Oğlu adam döyən general haqda şok iddialar - “Müharibə yalanı”yla bağlı araşdırma başlaya bilər

Oğlu adam döyən general haqda şok iddialar - “Müharibə yalanı”yla bağlı araşdırma başlaya bilər Prezident İlham Əliyevin general-mayor Novruzəli Hüseyn oğlu Orucovu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsindən azad etməsinin səbəbi bəlli olub.

General oğlunun özbaşınalığının güdazına gedib və eynilə İsmayıllı hadisələrinə bənzər olay yaşanıb.

General oğlu İsmayıllı olayının kandarında…

Xatırladaq ki, İsmayıllıda keçmiş əmək naziri Füzuli Ələkbərovun oğlu Vüqarın içkili halda qəza törətməsi, vurduğu maşının sürücüsünü dostları ilə birlikdə döyməsi və rayon camaatını təhqir etməsi bölgəni ayağa qaldırmışdı.

Ondan sonra məlumdur ki, rayonda icra başçısı olan əmisi Nizami Ələkbərov və nazir atası vəzifəsindən qovuldular.

Generalın oğlu da demək olar ki, eyni qanunsuzluğa yol verib. Sadəcə, bu dəfə əhalinin ayağa qalxmasına ehtiyac qalmayıb.

Orucovun xuliqanlıq edən oğlunun

Ehtiyatda olan hərbçi Üzeyir Cəfərov BakuPost.az-a açıqlamasında bildirib ki, generalın ölkə başçısı tərəfindən vəzifədən azad edilməsi əsla onun xidməti fəaliyyəti ilə əlaqədar deyil: "Bu onun övladının etdiyi cinayət xarakterli hərəkəti ilə bağlıdır və hesab edirəm ki, çox doğru və düzgün addımdır”.

Məmur uşaqlarının "yol terror”u durmur

Prezident müşavirələrdə harınlıq edən məmur balalarını və atalarını cəzalandıracağını bəyan etsə də, əməllərinə son qoymayanlar hələ də var.

Bundan bir az əvvəl də Bakıda biznesmenin 16 yaşlı oğlu 2 uşaq anasını avtomobillə vuraraq öldürmüşdü.

Həmçinin, sabiq deputat Ayaz Orucovun oğlunun avtomobilində başqa maşında olan qızlara sataşması, onlara silahlı atəş açıb qorxutması, "Xəzər Gəmiçilik” QSC-nin sabiq rəis müavini Mübariz Mədətovun oğlunun məşhur tarzənin yoldaşını və nəvəsini avtoqəzada öldürməsi, Nəsimi icra başçısı Asif Əsgərovun oğlunun da yol qəzasında "Mcdonalds” rəhbərinin yeniyetmə övladını tələf etməsi və s. onlarla belə məmur uşaqlarının qudurğanlıqlarından danışmaq olar.

General Orucova gəlincə, oğlu Rüstəmin həbsi də ölkə rəhbərliyinin qəzəbini azaltmayıb, zavallı marşrut sürücüsünü təkləyib döyən general oğlunun atasını işindən qovub.

Bundan bir müddət qabaq da mətbuatda N.Orucovun oğlanları haqda neqativ iddialar var idi. Onların kiriminal hadisələrin içində olduğu bildirilirdi.

Orucov Füzulidə döyüşməyib?

Bu arada, generalın fəaliyyətinin təftiş edilə bilməsi xəbəri də yayılmaqdadır. Bildirilir ki, bir qrup Qarabağ müharibəsi iştirakçısının iddia etdiyi – "Orucov Füzulidəki döyüşlərdə iştirak etməyib” məsələsi araşdırıla bilər.

Qazilərin adından mətbuatda yayılmış və zamanında Orucov tərəfindən bir çox saytlardan sildirilmiş həmin materialda deyilirdi:

"Biz özümüz Füzulidə döyüşmüşük və bilirik ki, orada elə bir adam döyüşlərdə iştirak etməyib.

Onun bu saxtakarlığa niyə getdiyini bilmirik, bəlkə aldığı general rütbəsini qanuniləşdirmək üçün edib, amma gördüyümüz odur ki, bu saxtakarlıq haqda mediada yazılmır, yazılanlara isə reaksiya verilmir”.

Sürücünü 8 dayanacaq izləyib, sonra döyüb...

Xatırladaq ki, Orucov Novruzəli 1962-ci ildə Ucar rayonunda anadan olub. Ucar şəhərindəki 2 nömrəli orta məktəbdə təhsil alıb.

1969-cu ildə, 6 yaşında ikən atasını itirib. Zaqafqaziya Hərbi Dairəsində - Gürcüstanın Qori şəhərində kiçik tank komandirləri kursunu bitirib.

Sonra Axalkələkdəki 13-cü qvardiya diviziyasında kiçik tank komandiri kimi müddətli həqiqi hərbi xidmət keçib.

Hərbi xidmət zamanı göstərdiyi şücaətə görə "Döyüş xidmətlərinə görə" medalı ilə təltif olunub. Hərbi xidməti bitirdikdən sonra bir müddət zavodda fəhlə işləyib. Daha sonra Xarkov Ali Hərbi Tank Komandirləri məktəbinə qəbul olunub.

Sovet ordusunun Macarıstandakı hərbi birləşməsində 1 il kəşfiyyat taqımının komandiri, sonra isə müvafiq olaraq tank taqımının və bölüyünün komandiri vəzifələrində çalışıb.

Azərbaycana 1991-ci ildə gələn N.Orucov bir müddət Salyan Rayon Hərbi Komissarının müavini vəzifəsində çalışıb. Məlumatlara görə, Qazax rayonunun müdafiəsində, həmçinin Füzulidə tank taborunun komandiri kimi döyüşlərdə iştirak edib.

Novruzəli Orucov 2007-2012-ci illərdə KHVTİC Respublika Şurasının sədri vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 13 mart 2010-cu il tarixli Sərəncamı ilə general-mayor hərbi rütbəsi verilib.

2012-ci ilin mayından Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsində çalışıb.

BakuPost.az
Geri qayıt