FANTASTİK “ANALİZ QİYMƏTLƏRİ”, YERSİZ YOXLAMALAR... –Özbəklər AQTA-dan nə öyrənəcək?
- 28-08-2025, 16:50
- 371
Həmçinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) də Özbəkistanın nümayəndə heyəti ilə də görüş olub. Rəsmi məlumatda daha sonra qeyd olunur ki, “qonaqlara qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı, maddi-texniki bazanın müasirləşdirilməsi və bu sahədə qazanılan uğurlar barədə məlumat verilib”.
Maraqlıdır, görəsən AQTA rəhbərliyi Özbəkistandan olan qonaqlara özünün sahibkarlarla “qabaqcıl iş təcrübəsi” barədə də məlumat veribmi? Yerli-yersiz yoxlamalar, qanunsuz vəsait tələb olunması, sahibkarların incidilməsi və s. bu kimi “uğurlar”dan danışılıbmı? Ümid edək ki, “təcrübə” və “uğurlar” barədə danışarkən özbək qonaqlara bu sahədəki monopolist mövqeyindən istifadə edərək, əvvəlcə real əsas oldu-olmadı, sahibkarları laboratoriyaya “dürtməyi”, sonra da laboratoriya analizlərinə fantastik baha qiymətlər qoymağı öyrətməyiblər.
Qonaqlar Azərbaycan mətbuatına gözucu nəzər salsalar, sahibkarların AQTA-nın özbaşınalıqları, qanunsuzluqları, əsassız yoxlamaları, “analizlər” adı altında sahibkarları “soyması” barədə saysız-hesabsız şikayətlərə rast gələrlər.
Bilmirik, Özbəkistanda da müvafiq qurumun başında duran şəxs Azərabycandakı kimi ölkənin olduqca varlı adamlarından biridir, ya yox. Ancaq onu deyə bilərik ki, özbək qonaqlara bizim AQTA-nın “qabaqcıl təcrübəsindən” istifadə edərkən daha insaflı və vicdanlı omağı tövsiyə etməkdə fayda var...(Azpolitika)