Naxçıvanda “Sərvət” kimlərə sərvət qazandırıb - 8 milyon manata yaxın dövriyyə, 400 manat vergi
- 3-12-2024, 19:21
- 411
TNS-in əldə etdiyi məlumata görə, Naxçıvanda kiçik sahibkarlardan yığılan verginin həcmində artım olsa da, milyonlarla dövriyyəsi olan şirkətlər vergi ödəməyib.
Məsələn, Naxçıvanda fəaliyyət göstərən “Sərvət” İnşaat Məhdud Məsuliyyəti Cəmiyyətinin dövriyyəsi 2023-2024-cü illərdə 4 milyon manatdan çox olub. Şirkət cəmi 220 manat vergi ödəyib. “Zirvə qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin isə dövriyyəsi 3 milyon manatdan çoxdur. Bu MMC də vergidən yayınan şirkətlərdəndir. “Zirvə qrup” cəmi 190 manat vergi ödəyib.
Məlumata görə, dövriyyəsi milyonlarla manat olan “Güvən İnşaat”, “Güvən Ticarət”, “Optimal qrup” Məhdud Məsuliyyətli cəmiyyətləri də vergi ödəməyib.
İddia olunur ki, bu şirkətlərin himayədarı Prezidentin sabiq köməkçisi Əli Həsənovun qardaşı oğlu Anar Həsənovdur. Onun Naxçıvanda yüksək vəzifəli şəxslə dost və şərik olduğu ilə bağlı yerli mediada xeyli məlumat dərc edilib.
Məlumatlı mənbə bildirib ki, hazırda Naxçvan Muxtar Respublikası iqtisadiyyat nazirinin vəzifələrini icra edən, bundan əvvəl isə Dövlət Vergi Xidmətinin rəisi vəzifəsində çalışan Abbas İsmayılov bütün bunlara göz yumub.
Bu faktlar onu göstərir ki, Naxçıvanda vergi inzibatçılığının möhkəmləndirilməsi, şəffaflığın təmin olunması ilə bağlı səsləndirilən fikirlər həqiqəti əks etdirmir, populizmdən başqa bir şey deyil.
Hesab edirik ki, təqdim etdiyimiz faktlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalı, ciddi tədbirlər görülməlidir.
Azərbaycanda vergi sahəsində qayda-qanun yaradan, neqativ halların qarşısını qısa zaman ərzində alan iqtisadiyyat naziri Mikayıl Cabbarov Naxçıvanda iqtisadi sahədə baş verənlərlə bağlı aparılan araşdırmaları şəxsi nəzarətinə götürsə, ciddi pozuntular aşkarlanacaq, külli miqdarda vergidən yayınma hallarının olduğu ortaya çıxarılacaqdır.
Mövzunu davam etdirəcəyik.