Adil Vəliyevin 10 illik XANƏDANI... - Və yaxud Sabunçu necə xaraba günə qaldı...
- 30-11-2021, 08:56
- 691
Əlbəttə ki, hər bir şəhid ailəsi qəhrəmanlarımızın bizlərə əmanətidir. Hər kəs bu əmanətə hörmət etməyə, qayğı göstərməyə çalışmalıdır. Bizlərə ən mükəmməl örnək Mehriban xanımdır. Birinci vitse-prezidentin uğurla reallaşdırdığı möhtəşəm xeyriyyəçilik missiyası onu milyonların sevimlisinə çevirib və bu əməllər Azərbaycan qadınının humanizm, mərhəmət kimi dəyərlərə malik olduğunu növbəti dəfə nümayiş etdirir.
Erməni işğalçıları ilə döyüşdə əlil olmuş şəxslərə maddi-mənəvi dəstək, onların sağlamlığının bərpasına lazımi diqqət də Mehriban xanım Əliyevanın humanizm fəaliyyətinin əsasını təşkil edir. Müharibə əlillərinin əksəriyyəti Birinci vitse-prezidentin köməyi ilə dünyanın nüfuzlu xəstəxanalarında müalicə alır. Hərbçilərimizin apardığı mübarizə haqq mübarizəsidir. Onların vətənpərvərliyini, qəhrəmanlığını, şücaətini yüksək dəyərləndirən Heydər Əliyev Fondunun prezidenti hər vaxt bu insanlara dəstək olacağını söyləmişdiı: "Siz hər bir insan üçün çox dəyərli olan sağlamlığınızı Vətən, torpaq yolunda qurban vermisiniz. Siz güllələr, bomba altında Azərbaycan uğrunda, torpağımız, Vətənimiz uğrunda həyatınızı qurban verməyə hazır olmusunuz. Mən fəxr edirəm ki, Azərbaycanın belə oğulları var, mənim belə qardaşlarım var”.
Çox təəssüflər olsun ki, Birinci xanıma uzaq qohumluğu çatan və bu qohumluqdan özünə çətir kimi sui-istifadə edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev qeyd etdiyimiz həssas kateqoriyaya mənsub insanlara və onların ailə üzvlərinə eyni münasibəti göstərmir. Pul gözünü o qədər tutub ki, rayonda şəhidin dəfninə, şəhid bulağının açılışına getməyi də özü üçün vacib saymır. Hətta polisə qazinin evinin sökülməsi barədə tapşırıq da verir.
Adil Vəliyevin Sabunçu rayonunda ucdantutma torpaq satışı ilə məşğul olması barədə indiyədək çox deyilib, çox yazılıb. Görünür, daha satmağa yer qalmadığından, Sabunçu rayonunun inzibati mərkəzi sayılan Sabunçu qəsəbəsindəki bazarın ətrafınada qanunsuz tikililərə rəvac verib. O ünvanı tanıyanlar bilirlər ki, Sabunçu dəmiryol vağzalının həndəvərində magistral yolun üstündə böyük dairə var idi. Yolun qırağında da piyadaların gediş-gəlişi üçün səki. Küçə ticarətinə “yaşıl işıq” yandıran icra başçısı yolun kənarındakı mağaza-dükanların hamısına şərait yaratdı ki, artırmalar edib səkini mənimsəsinlər. Təbii ki, təmənna qarşılığında. Rayon rəhbəri Sabunçu bazarından Zabrat qəsəbəsinə qalxan yolun sol kənarında da qanunsuz olaraq böyük bir obyektin inşasına rəsmi icazə verib.
4 ay sonra Adil Vəliyevin hazırki vəzifəyə təyin olunmasının 10 ili tamam olacaq. Razılaşaq ki, böyük müddətdir. Adamda özündənrazılıq, “toxunulmazlıq” sindromu yaranıb. Vəliyevin bu vəzifədən kənarlaşdırılması Sabunçu sakinləri üçün böyük müjdə olardı. Amma məbadə işğaldan azad edilmiş, Ermənistanla həmsərhəd rayonlardan birinə göndərilə! Satar torpağı düşmənə.
Nyus.Az.