Cərimələrin artırılmasından rüşvətə gedən yol... - FAKT BUDUR!

Ekspertlər hesab edir ki, yeni qadağa sənədsiz evlərin tikintisinin qarşısını ala bilər, lakin hazırda mövcud olan sənədsiz evlərlə bağlı illərdir qalan problemi çətin ki həll etsin. Bakı və Abşeron ərazisində 100 minlərlə çıxarışı olmayan 500 mindən çox fərdi ev var. Üstəlik, xeyli torpaq sahələri də var ki, bələdiyyələrin verdiyi sərəncamlar əsasında əldə edilib. Və onların özəlləşmələrində ciddi problemlər qalmaqdadır.
Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az"a açıqlamasında qeyd etdi ki, bu yenilik bundan sonra sənədsiz, icazəsiz aparılacaq tikintilərə qarşı yönəlib. Lakin:
- Əgər biz bundan sonra sənədsiz evlərin tikintisinə qadağa qoymaq istəyiriksə, icazəsiz tikintilərin qarşısını almaq istəyiriksə, əvvəlcə məmurların yaratdığı problemi – sənədsiz evlər problemini həll etməliyik, onların hüquqi statusunu müəyyən etməklə. Cinayət Məcəlləsinə edilən dəyişiklik prosesin qarşısını ala bilər, amma indiyədək mövcud olan və hazırda da mövcud olan problemlə bağlı bəzi neqativ halları da artıra bilər. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi deyək ki, tikintiyə icazə vermədi. Kimsə də getdi aldığı torpaq sahəsində fərdi ev tikdi. Kommunikasiya məsələlərinə səlahiyyəti çatan hansısa bir qurumun əməkdaşı da gəldi, su çəkdi, qaz xəttinə qoşdu və ya elektrik enerjisinin verilməsini təmin etdi. Və iddia etdi ki, bu xətlər burada çoxdan var, vətəndaş qoşulub. O zaman nə olacaq? Cərimələrin artırılması rüşvətin miqdarının da artmasına gətirib çıxarır. Əgər biz problemi həll etmək, prosesin təkrarlanmamasını istəyiriksə, məsələnin kompleks şəkildə həllində maraqlı olmalı, yanaşma tərzini dəyişməli və müvafiq orqanlar qarşısında konkret vəzifələr qoymalıyıq. İndiyədək tikilmiş evlərin sənədləşdirilməsi məsələsi yekunlaşmalıdır. Bu prosesə start verib başa çatdırmaq lazımdır ki, dövlət büdcəsinə kifayət qədər vəsait daxil olsun.