Günel Musa: Fuad Muradov bizi qoltuq jurnalistləri və qoltuq mediası ilə səhv salır

Günel Musa: Fuad Muradov bizi qoltuq jurnalistləri və qoltuq mediası ilə səhv salır Diaspora Komitəsi ilə bağlı yayımlanan araşdırma  və tənqidi materiallara görə üstümə hücum var və məni qoltuq jurnalistləri, qoltuq mediası ilə səhv salırlar. Sifarişli  olduğunu düşünənlərə  ilk və son dəfə post həsr edirəm. Bundan sonra heç birinizə cavab verib sizi şərəfləndirmək niyyətində deyiləm. Voicepress.az saytı  heç bir məmurdan, heç bir nazirlikdən, heç bir xarici mənbədən, heç bir biznesmen yaxud da kriminal aləmlərin adamları tərəfindən maliyyələşən bir media orqan deyil. Olmayacaq da.  Sifarişli yazıları adətən hansısa məmura qalxan olan, onların prisniplərinə kölə olan media orqanları yayımlayır. Mən mediada olduğum bu 15 il müddətində əməkdaşı olduğum heç bir media qurumda bir kəlimə belə olsun sifarişli, qışqırtıcı yazı yazmamışam. Mənə bunu heç bir qüvvə etdirə bilməyib bilməyəcək də.  Azərbaycan Diaspor üzrə Dövlət Komitəsi haqqında illərdir, dayanmadan saysız-hesabsız faktlara söykənən qanun pozuntusundan tutmuş doğru iş icra olunmamağa qədər məktublar alıram. Bunu deməyə bəlkə də gərək yoxdur. Sosial şəbəkədə xaricdə yaşayan azərbaycanlıların çox hissəsinin narazılıq dalğasını sezmək mümkündür. Diaspora Komitəsi illərdir xaricdə yaşayan azərbaycanlıları bir çətir altına yığmaq əvəzinə onları bölməyə xidmət edən işlərlə məşğuldur. Halbuki bu komitənin əsas missiyası dünyaya səpələnən azərbaycanlıları bir amal altında birlədirməkdir. Komitə isə bunu bacarmır. Əvvəllər çalışdığım heç bir qurum mənə bu meydanı vermədi. Çünki Azərbaycan mediası media olmaqdan çıxalı çox olub. Mənim Fuad Muradovla heç bir şəxsi qərəzliyim, umacağım yoxdur. Heç vaxt da əməkdaşlığımız olmayıb. Amma bir jurnalist olaraq həddindən artıq çox narazılıq varsa onu araşdrımaq əldə etdiyim faktları incələmək məcburiyyətindəyəm ki, bunu da edirəm. Düşünürəm ki, hər bir vicdanlı peşəsinə hörmət edən jurnalist bunu etməlidir. Ola bilər ki, Fuad Muradovun haqqında səsləndirilən ittihamlara verəcək cavabı var və biz onun da mövqeyini yayımlamağa hazırıq. Mən heç kimə arxalanmıram. Yalnız Cənab Prezidnetin jurnalistlərə müraciətindən cəsarətlənərək dövlət qurumlarında baş verən özbaşınalıqları işıqlandırıram. Əgər həqiqətən deyilən ittihamlar əsassızdırsa bu sizi narahat etməməlidir. Hücum taktikasını seçirsinizsə deməli ittihamlarda doğruluq payı var və bu sizin kefinizi pozur. Diaspora Komitəsi haqqında araşdırmalarımız davam edəcək. Məmurları vəzifədən gedəndən sonra baltalamağa nə var ki. Tam səmimi qəlbdən deyirəm ki, kaş bu komitə ilə bağlı məsələlərdə biz yanılaq.

Günel Musa
Geri qayıt