SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Ramiz Yediyarov həbs oluna bilər... - Gündəm dəyişir...

Ramiz Yediyarov həbs oluna bilər... - Gündəm dəyişir...

Tarix:

15-08-2019, 20:23

/ 1 201 dəfə oxundu.
Ramiz Yediyarov həbs oluna bilər... - Gündəm dəyişir...

2012-ci ilin aprelindən 2018-ci ilin iyununa qədər Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olmuş Ramiz Yediyarov yaxın günlərdə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. DİA.AZ xəbər verir ki, bu barədə məlumat verən mənbənin sözlərinə görə, sabiq icra başçısının barəsindəki cinayət işinin istintaqı tamamlanıb və araşdırılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilib.

R.Yediyarov təqsirləndirilən şəxs qismində cəlb olunsa da, istintaq vaxtı onun barəsində həbs-qətimkan tədbiri seçilməyib. Sabiq icra başçısının işinə Gədəbəy Rayon Məhkəməsinin hakimi Maarif Kazımov baxacaq. Amma məhkəmənin vaxtı hələlik məlum deyil.

Keçmiş icra başçısı vəzifə cinayətlərində ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 222-2.1 (magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarında tikinti işləri aparma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və başqa maddələrlə ittiham irəli sürülüb.

Bu cinayət işində diqqətçəkən məqamlardan biri budur ki, R.Yediyarovun təxminən altı il rəhbərlik etdiyi qurum indi ona qarşıdır. Sabiq icra başçısının işi üzrə zərərçəkmiş qismində Gədəbəy Rayon İcra Hakimiyyəti tanınıb.

53 yaşlı R.Yediyarov 1997-ci ildən 2012-ci ildə icra başçısı təyin edilənə qədər vergi orqanlarında işləyib. 2010-cu ildə Prezidentin Sərəncamı ilə o, “Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10-illiyi (2000-2010)” yubiley medalı ilə təltif edilib.

DİA.AZ-a danışan mənbə bildirir ki, əslində bu iş Ramiz Yediyarovun həbsi ilə də nəticələnə bilər: "Çünki vəziyyət kifayət qədər dəyişikliyə meyillidir və Ramiz Yediyarovun qollarına qandal belə vurula bilər".

Şərhlər

XƏBƏR LENTİ