Neftçala rayonunda məktəbin istilik sistemi sökülərək satılıb
- Bu gün, 15:01
- 0
Bu barədə Şirvanlı kəndinin sakinlərinin redaksiyamızın vatçap xəttinə ünvanladıqları şikayətdə bildirilir.
Sakinlər qeyd edirlər ki, Şirvanlı kəndi İbrahim Babayev adına tam orta məktəbinin uzun illərdir ki, təmirə ehtiyacı var. Məktəbin xaricini ağardıb, rəngləyib müəyyən qədər gözügəlimli eləsələr də, sinif otaqları çox bərbəd vəziyyətdədir. Məktəbin istilik sistemi olsa da, uzun illərdir ki, çalışmır və valideynlər qış aylarında öz hesablarına aldıqları odun-ocaqla sinif otaqlarını qızdırmağa çalışır. Onlar bunu uşaqlarının məktəbdə xəstələnməməsi üçün edirlər.
Məktəbin rəhbərliyi isə bu günə qədər mərkəzləşdirilmiş istilik sisteminin təmir olunması üçün heç bir addım atmayıb. Valideynlərin şikayətinə isə, sadəcə təmir üçün pulun olmadığı bildirilir və hər il bu təkarar olunur.
Təhsil ili başa çatdıqdan sonra isə məktəbin direktoru Rasəf Heydərov məktəbin istilik sistemini söküb, “Kamaz”a yükləyərək harasa daşıyıb. Kənd sakinləri iddia edirlər ki, direktor məktəbin istilik sistemini “metallom” olaraq satıb. Bundan başqa direktor məktəbin həyətindəki su çənlərini və beton plitələri də satıb. Sakinlərin bizə göndərdikləri videomaterialda da bu iddialar faktlaşdırılıb.
Məktəbin istilik sisteminin və digər inventarlarının satılması ilə bağlı sakinlərin sualını cavablandıran direktor Rasəf Heydərov bildirib ki, o Nazirliyin tapşırığına əsasən istilik sistemini satb?! Qeyd edək ki, bu yerli sakinlərin iddasıdır.
Məsələ ilə bağlı Neftçaladan olan bir tanışımızdan bu iddiaları dəqiqləşdirməyi xahiş etdik. Tanışımız direktor Rasəf Heydərovla danışdığını qeyd edərək, onun adından bizə bildirdi ki, doörudan da məktəbin istilik sistemi sökülüb və satılıb. Direktor bunu məktəbin yeni istilik sistemi ilə təmin olunacağı ilə əlaqələndirib və bildirib ki, “metallom”a satılan köhnə istilik sistemindən əldə olunan gəlir də məktəbə sərf olunacaqş Direktor onu da vurğulayıb ki, bu satışdan Şirvan - Salyan Regional Təhsil İdarəsinin rəhbərliyi də məlumatlıdır və onların təlimatına əsasən belə bir addım atıb.
Qeyd edək ki, əlaqə saxladığımız Şirvanlı kənd sakinləri isə direktorun bu açıqlamasına inanmadıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, əgər məktəbdə yeni istilik sistemi qurulacaqdısa, direktor bu barədə onlarla söybətində deyərdi. Ancaq dirrektor bu barədə heç bir şey deməyib və onlarda güman edirlər ki, belə bir şey olsaydı, Rasəf Heydərov onları bu barədə məlumatlandırardı.
Sakinlər bildiriblər ki, sinif otaqları ümumlukdə normal təhsil fəaliyyəti üçün yararsızdır və məktəbin maddi bazası da həddindən artıq köhnəlib. Bu üzdən də məktəbin əsaslı təmirə ehtiyacı var.
“Ona görə də biz düşünürük ki, Rasəf müəllim bütün bunları öz əməlini ört-basdır etmək üçün deyir və öz əməlinə Şirvan - Salyan Regional Təhsil İdarəsinin rəhbərliyini də şərik edir. Bütün hallarda Rasəf müəllimin dedikləri düzdürsə, biz bunu yaxın iki ay ərzində görəcəyik”, deyə bizimlə əlaqədə olan yerli sakinlər bildiriblər.
Biz də öz tərəfimizdən bildiririk ki, avqustun sonlarında bu məsələyə bir daha qayıdacağıq.
Poliqon