MTN çetesi yenə iş başında: Las Veqas cinayəti davam edir

MTN çetesi yenə iş başında: Las Veqas cinayəti davam edir MTN olaylarından sonra Prezident İlham Əliyev Nazirlər Kabinetinin bütün iclaslarında birmənalı şəkildə iş adamlarına ölkədə hər çür şəraitin yaradılması ilə bağlı müvafiq tapşırıqlarını verir. Məhz Prezidentin bu çağırışından sonra onlarla iş adamı başlarına gətirilən müsibətləri açıq şəkildə etiraf etmək imkanı qazandılar. Bu iş adamlarından biri də uzun illər sahibkarlıqla məşğul olan, uğurlar əldə edən, sonradan MTN-də yuva quran cinayətkar şəbəkənin qurbanına çevrilərək, var-dövləti əlindən alınan Maqsud Mahmudzadədir.

MTN-də kök salmış cinayətkar şəbəkənin qurbanına çevrilən Maqsud Mahmudzadə bu günlərdə icmal.az saytı vastisə ilə yenidən Azərbaycan Ədliyyə Naziri Fikrət Məmmədova və Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət etdi.

Əvvəlcə həmin müraciətdən bəzi məqamları diqqətinizə çatdırıırıq:

İş adamı müraciətində iyunun 6-da Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının üzvü, hakim Mehparə Əhmədovanın sədrliyi ilə onunla bağlı məhkəmə prosesinin keçirilməli olduğunu, lakin naməlum səbəbdən məhkəmənin 30 iyun 2017-ci il tarixə təxirə salındığını bildirib.

Maqsud Mahmudzadə müraciətində qeyd edib: "Nərimanov rayon Məhkəməsinin 7 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iş adamı Mahmudzadə Maqsud Mahmud oğlu ilə İsmayılov Azad Fərhad oğlu arasında 11 sentyabr 2015-ci il tarixdə Sumqayıt şəhəri 4 saylı Dövlət Notariat Kontorunda bağlanmış Sumqayıt şəhəri 3/d ünvanında istifadədə olan 0.094248 ha torpaq sahəsində, Bakı-Quba yolunun şimal ünvanında yerləşən, ümumi sahəsi 965,9 kv.molan əmlak kompleksinin ("Las Veqas" restoranının) alqı-satqısı barədə AN İN 0472824 saylı daşınmaz əmlakın alqı-satqısı barəsindəki müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi və həmin əmlak üzərində Mahmudzadə Maqsud Mahmud oğlunun mülkiyyət hüququnun bərpası qət olunmuş, sabiq MTN-nin və "Bank Technique” ASC-nin bir sıra əməkdaşlarının əməllərində cinayət tərkibi olması barədə xüsusi qərar çıxarmaqla prokurorluğa məlumat verilmişdi. Həmin qətnamədən İsmayılov Azad Fərhad oğlu və Quluzadə Cavid Məhəbbət oğlu apellyasiya şikayətləri veriblər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 dekbar 2016-cı il tarixli qətnaməsi ilə Nərimanov rayon Məhkəməsinin iş üzrə 07 sentyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılıb. Hazırda barələrində xüsusi qərarlar çıxarılmış şəxslər bütün qanunsuz yollarla mənim xeyrimə olan qətnamələri ləğv elətdirmək istəyirlər".

Maqsud Mahmudzadə müraciətində göstərib ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının üzvü, hakim Mehparə Əhmədovanın həyat yoldaşı keçmiş MTN-in polkovniki olub və hazırda sərəncama çıxarılıb:

"Hakimin həyat yoldaşının mənim mülkümü təzyiq yolu ilə ələ keçirən keçmiş MTN işçisi Quluzadə Cavid Məhəbbət oğlu ilə sıx münasibətləri olub. Quluzadə Cavid Məhəbbət oğlu keçmiş MTN-nin istintaq idarəsində işləyib. Bu şöbənin rəisi Vüsal Ələkbərov isə məlum hadisələrlə bağlı həbs olunub".
Zərərçəkən Maqsud Mahmudzadə daha sonra qeyd edir ki, "Bank Technique” ASC-nin bir sıra əməkdaşlarının əməlləri keçmiş MTN-nin İstintaq İdarəsində aparılırmış: "Keçmiş MTN işçisi Quluzadə Cavid Məhəbbət oğlu həmin istintaq qurupunun üzvü idi. Məhz bu səbəbdən Cavid Quluzadə Azad İsmayılova kömək edərək, onun "Bank Technique” ASC-də olan pulunun alınmasında iştirak edib. Yuxarıda adını çəkdiyim şəxslər sonradan mənə hədə-qorxu gələrək mənə məxsus olan avtomobili öz adlarına keçirdilər. Cavid Quluzadənin təzyiqi və hədəsi ilə Notarius depozitinə pul keçirilmədən alqı-satqı müqaviləsi təsdiqlənmişdi”.

Maqsud Mahmudzadə müraciətində Cavid Quluzadənin Ali Məhkəmənin Mülki Kollegiyasının üzvü, hakim Mehparə Əhmədovanın MTN-çi həyat yoldaşı ilə dostluq əlaqələrindən sui-istifadə etdiyini xüsusi vurğulayaraq, yazıb: "Xanım hakimin həyat yoldaşı mənim avtomobilimi və restoranımı hədə-qorxu ilə əlimdən alan Cavid Quluzadə ilə yaxın münasibətlərə malikdir. Bu insanlar bütövlükdə mütəşəkkil şəkildə mənim həyatımı məhv ediblər… Vaxt var idi, mən 300 vətəndaşımızı işlə təmin etmişdim, biznesimi daha da genişləndirəcəyimi düşünürdüm. Ancaq belələrini "səyi” nəticəsində bü gün onlardan 280-nə yaxını işsizdir… Artıq susa bilmirəm, maddi resurslarım tamamilə tükənib, səbrim bitib. Mən fövqəladə heç nə istəmirəm, sadəcə şəxsi əmlakımı geri qaytarsınlar".

Müraciətinin sonunda Maqsud Mahmudazdə keçmiş MTN işçilərinin ona təkcə maddi deyil, mənəvi-psixolji baxımdan da ağır zərbə vurduqlarını iddia edərək, 30 iyunda keçiriləcək məhkəmə posesində əlindən alınmış bütün əmlakının qaytarılması haqda qərar veriləcəyinə ümidvar olduğunu bildirib.

İş adamının müraciətindən sonra bəzi media qurumlarında Cavid Quluzadənin adamı olan Azad İsmayılov adından müraciət ünvanlandı. Müraciətdən bəzi xırda detalları Sizin diqqətinizə çatıdırırıq:

"Nərimanov rayon Məhkəməsinin hakimi Abbas Əliyev gözünü yumub tamamilə qondarma bir qətnamə çıxarıb. Ən dəhşətlisi odur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Saqi Məmmədov gözünü yumaraq 02 dekabr 2016-cı il tarixdə, bizim dəlillərə tüpürərək Abbas Əliyevin qətnaməsini qüvvədə saxlayıb.”

Birincisi, Abbas Əliyev və Saqi Məmmədov ölkədə fəaliyyət göstərən ən vicdanlı hakimlərdəndir. Onlar faktlar əsasında qətnamələr qəbul edirlər, qərarlar çıxarırlar. Görünən odur ki, Azad İsmayılovun adından mediaya ünvanlanan bu müraciətdən heç onun özünün də xəbəri yoxdur. Hakimə "TÜPÜRMƏ” jarqonunda yanaşma keçmiş "MTN çetesi"nin üslubuna aiddir.

İkincisi, Azad İsmayılov keçmiş MTN işçisi Cavid Qulkuzadənin adamı deyilsə, o zaman bu fotoda onun yanında dayanan şəxs kimdir?

Üçüncüsü, keçmiş MTN-in vəzifəli şəxsi Cavid Quluzadə Azad İsmayılovla Sumqayıt Notarius İdarəsinin qabağında nə işi var?
Əslində bu və ya bu kimi sualların cavabını özümüz də bilirik. Maqsud Mahmudzadə icmal.az-a ünvanladığı növbəti müraciətində bildirir ki, "bu gün Eldar Mahmudovun, Akif Çovdarovun cinayətkar "varisləri” öz əməllərindən əl çəkmək niyyətində deyillər: "Onların əsas məqsədi ölkədə iş adamlarına Cənab Prezident tərəfindən verilən ikinci nəfəslyi də bağlamaqdır. Bu yolla onlar ölkədə olan sağlam investisiya mühitinə kölgə salmaq, beləliklə iş adamlarını ölkə rəhbərliyinə qarşı qaldırmaq istəyirlər. Lakin biz həmrəylik nümayiş etdirməli, bu kimi fırıldaqçılara qarşı mübarizə aparmalıyıq. Hesab edirəm haqq-ədalət öz yerini tapacaqdır”

İcmal.az
Geri qayıt