Araz Ağalarov oğlunun adı qarışan qalmaqaldan danışdı - "Trampın oğlu ilə Emin ünsiyyət saxlayırdılar"

Araz Ağalarov oğlunun adı qarışan qalmaqaldan danışdı - "Trampın oğlu ilə Emin ünsiyyət saxlayırdılar" ABŞ-da prezident seçkilərinə “Rusiya müdaxiləsi” ilə bağlı qalmaqalların yeni dalğası yüksəlmək üzrədir. ABŞ KİV-ində hesab edirlər ki, prezidentin oğlu - kiçik Trampın Azərbaycan əsilli rusiyalı milyarder Araz Ağalarovun oğlu ilə münasibətləri Kremlin seçkilərə təsirini göstərir.
Rusiyanın müxalifyönlü mətbuatında isə yazılır ki, ABŞ seçkilərinə “Rusiya müdaxiləsi” işini araşdıran xüsusi prokuror Robert Müller ABŞ prezidentinin oğlu ilə rusiyalı vəkilin elektron yazışmasını araşdırmaq niyyətindədir, bütün bunlar haqqında CNN kanalı öz mənbələrinə istinadən məlumat verir. Daha öncə isə “New York Times” məlumat vermişdi ki, Kremllə əlaqəsinin olduğu iddia edilən Rusiyadan olan vəkil Natalya Veselniçkaya 2016-cı ildə prezidentin oğlu ilə görüşüb və ona prezidentliyə namizəd Hillari Klintona qarşı əlində kompromat olduğunu bildirib. Prezidentin oğlu mətbuat nümayəndəsinə bildirib ki, Veselniçkaya ilə görüş zamanı bəlli olub ki, onda heç bir əhəmiyyətli informasiya yoxdur və söhbətin məcrası uşaqların övladlığa götürülməsi zamanı yaşanan problemlərlə dəyişib və əslində görüşün əsas səbəbi də məhz bu olub. Veselniçkaya, sadəcə, “kompromat məsələsindən” görüşə nail olmaq üçün istifadə edib.
Bununla yanaşı, gənc Tramp twitter səhifəsində musiqi tənqidçisi Rob Qoldstoun ilə yazışmasını paylaşıb, Qoldstoun onun Emin Ağalarov ilə görüşünü təşkil etməli idi. Donald və Emin hələ 2013-cü ildən tanışdırlar. ABŞ KİV-i bu münasibəti də Kremllə əlaqələrin sübutu kimi qiymətləndirir. Çünki Eminin atası Aras Ağalarov ilə Rusiya prezidenti Vladimir Putin dostdur.
Kiçik Trampın Qoldstounla yazışmasında Emin Ağalarovla görüşün təşkili barədə müzakirə gedir. Həmin yazışmada kiçik Tramp Qoldstouna belə yazır: “Əgər bu, sən deyən məsələdirsə(Klinton haqda informasiya), o zaman bu, mənim xoşuma gəlir”.
Öz növbəsində Qoldstoun bəyan edib ki, vəkil ona daha öncə Hillari Klintonun seçki kampaniyası ilə bağlı ilginc məlumatlar çatdıracağını anons edib. “Rusiyanın baş prokuroru Trampın seçki qərargahına Rusiya ilə Hillari Klinton arasındakı münasibətlərlə bağlı rəsmi sənəd və məlumatlar çatdıracağını deyib. Bu isə sizin atanızın xeyrinə ola bilər” - bu isə Qoldstonun 3 iyun 2016-cı ildə kiçik Trampa yazdığı məktubda öz əksini tapıb.
Kiçik Tramp öncə bu sual ətrafında telefonda müzakirə aparmağı təklif edib. Amma bu, alınmayanda üzbəüz görüşə razılıq verib. Bununla belə, o bir daha iddia edib ki, “sözügedən qadın” (söhbət Veselnitskayadan gedir) rusiyalı məmur olmayıb, sadəcə, övladlığa götürmə və “Maqnitski Aktı” ilə bağlı məlumat əldə etməyə çalışıb. Kiçik Tramp eyni zamanda deyib ki, atası onun rusiyalı vəkillə görüşündən xəbərdar olmayıb.
Trampın oğlu deyib ki, rus vəkil ona kampaniya üçün əhəmiyyətli olacaq informasiyaya malik olduğunu söyləyib. O deyib ki, guya Rusiyaya bağlı şəxslər Demokratik Partiyanın Milli Komitəsini və Hillari Klintonu dəstəkləyirlər. Oğul Trampın dediyinə görə, söhbət əsnasında tezliklə aydın olub ki, vəkilin informasiyası yayğındır və heç bir sübuta söykənmir.
Cənab Varner deyib ki, rusiyalı vəkillə söhbət Tramp administrasiyasının “yaddaşsızlıq” vərdişinin daha bir epizodudur. Başqa sözlərlə Tramp administrasiyası və kampaniyasının rəsmiləri ruslarla görüşlərini nədənsə bir qayda olaraq “unutmuş” olurlar. Senator deyib ki, indiyədək Tramp kampaniyasının ruslarla əlaqələrinə dair çox sayda iddialar olub, lakin prezident və onun yaxın çevrəsi bütün bu iddiaları rədd ediblər.
BBC xəbər verir ki, “The İndependent” hüquq ekspertinə istinadən yazır ki, ola bilsin, oğul Tramp öz bəyanatı ilə cinayət törətdiyini təsdiq edib. MSNBC şəbəkəsindən təhlükəsizlik təhlilçisi və Ədliyyə Nazirliyinin keçmiş sözçüsü Metyu Miller deyib ki, prezidentin oğlu xarici vətəndaşdan dəyəri olan nəsə almaq istədiyini və buna çalışdığını etiraf etməklə qanunu pozduğunu da etiraf edir. Ekspert deyib ki, ABŞ qanunlarına görə, bu “qiymətli nəsənin” pul olması vacib deyil, bu bir informasiya da ola bilər.
“Krokus” qrupunun sahibi, milyarder Araz Ağalarov ABŞ prezidenti Donald Trampın oğlu tərəfindən dərc edilmiş və Hillari Klinton əleyhinə kompromatla əlaqədər onun oğlu Emin Ağalarovun adıçəkilən məktubu “uydurma” adlandırıb.
Virtualaz.org bildirir ki, BFM-ə müsahibəsində A.Ağalarov deyib: “Mən düşünürəm, bu hansısa bir uydurmadır. Amma onu kim uydurur, bilmirəm. Hillari Klintonun bura nə dəxli var? Mən bilmirəm...”
“Trampın oğlu ilə tanışsınızmı” sualına Araz Ağalarov “yox” cavabı verib.
“Onunla Emin tanışdır, mən tanış deyiləm. Amma biz beynəlxalq gözəllik yarışması keçirdik və orada müəyyən əlaqələr oldu. Onlar təxminən eyni yaşdadır, haradan bilim ki, hansı formada ünsiyyət saxlayırdılar. Bəli, ünsiyyət saxlayırdılar, ancaq necə, nədən danışırdılar, bilmirəm”, - deyə A.Ağalarov bildirib və əlavə edib ki, Trampın oğlu bir müddət Eminlə menecer kimi işləyib və yəqin, yaxud ehtimal ki, Amerikada nəsə müəyyən işlər görüb.
“Ümumiiyyətlə, o işləyirdi. Onlar ünsiyyət saxlayırdılar”, - deyə milyarder bir daha vurğulayıb.

musavat.com
Geri qayıt