələb olunan balı toplaya bilər. İkincisi isə heç repetitor yanına getməsinə ehtiyac qalmaz ki, nəticədə şagird həmin balı toplamasa belə, valideynin “itirilmiş pullarına”görə özünü günahkar hesab edib intihara cəhd etməz. Eyni zamanda, məktəblərdə psixoloqlar lazımi səviyyədə öz vəzifəsindən öhdəsindən gəlsələr, şagirdlərin intihara cəhdinin qarşısını böyük ölçüdə almış olarlar. Ancaq hələlik hadisələrdə ancaq valideyn günahlandırılaraq, məktəblər “sudan quru çıxır”.

Son hadisələrdən biri kimi 164 nömrəli tam orta məktəbdə gerçəkləşən tədbirə gəldikdə, Rusiyanın imperiya simvollarından biri hesab edilən “Georgi lenti” məktəblinin sinəsinə taxılırsa, sonra həmin şagirdlərə necə Azərbaycan müstəqillik tarixindən bəhs ediləcəyi maraq doğurur. BŞTİ və məktəb də bildirir ki, tədbir yalnız sinif səviyyəsində təşkil edilib. Sinif səviyyəsində olsa belə fakt odur ki, həmin tədbir keçirilib və orada adıçəkilən döş nişanlarından istifadə edilib. Bundan başqa sinif rəhbəri “Heç mən bilməmişəm ki, bu lentdən istifadə düzgün deyil, hər hansı mənası var”,-deyib. Bir məktəbin ali təhsilli sinif rəhbərinin, müəlliminin o lentin mənasını bilməməsi də təəccüb doğurur.

Digər bir məqam isə odur ki, məktəbdə “sinif səviyyəsində” olsa belə bir tədbir keçirilibsə, həmin tədbirdən müvafiq qurumların xəbərinin olmaması da maraq doğurur.

Nəhayət, BŞİH-nin iddia etdiyi kimi “təhsilalanların müzakirə predmetinə çevrilməməsi” üçün məktəblərdə belə hadisələrə yol verilməməsi lazımdır. Əgər belə neqativ hallar baş verirsə, həmin problemin həlli üçün ictimaiyyətin müzakirəsinə ehtiyac var. Əks təqdirdə, məsələn, müstəqil Azərbaycan dövlətinin məktəbində Rusiyanın imperiya simvolları hələ çox reklam ediləcək. Həmin mövzuların müzakirə mövzusuna çevrilməsinə gəldikdə isə qeyd edək ki, aidiyyəti qurumlara KİV tərəfindən hər hansı sorğu göndərildikdə tezi bir həftə- 10 gün müddətində cavab almaq mümkündür.

Belə vəziyyətdə bir də ictimai müzakirədən yayınmaq və məsuliyyəti icitmaiyyətə yükləmək çıxış yolu deyil. Necə deyərlər, toz-torpağı xalçanın altına süpürməklə, evi təmizləmək olmaz.
Cebhe.info

Şərhlər

XƏBƏR LENTİ