Rezidenturaya qəbul imtahanının ikinci cəhdinin nəticələri açıqlanıb
- Bu gün, 15:16
- 60
Bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Namizədlər imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1286 namizəddən 31 nəfəri imtahana gəlməyib.
223 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyib.
Müsabiqə şərtini ödəyənlərdən 148 nəfər 4 və ya 5-ci kurs tələbələridir.
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan 4-cü və 5-ci kurs tələbələri ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olmaq hüququ əldə etdikdən sonra buraxılırlar.
İyunun 29-da keçirilən imtahanda 22 nəfər bu ilin, 53 nəfər isə əvvəlki illərin məzunları olmaqla, ümumilikdə 75 namizəd ikinci mərhələyə buraxılıb.
Əvvəlki illərdə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” nəticə əldə etmiş və bu il rezidenturaya qəbul olmaq üçün qeydiyyatdan keçən 740 namizəd də birbaşa ikinci mərhələyə – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılır.
İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) Apellyasiya komissiyası fəaliyyət göstərəcək. Apellyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Namizədlər Apellyasiya komissiyasına 2 iyul saat 10:00-dan 3 iyul saat 17:00-dək müraciət edə bilərlər.
Qeyd. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (II mərhələ) avqustun 10-da keçirilməsi planlaşdırılır. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından 40 və daha çox bal toplayaraq “məqbul” nəticə əldə edən və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər buraxılırlar.