“Çin Karqo” şirkətində 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirildi
- 4-03-2022, 07:41
- 546
8 martın qadınların bayramı olduğuna görə onlar məhz bu gün daha çox diqqətə, qayğıya ehtiyac duyurlar. Qadın övlad yanında ana olur, bacı-qardaş yanında bacı olur, həyat yoldaşı, ər yanında, qeyrətli kişi yanında və qayğı əhatəsində qadın olur – zəif, zərif, gözəl qadın... Qadınları qayğısız, diqqətsiz qoymayın, kişilər! Çünki bütün qadınlar həmişə mənəvi dayağa, ülvi məhəbbətə, ilıq nəfəsə ehtiyac duyurlar.
Qadınlar xarakter baxımından bir-birinə bənzəməz: – zəifi olur, güclüsü olur. Onları birləşdirən yeganə bir ad var – ana adı! Qadınlar fərqli olsalar da analar fərqli olmur: istəkləri, arzuları, sevinc və kədərləri ilə bir-birlərinə bənzəyirlər. Bütün analar övlad yolunda hər cür cəfaya hazır olur: gözlərinin nurunu, saçlarının rəngini, gecələr yuxusunu balasından əsirgəmir. Balası güləndə gözləri gülən, ağlayanda gözlərindən leysan tökən analar, halımıza yanan, yaşımızdan asılı olmayaraq hər an aradığımız, soraqladığımız analar! Nə yaxşı ki, sizlər varsınız!
Ümummilli lider Heydər Əliyev 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı deyirdi: “Bu bayram, doğrudan da bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki bu qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar...”
Bu gün ümummilli lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmandan irəli gələn məsələlərin həlli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qadınlar ölkənin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışırlar. Bu gün Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nın xoşməramlı səfiri, 1-ci vitse-prezident Mehriban Əliyeva istər ölkəmizdə, istərsə də vətəndən uzaqlarda öz işi, bacarığı və əvəzsiz keyfiyyətləri ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil edir və Azərbaycan qadınının nələrə qadir ola biləcəyini gördüyü işlərin sanbalı ilə sübut edir.
Tədbirin sonunda “Çin Karqo” şirkətinin rəhbəri Şamil Heydərov bildirib ki, təkcə bu gün yox, sabah da, o biri gün də – daim üzünüz gülsün, əziz xanımlar! Qadın adını, ana adını və şərəfli nənə adını daşımağı hər bir azərbaycanlı xanıma arzu edirəm. Çünki onlar buna və bundan da yüksək, ali mənsəbə, hörmətə və məhəbbətə layiqdirlər. Unutmamalıyıq ki, bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlar, analar – bu zərif məxluqlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir.
Bir daha “Çin Karqo” şirkətinin kollektivi adından Azərbaycan Xanımlarını 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirəm.