Xarici şirkətlər Zəngilanın bərpasında iştirak edir
- 17-10-2021, 13:16
- 556
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Ordusu düşmən üzərində qələbələri sıraladı. 44 gün ərzində əsgərlərimiz hər gün irəlilədi, torpaqlarımızı düşmən taptağından azad etdi. Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. 2020-ci il oktyabrın 18-də ordumuz Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başladı və 3 gündən sonra, Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi.
Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun qəsəbə və kəndləri işğaldan azad edildi, ən əsası isə işğal altında qalmış 132 kilometrlik Azərbaycan-İran sərhədi tam bərpa edildi.
Zəngilan azad ediəndən sonra Azərbaycan Prezidenti İlham Əliyev 3 dəfə səfər edib. Səfərlər onu göstərdi ki, Zəngilan rayonuna Prezident İlham Əliyev aparılan bütün bərpa və quruculuq işlərinə bilavasitə özü nəzarət edir. İşğaldan azad olunmuş rayonlarda icra olunan layihələr regionun sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaqdır.
Bu gün işğal dövründə ermənilərin dağıtdığı yurd yerlərimizin bərpası prosesi sürrətlə davam edir. İlk bərpa edilən kəndlər isə Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndləri olacaq. Bu kəndlər “ağıllı” kənd pilot layihəsi çərçivəsində yenidən qurulacaq və burada 200 fərdi ev tikiləcəkdir.
Layihələrin icrasında Türkiyə, Çin, İsrail, İtaliya şirkətləri iştirak edəcəkdir. Rayon ərazisində bərpa işləri çərçivəsində ümumi uzunluğu 124 kilometr olan 6 zolaqlı strateji əhəmiyyətli Zəngilan-Horadiz avtomobil yolunun təməli qoyulub. Zəngilanda inşa olunacaq hava limanı bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq.
Mais Əmrahov – ADPU-nin professoru, tarix elmləri doktoru