Ramiz Mehdiyevin kürəkəni hədələrinə görə hansı məsuliyyəti daşıyır - hüquqşünas rəyi

Ramiz Mehdiyevin kürəkəni hədələrinə görə hansı məsuliyyəti daşıyır - hüquqşünas rəyi Prezident Administrasiyasının eks rəhbəri Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev 15 sutkalıq cəzasını çəkərək azadlığa çıxdı. Həbs edilməsinin səbəbi karantin qaydalarını pozaraq qızına toy məclisi təşkil etməsi idi.

Ramiz Mehdiyevin də iştirak etdiyi toy məclisi böyük qalmaqala, səs-küyə, ajiotaja səbəb olmuşdu. Bu dəfə isə İlham Əliyevin həbsdən çıxdıqdan sonra səsləndirdiyi fikirlər və ağlaması müzakirəyə çevrilib.

İlham Əliyev əvvəlcə toydan çəkilən videoları sosial şəbəkələrdə, mediada paylaşdığına görə toya qonaq qismində dəvət olunan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadənin xanımı, müğənni Aysel Teymurzadəni qınayıb və bunu məqsədli şəkildə etdiyini söyləyib. O, həmçinin videoları yayan digər şəxslərlə bağlı da tədbir görəcəyini deyib.

Mehdiyevin kürəkəni daha sonra onu tənqid edən deputatları, barəsində doğru olmayan yazılar yazan jurnalsitləri də cəzalandıracağını bildirib və məhkəmə ilə hədələyib.

İlham Əliyevi və Ramiz Mehdiyevi sərt tənqid edən deputatlardan biri Fəzail Ağamalı idi.

F.Ağamalı İlham Əliyevin dediklərinə münasibət bildirib: “O, atmış olduğu addıma və törətmiş olduğu cinayətə görə dövlətdən, xalqdan əvvəlcədən üzr istəyə, bağışlanmasını rica edə bilərdi. Amma bunu etmədi. Çünki qayınatası kimi hikkəlidir, içərisi kin-küdurətlə doludur. Ondan aldığı tərbiyə ilə hər kəsi aşağılamağı həyat tərzi seçib”.

F.Ağamalı kürəkən İ.Əliyevin ona “xırda ünsür” deməsinə də münasibət bildirdi:

“Dediyi söz ona daha çox yaraşır. O, daha çox xırda ünsürdür. Qayınatasının kölgəsində yaşayan ünsür, antipotdur. O, sağalmaz xəstəliyə düçar olan parazitdir. Görün bu adamın harınlığı və idarəolunmazlığı hansı səviyyədədir ki, onun haqqında düz və ya səhv məlumat yazan saytı öz adından cəzalandıracağını elan edir. Halbuki deyə bilərdi ki, məhkəməyə müraciət edəcəm, hüquq çərçivəsində sözümü deyəcəm. Amma deyir, məhz özüm cəzalandıracam.

Mənim davam Ramiz Mehdiyevlədir. Bu dava millətin bu günü və gələcəyi, milli dövlətçiliyimizin əbədi yaşarlığı üçün aparılan davadır".

İlham Əliyev jurnalistləri, daha doğrusu, onun adından “kefim yaxşıdır, yaxşı qalsın” sözlərini yazan saytı cəzalandıracağını bildirib.

Bu barədə Demokrat.az saytı yazıb. Sayt qeyd edib ki, sabiq deputat hələ o zaman hər şeyin yaxşı olduğunu söyləmişdi: “Mənim kefim yaxşıdır, elə edin ki, kefimiz yaxşı qalsın. Bu barədə heç də danışmayaq, başını buraxın, getsin. Hər şey qaydasındadır. Heç kimə cavab vermək istəmirik. Sağ olun!”

Demokrat.az sabiq deputat İlham Əliyevin sözügedən açıqlamasının səs yazısını təqdim edib. Saytın rəhbəri Vasif Həsənli Musavat.com-a açıqlamasında bildirdi ki, artıq ortaya sübut qoyublar: “Məsələni şəxsiləşdirmək istəmirəm. Redaksiya olaraq ona cavab verdik. Bundan sonra gedib versin məhkəməyə”.

Burada bir sual yaranır: Mehdiyevin kürəkəni İ.Əliyev öz hüquqlarını hüquqi yolla necə qoruya bilər və başqalarını hədələməsinə görə məsuliyyət daşıyırmı?

Vəkil Fariz Namazlı Musavat.com-a açıqlamasında deyib ki, İlham Əliyev deputatlarla bağlı Milli Məclisə müraciət edə bilər: “Deputatlar baş verən hadisəyə münasibət bildirib. Əgər İlham Əliyev düşünürsə ki, deputatlar verdiyi açıqlamalarda onun şərəf və ləyaqətini alçaldıb və ya deputat kimi etik qaydaları pozub, bu zaman Milli Məclisə müraciət edə bilər. Çünki deputat toxunulmaz şəxsdir və dediyi bu fikirlərə görə məsuliyyət daşımır. Əgər İlham Əliyev düşünürsə ki, deputatlar etik qaydaları pozub, bu halda onların cəzalandırılmasını Milli Məclisdən tələb edə bilər”.

İlham Əliyevin çıxışında jurnalsitləri hədələməsinə gəlincə, Fariz Namazlı deyib ki, bu hədənin hansı formada olduğuna fikir vermək lazımdır:

“Cinayət Məcəlləsində ölümlə hədələmə məsuliyyətə səbəb olur və bu hədələmə belə real olmalıdır. Yəni kimsə ”mən səni öldürəcəm" deyirsə belə, buna görə məsuliyyətə cəlb edilə bilməz. Bu, real hədə olmalıdır və əsaslı olmalıdır.

İlham Əliyev istənilən KİV nümayəndəsini məhkəməyə verə bilər. Çünki bu onun hüququdur".

Fariz Namazlı şəxsi fikirlərinə əsasən deyib ki, İlham Əliyev 15 günün gərginliyi ilə belə açıqlamalar verib:

“İlham Əliyev 15 gün qapalı şəraitdə saxlanılıb və informasiya qıtlığı yaşayıb. Buna görə də onu başa düşmək olar. Yəqin ki, bir neçə gün sonra reallığı başa düşəcək, bu fikirlərindən daşınacaq”.

Ramiz Mehdiyevi sərt tənqid edənlərdən biri də Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev idi. Hətta Ramiz Mehdiyev yazdığı məqalələrdən birində onun barəsində fikir bildirən Elşad Musayevə də “barmaq silkələmişdi”.

Musavat.com-a danışan Elşad Musayev həbsdən çıxan İlham Əliyevin dediklərinə geniş fikir bildirmək istəməyib.

Deyib ki, İlham Əliyev ciddi fiqur deyil və onun emosional şəkildə dediklərinə fikir ayırmaq olmaz:

“İlham Əliyevin azadlığa buraxılması səhnəsinə baxdım. Onun emosional vəziyyətdə nə deməsi məni maraqlandırmır. Mən onun və Ramiz Mehdiyevin cavabını vaxtında vermişəm. Ramiz Mehdiyev və yaxınlarının karantin qaydalarını pozması ciddi narazılığa səbəb oldu və biz də bu məsələdə öz mövqeyimizi ortaya qoyduq. Kürəkən İlham Əliyev ciddi bir fiqur deyil ki, siyasi bəyanatlar versin”.
Geri qayıt