Mandatını girov qoyan keçmiş deputatın “yeriməyən” İSTİNTAQI: - Rafael Cəbrayılovu kim və necə himayə edir?

Mandatını girov qoyan keçmiş deputatın “yeriməyən” İSTİNTAQI: - Rafael Cəbrayılovu kim və necə himayə edir? Borclu olması səbəbindən deputat mandatını girov qoyması ilə neqativ ilkə imza atan Rafael Cəbrayılov çox sayda vətəndaşa vurduğu maddi zərəri hələ də ödəməyib.

Yenicag.az xəbər verir ki, vətəndaşlara külli miqdarda ziyan vurduğu üçün keçmiş deputat Rafael Cəbrayılovun barəsində 6 ay əvvəl cinayət işi açılmasına baxmayaraq, onun dələduzluq əməllərini araşdırmalı olan istintaq hərəkətləri hələ də yerində sayır.

Məlumata görə, cinayət işinin açıldığı 6 ay ərzində Rafael Cəbrayılov bir dəfə də olsun, istintaqa cəlb edilərək dindirilməyib. İşi aparan müstəntiqlər keçmiş deputatın fırıldaq “tor”una düşən bir neçə zərərçəkmişi dindirməklə, öz işini bitmiş hesab etməkdədir.

Əslində isə Cəbrayılovun çox sayda vətəndaşdan böyük məbləğdə pul aldığını bir neçə dəfə etiraf etdiyini nəzərə alsaq, istintaqın bu işlə bağlı bütün mühüm detalları çox qısa müddətdə üzə çıxararaq, tezliklə yekunlaşdırılacağı gözlənilirdi. Lakin göründüyü kimi, istintaq nəinki şübhəli qaydada uzanır, həm də iş üzrə əsas fiqurant olan Rafael Cəbrayılova əziyyət verib dindirməyə belə çağırmırlar.

Nəticədə onlarla vətəndaşa vurulan maddi zərərin ödənilməsi qeyri-müəyyən müddətə uzanır, əsəblər tarıma çəkilir, sıxıntılar isə günbəgün artır. Əvəzində isə vətəndaşlara müxtəlif formada on milyorlarla manat dəyərində ziyan vuran Rafael Cəbrayılov öz xudmani həyatını yaşamağa davam edir.

Mövzunu diqqətdə saxlayacağıq.
Geri qayıt