Güc və birlik rəmzi - “Dəmir yumruq”
- 2-11-2021, 16:15
- 419
Azərbaycan Vətən müharibəsində tətbiq etdiyi innovativ silahlarla dünyanın hərb tarixində də yeni bir səhifə açdı. Düşmənin yalnız hərbi hədəflərini məhv etməklə müharibəyə də humanizm gətirdi. Müasir silahların verdiyi imkanlarla cəmi bir neçə günün içində müharibənin taleyini həll etdi. “Dəmir yumruğ”un sərrast zərbələri ilə düşmənin zəhərli başını əzdi. Ermənistanın illərlə qurduğu istehkamlar, xaricdən cəlb etdiyi muzdlu əcnəbi döyüşçülər bir kara gəlmədi. Azərbaycan Ordusunun gücü qarşısında düşmən darmadağın oldu.
Ermənistan 44 günlük Vətən müharibəsi nəticəsində, demək olar ki, ordusuz qaldı. Ən əsası illərlə Ermənistan cəmiyyətində sabun köpüyü kimi şişirdilmiş saxta miflər havaya uçdu. Müharibə zamanı Ermənistan ordusunda on mindən çox əsgər fərarilik etdi. Əslində, onlar ən düzgün addımı atdılar. Öz siyasi ambisiyalarını təmin etməkdən ötrü hərbçiləri labüd ölümə göndərənlərin iradəsinə tabe olmaq istəmədilər. Azərbaycan Ordusunda isə 44 günlük Vətən müharibəsi gedişində bir nəfər də olsun fərarilik etmədi. Azərbaycanın hər bir əsgər və zabiti sona qədər şərəflə vuruşaraq tarixi qələbəyə canı-qanı ilə töhfələrini verdi. Bu da Azərbaycanda nə qədər yüksək vətənpərvərlik ruhuna malik nəslin yetişdiyini göstərir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin yüzlərlə hərbi qulluqçuları müxtəlif orden və medallarla təltif olundular. Bu dövlətimiz, xalqımız tərəfindən onların fədakarlıına verilən qiymət idi. Bu gün döyüşlərdə həlak olmuş şəhidlərimizin ailələrinin, yaralanmış qazilərimizin sosial müdafiəsi istiqamətində böyük işlər görülür, onlar mənzillərlə, avtomobillərlə təmin edilir, digər problemləri həll edilir, sağlamlıq durumlarınını bərpası üçün tədbirlər görülür. Bu tədbirlər gələcəkdə daha geniş şəkildə aparılacaqdır. Bu bir daha dövlətin hər zaman öz vətəndaşının yanında olmasının bariz göstəricisidir.
Fuad Heydər - politoloq