Deputatdan xaricdə yaşayan azərbaycanlı qızlara ÇAĞIRIŞ — “Erməni oğlanlara ərə getməyin!”

Deputatdan xaricdə yaşayan azərbaycanlı qızlara ÇAĞIRIŞ — “Erməni oğlanlara ərə getməyin!” Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, deputat Rövşən Rzayev bu yaxınlarda Rusiyada yaşayan azərbaycanlı iş adamı Eldar Osmanovun qızı Lolitanın erməni sahibkar Albert Avdolyanın oğlu Qasparla ailə həyatı qurmasını pisləyib.

R.Rzayev açıqlamasında bildirib ki, son vaxtlar bəzi azərbaycanlı qızların ermənilərlə ailə həyatı qurması xoşagəlməz haldır.

“Ermənilərlə ailə həyatı quran azərbaycanlı qızlar uzun müddətdir xaricdə yaşayan ailələrdir. Bilirsiniz, Azərbaycan xalqı müdrik və qədirbilən xalqdır. Çox təəssüf ki, Azərbaycanın 70 illik Sovet İmperiyası əsarətində olduğu dövrdə bütün xalqlar kimi, azərbaycanlılar arasında da kosmopolit düşüncəli insanlar olub. Belə insanlar indi də var və bu cür mənfi addımları həyata keçirə bilirlər. Heç bir halda mən buna müsbət baxa bilmərəm. Çünki ermənilər tarixən azərbaycanlılara qarşı düşmən mövqeyində olublar. Belə bir halda azərbaycanlı qızların erməni oğlanlarla ailə həyatı qurması ilk növbədə həmin azərbaycanlı ailələrin özlərinə hörmət gətirmir. Mən birmənalı olaraq bu cür addımları mənfi qiymətləndirirəm”.

Deputat sözügedən məsələ ilə bağlı soydaşlarımıza çağırış da edib:

“Soydaşlarımıza deyəcəyim odur ki, Azərbaycan Respublikasının Prezidenti və lideri cənab İlham Əliyevin səyləri və şəxsi nüfuzu hesabına ölkəmizin ərazi bütövlüyü birmənalı olaraq həll olunacaq. Buna hər bir azərbaycanlı kimi mən də əminəm. Mən öz liderimə, generalıma, zabitimə və əsgərimə arxayınam ki, biz bunu edə biləcəyik. Bütün Azərbaycan xalqı da bu prosesin içərisində olacaq”.

Xatırladaq ki, 2016-cı ildə Rusiyada yaşayan Leyla adlı azərbaycanlı qız da Artyom Xaçaturyan adlı erməni oğlanla ailə həyatı qurduğunu gündəmə gətirib.

Bir çox sosioloq və ekspertlər isə son zamanlar xaricdə yaşayan bəzi azərbaycanlı qızların ermənilərə ərə getməsinin arxasında məkrli planın olduğunu iddia edir.

“Ölkə.Az”
Geri qayıt