Faiq Ağayevin imtina etdiyi "tapşırılmış toylar" hansı məmurların sifarişi olub?

Faiq Ağayevin imtina etdiyi "tapşırılmış toylar" hansı məmurların sifarişi olub? Xalq artisti Faiq Ağayev maraqlı açıqlama ilə çıxış edib. Faiq Ağayev deyib ki, son 20 gündə 3 toydan imtina edib.

Müğənni toy sahiblərinin kimliyini açıqlamayıb. Amma onların varlı-pullu, imkanlı adam olduqlarına işarə vurub: “Dedilər ki, əşşi, narahat olma, tapşırılıb. Heç kim bizi narahat etməyəcək”.

Beş aydan çoxdur ki, Azərbaycanda kütləvi tədbirlərin, o cümlədən toy və yas mərasimlərinin keçirilməsi qadağan edilib. Amma elə bir gün olmur ki, hardasa toy, yaxud yas mərasimi təşkil edən adam cərimələnməsin. Şadlıq saraylarından polis bölməsinə gətirilən təzə bəylərin üzündəki iztirabı sezmək o qədər də çətin deyil.

Məşhur tamaşada deyildiyi kimi, bizim heç birimiz göbələk deyilik, yerdən çıxmamışıq. Bizim də çoxlu qohum-qardaşımız, dostumuz, yoldaşımız var. Xeyirlə şər qardaş olduğu üçün onların arasında da dünyasını dəyişən, həyatdan vaxtsız köçən adamlar olur.

Xeyirə-şərə yarayan, hamının səsinə səs verən Allahverdi adlı bir əmim oğlu var. Həftədə ən azı üç dəfə mənə zəng edir: “Əmioğlu, Murtuza kişinin yeddisinə gedəssən?”

Təbii ki, hər dəfə adlar dəyişir. Biz böyük bir elin təmsilçisi olduğumuz üçün bu cür hallar tez-tez baş verir. Və hər dəfə də mən Allahverdiyə eyni cavabı verirəm: “Yas mərasimlərinin qadağan edildiyi bir vaxtda necə ehsan verirlər?”

Əmioğlumun cavabı müxtəlif olur. Məsələn, bir dəfə belə demişdi: “İcrada adamları var, yoluna qoyublar”.

Bir dəfə isə beş-on manat verib, bələdiyyədən icazə aldıqlarını söyləmişdi. Çox israr edəndə isə eynən Faiq Ağayev kimi cavab verir: “Əşşi, narahat olma, tapşırıblar”.

Allahverdi Faiq Ağayev kimi adlı-sanlı, pullu adam deyil. Cavanlığı Qarabağ müharibəsində keçib. İndi isə alnının təri, gözünün nuruyla balalarını dolandırır. Faiq Ağayev kimi məşhur olmadığı üçün çox ehtiyatlı davranır. Hər dəfə mənimlə danışanda belə deyir: “Əmioğlu, bunu yazma, ha!”

Etiraf edirəm, yas mərasimlərinin təşkili üçün mənə də tez-tez müraciət edirlər. Bəzi həmkəndlilərim elə bilir ki, efirə çıxdığım, az-çox tanındığım üçün bütün icra başçıları məni eşidir, prokurorlar qabağıma qaçır, rəislər gündə üç dəfə zəng vurub kefimi soruşurlar. Bu üzdən tez-tez belə xahişlər eşidirəm: “Müəllim, rəislə danış, kişiyə qırx verim”.

Aydin məsələdir ki, mən heç vaxt bu cür işlərə baş qoşmuram. Amma insanları da qınamıram. Onlar Azərbaycanda tapşırıqla irəli getməyin, hətta bir çox müşkülü həll etməyin mümkün olduğunu yaxşı bilirlər. Elə bir gün olmur ki, bu məzmunda xəbər oxumayaq: “Nazir deputatın oğluna vəzifə verdi”.

Nazirliklərdə, icra hakimiyyətlərində, digər dövlət qurumlarında çalışan adamların əksəriyyəti məmurların övladları, qohum-qardaşlarıdır. Yeddi-səkkiz qardaş olan abıyevlərin hərəsi bir post tutur. Buna görə də heç kimi qınamaq olmur. Camaat fikirləşir ki, AMEA prezidenti Ramiz Mehdiyev tapşırıqla oğlunu nazir müavini, Baş nazirin müavini Yaqub Eyyubov səfir eləyə bilirsə, mən də dədəmə “yeddi” eləyim…(yenisabah)
Geri qayıt