Əflatun Amaşov intiharlardan yazdı: - “Xəbər yükü yoxdur”

Əflatun Amaşov intiharlardan yazdı: - “Xəbər yükü yoxdur” "Son günlər intihar hadisələri ilə bağlı materialların sayında müəyyən artım görürəm. Dəfələrlə bildirilib ki, belə olaylara yer verilməsi düzgün deyil. Bunu söyləyənlər əsasən onu üzərində dayanırlar ki, kimlər üçünsə intihar adiləşə bilər, normaya çevrilər. Mən də eyni qənaətdəyəm. Bəs necə olur ki, məsələyə həssas yanaşılmır?”

Bunu Mətbuat Şurasnın sədri Əflatum Amaşov deyib.

Onun fikrincə, intihar anı, əsasən də gördüyümüz hündürmərtəbəli binadan özünü atma epizodu istər-istəməz maraq doğurur:

“Çoxları bu anı lentə alarkən bəlkə də düşünür ki, onun qarşısının necə alındığını görüntüləyəcək, ancaq kadra intihar prosesinin özü düşür və o proses sonradan sosial şəbəkələrdə yayılır. Yəni bu halda yayıcı sıravi vətəndaş olur. Ancaq sıravi vətəndaşın nə qədər auditoriyası ola bilər? Lap hesab etsək ki, yayılmış materialı ayrı-ayrı şəxslər bir-birilərinə ötürürlər, belə olduqda da məsələnin ciddi məzmun qazandığını düşünmürəm.

Məsələ o zaman ciddiləşir ki, həmin intihar səhnəsi kütləvi informasiya vasitəsinə yol tapır. Əgər intihar videosunu hansısa dostunun “watsapp” paylaşımından izləyən şəxs ona sadəcə tükürpədici olay kimi tamaşa edirsə, internet mediada baxan biri üçün təsəvvür tamam başqadır. Bu zaman olay belə desək, ictimailəşmiş qiyafədə olur. Artıq dövriyyəyə düşüncələr girir. Yəni sıravi vətəndaş fikirləşir ki, hansısa intihar videosu mediada yer alıbsa, demək ki, motiv ciddidir. Üstəlik media yalnız video görüntü paylaşmır, detallara varır”.

MŞ sədri deyib ki, hesablamalara görə, ən çox intihar Skandinaviya ölkələrində baş verir:

“O ölkələrdə ki, həyat şəraiti kifayət qədər yüksəkdir. İctimai münasibətlər sistemi xeyli təkmildir. Amma intihar var. Demək məsələyə ən müxtəlif tərəflərdən yanaşmaq lazımdır. Yəni hər bir halda yanaşmaq lazımdır, çünki bu, proses psixoloji mahiyyət daşıyır. Psixoloji mahiyyətdə isə fərdi amillər ön planda olur. Sual yaranır: fərdi məsələnin ictimailəşməsi düzgündürmü?

Nəzərə alaq ki, fərdi məsələlərdə ictimailəşməni doğura biləcək motiv o qədər də yüksək deyil. Yəni düşünək, müharibə apardıq, şəhidlərimiz oldu. Mediamız onların həlak olma anını, keçdiyi ömür yolunu işıqlandırır. Bununla bağlı epizodlar hər birimizə təsir göstərir, içdən yanırıq, sarsılırıq. Amma burada fərdi faciə ictimai motiv qazana bilir. Çünki şəhid olanlar torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçiblər.

Düşünək intiharda belə bir motiv varmı? Yoxdur. Belə olan halda media nə üçün intiharları işıqlandırmağa yer versin ki? Əlbəttə, mən intiharın hansısa kriminal zəmindən doğduğu və onun cəmiyyətin dinc və birgə yaşam qaydalarını da təhdid edə bilmə ehtimalını kənara qoymuram. Ancaq sırf intihar anı cəmiyyətə heç nə deməyən, heç nə aşılamayan bir görüntüdür. Əksinə ruh düşkünlüyü yaradan, əvvəldə də dediyim kimi, kimlər üçünsə intiharı normaya çevirə bilən, adiləşdirən şüuraltı siqnaldır”.

Ə.Amaşov hesab edir ki, media orqanlarımız məsələyə həssas yanaşmalıdır:

“Daha yaxşı olardı ki, müvafiq dövlət qurumlarımız da buna daha ciddi diqqət yetirsinlər. Nəzərə alaq ki, onlar ilk mənbə rolunda çıxış edirlər.

Hər hadisə KİV və cəmiyyət üçün hadisə deyil. Yəni ictimai məzmun daşıyan hadisə deyil. İntihar isə özlüyündə ümumiyyətlə, peşəkar xəbər yükünə malik ola bilməz”.
Geri qayıt