177 nömrəli tam orta məktəbdə Zəfər Günü qeyd olunub – FOTO
- 7-11-2024, 10:59
- 964
Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad olundu. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı.
Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 8-i həm də Şuşa Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunur.
Respublikamızın hər yerində olduğu kimi, paytaxt Bakımızda da 8 Noyabr – Zəfər Günü silsilə tədbirlərlə qeyd edilir.
Noyabrın 7-də Bakı şəhəri, Nərimanov rayonu 177 nömrəli tam orta məktəbdə 8 noyabr Zəfər Günü ilə əlaqədar olaraq tədbir təşkil olunub. Belə ki, məktəbin müəllim-şagird kollektivi 8 Noyabr – Zəfər Günü ərəfəsində Vətən müharibəsi əlillərinə və igid Vətən oğullarının döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarına görə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
177 nömrəli tam orta məktəbin direktoru Arzu Süleymanova çıxış edərək görüş iştirakçılarını salamlayıb, 8 Noyabr – Zəfər Günü münasibətilə təbriklərini, səmimi ürək sözlərini çatdırıb. Arzu Süleymanova əlamətdar və tarixi gündə onlarla bir yerdə olduqlarına, məktəblilərin təşkil etdiyi bayram tədbirində iştiraklarına görə qazilərə razılığını ifadə edib. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarix yazan qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə qürur duyduqlarını, gələcəyimiz olan gənclərə, məktəblilərə onların keçdikləri döyüş yolunu, qəhrəmanlığını hər zaman nümunə çəkdiklərini vurğulayıb, bugünkü tədbirin də bu məqsədə xidmət etdiyini söyləyib. A.Süleymanova qeyd edib ki, məktəbin kollektivi olaraq bizim üçün qürurvericidir ki, şəhidlərimizin bizlərə əmanət olan övladlarına, qazilərimizin övladlarına dərs demək, bilik öyrətmək, onları ataları kimi vətənpərvər yetişdirmək hər bir müəllim üçün böyük qürur və fəxarətdir.