Azərbaycan COVİD-19 pandemiyasının nəzarətdə saxlanılması üçün təsirli və adekvat tədbirlərin həyata keçirilməsini davam etdirir
- 1-03-2022, 13:00
- 540
Pandemiyanın yayılmağa başladığı ilk zamanlarda bir çox dövlətlərin özünə qapanma yolu izləməsi fonunda Azərbaycan qlobal pandemiyaya qarşı mübarizədə nümunəvi model ortaya qoymuşdur. Həm daxildə, həm xaricdə Azərbaycanın izlədiyi siyasət özünü tam doğrultmuş və ölkə başçımız tərəfindən irəli sürülən qlobal çağırışlar dünya ölkə və hökumət liderləri tərəfindən yüksək səviyyədə dəstəklənmiş, bu istiqamətdə mühüm addımlar atılmışdır. Virusa qarşı vaksinin yaradılması və bu vaksindən bütün dünya ölkələrinin yararlanması istiqamətində ölkə başçımızın çıxışları, eyni zamanda “vaksin milliyətçiliy”inə qarşı çağırışları dünya ölkələri və ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Azərbaycanın koronavirusa qarşı apardığı siyasət isə (modul tipli xəstəxanaların yaradılması, xəstəxanalarda çarpayı sayının, TTY maşınlarının sayının artırılması, tibbi maska, spirt, şpris istehsalı zavodlarının yaradılması, əhalinin işsizlik səviyyəsinin artmasına qarşı addımlar atılması, sahibkarlara güzəştlərin tətbiq olunması, peyvəndləmə prosesinin təşkili və s.) ÜST tərəfindən bəyənilmiş və nümunəvi model kimi təqdim edilmişdir. 2021-ci ilin yanvar ayından ölkəmizdə start götürən peyvəndləmə prosesi hamımızın bildiyi kimi ilk olaraq həssas əhali (65 yaş və yuxarı) qrupunu əhatə edirdi. Virusun yayıldığı ilk dövrlərə nəzər yetirsək bu qrupdan olan şəxslərin virusa yoluxması və çox təəssüf ki, vəfat etməsi yüksək faiz nisbəti təşkil edirdisə, vaksinləşmə prosesindən sonra bu göstəricidə böyük dəyişiklik oldu. Yanvardan start götürən bu prosesdə artıq ölkə üzrə 4,5 milyondan çox şəxs iştirak edib. Bir məqamı da diqqətə çatdırmaq istərdim ki, Azərbaycanda vaksinasiya başlayandan bu günədək koronavirusdan vəfat edənlərin 99 faizi peyvənd olunmayan şəxslərdir.
Ölkəmizdə vaxtında atılan bu kimi addımlar sayəsində infeksiyaya yoluxma sayının azalmasının şahidi olduq. Və nəticədə yumşalmalar başlandı. Xüsusi karantin rejimi dövründə məhdudiyyətlər aradan qaldırılır, idman zallarının açılması, iri ticarət mərkəzlərinə girişlərin təmin olunması və toylara, kütləvi tədbirlərə icazə verilməsi fonunda cəmiyyət bir daha məsuliyyətli olmağa səslənirdi. Bu günədək ölkədə yetkin əhalinin 68%-nə peyvəndin hər iki dozasıı vurulub. COVİD-dən əziyyət çəkmiş əhali və sahibkarlıq subyektlərinin dəsəklənməsi üçün 1,6 milyard ABŞ dolları məbləğində maliyə yardımı ayrılıb. COVİD-19-la mübarizədə xalqımız da dövlətimizə yardımçı olmalı, hər kəs karantin rejmi və gigiyena qaydalarına riayət etməlidir.
Yenifail Qəhrəmanov,
Salyan rayon Mərkəzi Xəstəxanasının TTYS-nın bölmə müdiri