Maklerlər SOCAR-ı və Səbail RİH-i necə fırladır? - FOTOLAR
- 26-09-2024, 20:22
- 445
Bura bataqlıq idi, qamış basmışdı. Həbsdən yeni çıxan makler və onun bandası buranı cəmi bir ilə şəhərciyə çevirdi. Bir qat kərpicdən bataqlıqda ev tikib satırlar. Artıq bəzi evlərdə yaşayış var. Dəhşətlidir. Bu evlərdə birazdan çatlar yaranacaq, evi həşərat basacaq.
SOCAR yekə-yekə danışırdı ki, qanuna görə neft kəmərlərinin və neft quyularının yanında ev tikə bilməzlər.
Bir neçə il öncə valideynlərimin yaşadığı Bayıl dərəsindəki evlər sürüşməyə görə köçürüldü. Mən də bu "Akapen" deyilən ərazidən 3 sot torpaq aldım ki, onlara ev tikdirim. SOCAR-ın Bibiheybət NQÇİ-nin Nehrəmdən olan rəisi özünü ən pis yollara qoyub dirəndi ki, olmaz, qanun imkan vermir. Məsafə olmalıdır və sair və ilaxır. Çox bezdirdilər, tikə bilmədim. Sonra torpaqlarımız işğaldan azad olundu, mən də həmin ərazini satdım ki, bir-iki ilə valideynlərim Zəngilana qayıdacaq zatən, neynirəm əlavə evi.
Bir də gördüm satdığım torpaqda iki dənə ev tikib satdılar.
Ay SOCAR, bəs qanun icazə vermirdi? Yenə burada uzaq məsafə var idi, 200 metrdən çox idi. İndi fotoda gördüyünüz evlərlər neft quyusunun arasındakı məsafə heç 10 metr deyil. Adamın ağzının içində qanunu pozurlar, sən də gəlib şou göstərib evin bir qismini söküb gedirsən. Üstündən bir neçə gün keçir, SOCAR-ın baş ofisinə şəkil çəkib atırsan ki, sökdüm. Vəssalam. Sonra maklerə göz-qaş edirsən ki, get tik. Belə söküntüləri 365 dəfə görmüşük ay zavallı SOCAR.
Nəysə ki, hansısa məmurun adından istifadə edib SOCAR-ı da, Səbail rayon İcra Hakimiyyətini də divara dirəyib dayanmadan ev tikirlər. Özü də, məmurun özünün yox ha, qardaşının adı gələndə hamısı mil kimi dayanır...
Elməddin Muradlı
Avtosfer.az