Rusiya-Ukrayna müharibəsi AXCP-ni parçalayır?
- 29-03-2022, 11:44
- 421
Dünyanın əsas nüvə dövlətlərindən olan Rusiyanın NATO-nun Ukraynada möhkəmlənməsi cəhdlərinə qarşı kəskin mövqe qoyması, sərhəd bölgəsində irimiqyaslı təlimlərin baş tutması, əslində, hərbi əməliyyatların qapıda olduğundan xəbər verirdi. Qərb xüsusi xidmət orqanlarının müharibənin tarixi ilə bağlı dəqiq təqvimlər açıqlamasından sonra regionda maraqlı olan ölkələr öz ambisiyalarına uyğun addımlarını realizə etməyə başladı. Sivil dünyanın önəmli aktorlarının Rusiyanın hərbi əməliyyatlarını pisləməsi və sanksiyaların tətbiq edilməsi regionda gərginliyi daha da artırdı, dünya ölkələrinin ayrı-ayrı mərkəzlərdə qütbləşməsinə gətirib çıxardı.
Qeyd olunan proseslər fonunda Azərbaycanda da siyasi proseslərdə aktivlik müşahidə edilir və müxalif qüvvələr Ukraynaya dəstək nümayiş etdirir. İqtidar təmsilçiləri müharibənin gedişini izləyərək mövqe bildirməyi, daha çox diplomatik etiketlərə və standartlara əsaslanan bəyanatlar səsləndirməyi üstün tutur.
- Putinin 4 ölümcül səhvi: Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru bir-bir sadaladı
- “Erməni tərəfin yaydığı məlumat yalandır” – Müdafiə Nazirliyi
- ABŞ Azərbaycana 9 milyon dollardan çox vəsait ayırır
Bir qədər geri qayıdaraq xatırladaq ki, AXCP sədrinin müavini Seymur Həzinin rəhbərliyi ilə “Demokratiya Naminə Ukraynaya Dəstək Platforması” yaradılıb. Təşkilatlanmış və açıq mövqe ortaya qoyan bu platformanın ölkəmiz adına Ukraynaya dəstək göstərilməsində önəmli yer alması ilə yəqin ki, əksər insan razı olar. Bu prosesin ən maraqlı tərəfi isə AXCP sədri Əli Kərimlinin öz müavini Seymur Həzi və partiyanın rəhbər heyətində təmsil olunan Asif Yusiflinin bu addımına birmənalı yanaşmamasıdır. Əli Kərimli onunla razılaşdırılmadan belə bir təşkilatın yaradılmasını özünə qarşı güc nümayişi kimi qəbul etməklə yanaşı, Rusiyaya qarşı açıq mövqedə durmaqdan sanki çəkinməyə çalışır.
Məlumatlara görə, Əli Kərimlinin Rusiya ilə münasibətlər barədə bir qədər ehtiyatlı davranması, açıq mövqe göstərməkdən çəkinməsi cəbhəçilər tərəfindən də məqbul hesab edilir. Əli Kərimlinin illərdir, seçki proseslərinə qoşulmamaqla iqtidarın çörəyinə yağ sürtməsi, 2013-cü ildə Rusiya vətəndaşlığı olan şəxsi Milli Şuraya rəhbər gətirərək, ölkə prezidenti olmasına çalışmaq cəhdləri yəqin ki, tərəfdarlarının diqqətindən qaçmayıb. Uzun müddətdir, Ramiz Mehdiyevlə əlaqələri barədə şayiələr gəzən AXCP sədrinin kumirinin vəzifədən getməsindən sonra Rusiyaya qarşı daha diqqətli yanaşması təsadüfdürmü?
Partiyanın liberal qanadında təmsil olunan və qərb dəyərlərinə tam şəkildə dəstək verən qrupun artıq AXCP sədrinin bu tipli davranışlarından bezdiyi və partiya sədrinin uğursuz siyasətinə daha 21 il dözmək istəmədiyini bəyan etməsi barədə məlumatlar var. Razi Nurullayev kimi ikinci bir qrupun yetişəcəyindən narahat olan Ə. Kərimli isə daha çox marginal düşüncəyə sahib olan şəxsləri rayon təşkilatlarına sədr təyin etməklə, mümkün qruplaşmalar nisbətini xeyrinə dəyişməyə cəhd edir.
Son günlər AXCP daxilində fikir ayrılığının daha da kəskinləşməsini Seymur Həzinin sosial şəbəkələrdəki statuslarından da izləmək mümkündür. O, son statuslarından birində Putini pisləməyin yetərli olmadığını bildirməklə, dünya ilə birgə addımlar atılmasına çağırış edib, sanki sədrinin hərəkətsizliyinə etirazını bildirib.
Maraqlı məsələlərdən biri də odur ki, Seymur Həzi Moskva prospektinin adının dəyişdirilərək Mariupol adlandırılmasını təklif edib, lakin AXCP sədrinin ehtiyat oyunçular skamyasında əyləşməkdə olan Ali Məclis sədri baş məşqçinin pıçıltıları əsasında bu təklifə qarşı çıxmaqla, sədr müavininə qarşı bir növ yeni cəbhə açıb.
Qısa zaman ərzində Seymur Həzini neofaşist adlandıran silahdaşları Putinin cismən aradan götürülməsi kimi fikirlərinə görə onu ittiham ediblər.
Əli Kərimli ilə Seymur Həzi arasındakı soyuq münasibətlərin pik həddə çatdığı, AXCP sədrinin hətta doğum günündə belə Rəyasət Heyətinin digər üzvlərindən fərqli olaraq müavinini təbrik etmədiyi bildirilir. Görəsən, Əli Kərimlinin kini bu dəfə Seymur Həzini zərərsizləşdirə biləcəkmi?