FETÖ-nun Azərbaycandakı üç “muşketyor”u revanşa başladı

FETÖ-nun Azərbaycandakı üç “muşketyor”u revanşa başladı FETÖ terror birliyinin Azərbaycandakı şəbəkəsi hələ də ayaq üstdədir və dövlətə meydan oxuyur.

FETÖ lideri Fətullah Gülənin Azərbaycandakı “imam”ı Elnur Aslanovun və yaxın çevrəsindəki şəxslərin əksəriyyəti tutduqları yüksək postlardan kənarlaşdırılsalar da, şəbəkənin bir sıra fiqurları öz vəzifələrində qalmaqla yanaşı, artıq qisas məqsədilə hərəkə keçiblər.

FETÖ-nun Azərbaycan şəbəkəsinə daxil olan və rəsmi statuslarını qoruyub saxlayan şəxslər sırasında iki qardaşın – Maliyyə nazirinin I müavini Azər Bayramov və Təhsil nazirinin müavini Ceyhun Bayramovun adları xüsusilə qabardılır. Vaxtilə Prezident Administrasiyasının sabiq şöbə müdiri Elnur Aslanovun yanında yer alan, Bayramovlar qeyri-müəyyən səbəblərdən, ölkədə aparılan “FETÖ təmizləməsi”ndən itkisiz çıxa biliblər.

Qardaşlar barəsində mətbuatda müntəzəm işıq üzü görən məlumatlarda Azər Bayramovun Maliyyə Nazirliyində, Ceyhun Bayramovunsa Təhsil Nazirliyində çoxüzlü korrupsiya mexanizmləri qurduqları bildirilir. Qeyd olunur ki, bu çərçivədə daha da irəli gedən Azər Bayramov özünü tam cəzasızlıq mühitində hiss edərək, qanunsuz əməllərinə ara vermir:

“Maliyyə Nazirliyində şəbəkələşmiş qrupun korrupsiya mexanizmi barədə bir müddətdir məlumatlar yayılır. Bu korrupsiya şəbəkəsinin başında isə Samir Şərifovun I müavini Azər Bayramovun dayandığı iddia olunur. Bildirilir ki, nazir müavini vəzifə səlahiyyətlərindən istifadə edərək, dostları, qohumları və yerlilərini şəhər (rayon) maliyyə idarələrinə rəhbər vəzifələrə təyin etdirir.

Maliyyə Nazirliyinin dövlət qurumlarını, rayonlarda fəaliyyət göstərən müəssisələrin hər üç ildənbir yoxlamaları zamanı da ciddi korrupsiya hallarına yol verilir. Buna da göstərişin Azər Bayramov tərəfindən verildiyi iddia olunur”.

Qanunsuz əməllərinə görə qardaşı Azərdən heç də geri qalmayan Təhsil nazirinin müavini Ceyhun Bayramovun da adı mediada neqativ planda hallanan dövlət məmurları sırasında “fəxri yer” tutur. O baxımdan, Təhsil Nazirliyindəki korrupsiya mexanizmini məhz Ceyhun Bayramovun idarə etdiyinə dair materialların ardı-arası kəsilmir. Legion.az bildirir ki, Ceyhun Bayramovun nazir müavini vəzifəsinə gətirilməsində “gülənçilər”in rolu böyük olub. Məqsəd təhsilə ayrılan pullara nəzarət etmək olub. Artıq məlumatlardan görünür ki, Ceyhun Bayramov işinin öhdəsindən “layiqincə” gəlir. Yəni, təhsilə nə ayrılırsa, lazım olan məqsədlərə sərf edilir. Nazir müavini əsasən qardaşı vasitəsi ilə büdcədən ayrılan vəsaitlərə nəzarət edir. Qardaşı Azər Bayramov tərəfindən yüksək səviyyədə dəstəklənən Ceyhun Bayramovun yaxın ətrafını Təhsil Nazirliyində müxtəlif vəzifələrdə irəli çəkib.

Bu qeyd olunan faktlar Azər və Ceyhun Bayramovun vəzifələrindən sui-istifadə hallarına dair faktların heç də hamısı deyil. Öz sahələri üzrə qanunsuzluqlarını davam etdirən qardaşlar Azərbaycanda “FETÖ işi”nin səngiməsindən istifadə edərək, əks-hücuma keçəcək qədər cəsarətləniblər. Məlumata görə, Bayramov qardaşları FETÖ məsələsinin gündəmdə olduğu dönəmdə onların barəsində də ölçü götürülməsinin vacibliyini deyənlərə qarşı hərəkətə keçiblər. “Səngər”dən çıxmaq üçün şəraitin yetişdiyini düşünən Bayramovlar deyəsən, özləri üçün təhlükənin tam sovuşduğu qənaətindədirlər. Əks halda, nə Bayramov qardaşlarının, nə də onların böyük “abi”si – Gənclər və İdman nazirinin müavini İntiqam Babayevin bu qədər əmin-arxayın davranmaları mümkün olmazdı.

Görünən budur ki, FETÖ-nun Azərbaycandakı şəbəkəsi nəinki sıradan çıxarılmayıb, hətta qisas eşqinə düşəcək qədər güclü və çoxşaxəlidir.

Maraqlıdır, kim(lər)in sayəsində?

Yeniçağ.Az
Geri qayıt