Azərbaycanda “Carabao” təhlükəsi nə qədər realdır

Azərbaycanda “Carabao” təhlükəsi nə qədər realdır 7 iyun 2017-ci il tarixdə Sanitar-karantin müfəttişliyinin mətbuat üzrə məsul şəxsi Yadulla Balışov bildirib ki, “Carabao” içkisini Azərbaycana “Nep future” şirkəti idxal edir.
Balışov onu da bildirib ki, bu şirkət gigiyena qeydiyyatından keçmək üçün öz məhsulunu bizə təqdim edib: ““Nep future” şirkəti məhsulun üzərinə öz ünvanlarını və yararlıq müddətini qeyd edib. Şirkrətin bizə təqdim etdiyi içkinin üzərindəki yazılar Azərbaycan dilindədir.
2 iyun 2017-ci ildə “Nep future” şirkəti öz məhsulunun gigiyenik qeydiyyatdan keçməsi üçün bizə rəsmi müracaiət edib.
Biz “Carabao” içkisinin gigiyenik normalara cavab verib-vermədiyini araşdıracağıq. Əgər cavab müsbət olarsa, məhsul gigiyenik qeydiyyatdan keçəcək”.
Müxbirimizin “ Siz demək istəyirsiniz ki, “Carabao” içkisi hələ gigiyenik qeydiyyatdan keçməyib.
Bəs onda bu içki necə satışa çıxarılıb?” sualına Yadulla Balışov belə cavab verdi: “Gigiyenik qeydiyyatdan keçməyən məhsul satışa çıxarıla bilməz”.
9 iyun 2017-ci il tarixdə Sanitar-karantin müfəttişliyinin mətbuat üzrə məsul şəxsi Yadulla Balışov bildirdi ki, “Carabao” içkisi iki dövlətin ərazisində istehsal olunur: “Bu Böyük Britaniya və Tailanddır. Tailandda istehsal olunan məhsul 8 iyun 2017-ci il tarixdə Azərbaycanda gigiyenik qeydiyyatdan keçdi. Böyük Britaniyadan gətirilən məhsul isə hələ ki gigiyenik qeydiyyatdan keçməyib”.
Yeri gəlmişkən, bildirək ki, ATV kanalında 29 may 2017-ci il tarixdən fəaliyyətə başlayan “Maşın Şou” verilişində “Сarabao” içkisi reklam edilir.
Bu içki eyni zamanda 1news.az və Milli.az saytlarında da reklam eddilir.
Hələ gigiyenik qeydiyyatdan keçməyən məhsulun reklam edilməsi qanunvericiliyə uyğundurmu..?
Sualla bağlı Reklamçılar İttifaqının vitse-prezidenti Tamilla Nağıyeva bildirdi ki, sanitar normalara uyğun gəlməyən məhsul Azərbaycan ərazisində reklam oluna bilməz: “Çünki bu məhsul Azərbaycan bazarına qanunsuz girib”.
14 iyunda başladığımız araşdırmanı davam etdirmək qərarına gəldik.
Məsələ ilə bağlı Azad İstehlakçılar Cəmiyyətinin sədri Eyyub Hüseynov bildirdi ki, məhsulun bazara daxil olması üçün mütləq Standartlaşma, metrologiya və patent komitəsindən uyğunluq sertifikatı və Səhiyyə Nazirliyinin Sanitar-karantin müfəttişliyindən gigiyena sertifikatı alınmalıdır: “Nazirlər Kabinetinin 94 saylı qərarı uyğunluq sertifikatı olmayan qida məhsulunun satışını qadağan edir. Belə hal olarsa uyğunluq sertifikatı olmayan məhsulun satışından gələn gəlir müsadirə olunur. Həm də onu qeyd edim ki, sertifikatlaşmayan məhsulun reklamı da qadağandır”.
Standartlaşma, metrologiya və patent komitəsinin nümayəndəsi Ülvinin ( soyadını demədi ) sözlərinə görə onların qurumu 2012-ci ildən başlayaraq uyğunluq sertifikatı vermir: “Sertifikat vermək hüququ müxtəlif şirkətlərə verilib. Bizim komitə ancaq o şirkətlərin fəaliyyətinə nəzarət edir”.
Biz sertifikat verən Azersert şirkətinə müraciət edərək, öyrənmək istədik ki, “Nep future” şirkəti uyğunluq sertifikatı alıbmı..?
Şirkətin ekspert-auiditoru Famil Musayev bildirdi ki, bu informasiya sirrdir, bu barədə sizə heç nə deyə bilmərəm.
Musayevin sözlərinə görə, məhsula ilk növbədə gigiyena sertifikatı verilir: “Sonra gigiyena sertifikatının əsasında uyğunluq sertifikatı verilir. Amma qaydalar imkan verir ki, uyğunluq sertifikatı birinci verilsin. Bunun üçün məhsul laboratoriyada hərtərəfli yoxlamadan keçməlidir. Bundan qaçmaq üçün gigiyena sertifikatının alınmasını gözləyirlər”.
Müxbirimizin “Sertifikat almadan məhsul reklam oluna bilərmi?” sualına Famil Musayev belə cavab verdi: “ Yox. Qida məhsulları və içkilərin gigiyena və uyğunluq sertifikatı olmadan reklamı qadağandır”.
Sözardı: Qrandmart supermarketinin əməkdaşı bizə bildirdi ki, , “Nep future” şirkətinin göndərdiyi “Сarabao” içkisinin satışı ilə məşğuluq.
Qrandmart-ın ofisinin əməkdaşı Zöhrab ( soyadını demədi ) bildirdi ki, “Сarabao” içkisini 1 aydan çoxdur ki, satırıq.

Qafqaz Xəbər Agentliyi
Geri qayıt