Dərslər bu qaydada başlasa, valideynlər işsiz qalacaqlar

Dərslər bu qaydada başlasa, valideynlər işsiz qalacaqlar Bu gün bağçalar, məktəbəqədər, məktəblərlərin, eyni zamanda da ali məktəbərin açılıb-açılmayacağı hələlik ki, bəlli deyil. Bu istiqamətdə müxtəlif müzakirələr aparılsa, hələlik ki, konkret qərar verilməyib.

Lakin artıq Təhsil İnstitutu tərəfindən bu istiqamətdə təkliflər paketi hazırlanıb. Təhsil İnstitutunun direktor əvəzi Anar Nağıyev indiki şəraitdə ali təhsil sisteminin ənənəvi formada geriyə dönməsi mümkünsüz hesab edir və o ABŞ-da təhsilin tədris ilinin bütün ili üçün məsafədən təşkil olunacağını da buna əsas olaraq göstərib: "Bütün hallarda təklifimiz ondan ibarətdir ki, vəziyyətdən asılı olaraq hibrid təhsil sisteminin, yəni distantla ənənəvi təhsil sisteminin qarışıq növlərinə müsbət yanaşaq”.

Bundan başqa, bildirilib ki, uşaqların qidalanması və eyni otaqda yatması böyük yoluxma riski yaratdığına görə uşaq bağçalarının yalnız “sarı” zonalarda fəaliyyətinin bərpası məqsədəuyğun hesab edilir.

Məktəbəhazırlıq qruplarında uşaqların həftədə 6 saatlıq (həftədə 2 gün 3 saat olmaqla) tədris planı əsasında tədrisə cəlb edilməsi təklif edilir. Bu halda da siniflərdə şagird sayı 20 nəfərdən çox olduqda yarımqrupların təşkil edilməsi tövsiyələr sırasında qeyd olunur.

İcma əsaslı məktəbəqədər qruplara 400-ə qədər kənddə 10 000-ə qədər uşaq cəlb edilib. Bu qruplar 3-4 və 4-5 yaşlı uşaqları əhatə edir və ümumi təhsil müəssisəsinin nəzdində təşkil edilir. Qruplarda uşaq sayının 10-15 nəfər olduğunu, qidalanma olmamasını və uşaqların yatmadığını nəzərə alaraq bu qrupların faəliyyətinin bərpa edilməsi təklif olunur.

Amma təkliflər olsa da, qaranlıq məqamlar da az deyil. Valideynlər bu təkliflərin birtətəfli olduğunu və heç bir təklifdə onlaırn maraqlarının, narahatlıqlarının nəzərə alınmadığını deyir. Valideynlərin əsas şikayətlərini bu cür sıralamaq olar:

"Mən övladımı özəl məktəbə yazdırmışam və bu məktəb səhər 8:45-dən 18:00-dək övladıma baxır və belə olan halda mənim işdə hansısa narahatlığım olmur. Çünki övladıma baxacaq nənə-baba, onu məktəbə aparıb-gətirəcək bir şəxs yoxdur.

Əgər bağça açılmazsa, mən nə edəcəyəm? Mən də qadınam, anayam, istəyərəm ki, övladımın təhsili ilə birbaşa özüm məşğul olum. Lakin həyat yoldaşımın maaşı az olduğundan, pandemiya dövründə sıxıntılar daha da artdığından işləmək məcburiyyətindəyəm. Bəs, mən işləsəm, bu körpə uşaq kimin nəzarətində qalacaq? Bunu düşünən varmı? Bağçalar işləməyəcək, demək kənardan çox asan gəlir.

Övladıma görə işimi bir növbəli qurmuşam. Məktəblidir, onu necə evdə tək qoyub işləyə bilərəm? Əlavə pulum da yoxdur ki, dayə tutum.

Övladım ali məktəbdə təhsil alır. Virtual məktəb ötən il övladıma heç nə qazandırmadı. Bu il də formal təhsil üçün niyə ödəniş etməliyəm?"

Göründüyü kimi, suallar çoxdur, lakin bu suallara toxunan demək olar ki, yoxdur. 2020-2021-ci tədris ilnini başlamasına artıq 1 aydan da az zaman qalmasına baxmayaraq, hələlik nəyin necə olacağını bilmirik.

Bəs, həm təhsildə keyfiyyət, həm də əsas məsələlərdən biri olan valideyn rahatlığının təminatı üçün hansı təkliflər vermək olar?

Təhsil üzrə ekspert Məlahət Mürşüdlü Sputnik Azərbaycan-a açıqlamasında öz təkliflərindən danışıb: "Biz istənilən vəziyyətə hazır olmalı və bunun üçün proqramlar hazırlamalıyıq. Çünki heç kim vəziyyətin necə dəyişəcəyini, yəni, COVID-19-un davam edəcəyini, yaxud da yoxa çıxacağını proqnozlaşdıra bilmir. Bundan başqa, məktəblərin təmir vəziyyəti, təmizliyinin də nəzərə alınması çox önəmlidir. Çünki bu gün orta məktəblərin bəzilərində ayaqyolularının vəziyyəti elə də yaxşıdır. Yeməkxanalar, məktəb bufetləri də hazır vəziyyətə gətirilməlidir".

Həmsöhəbtimiz ötənilki tədris mövsümündə təşkil olunan virtual dərslərdən çox yüksək nəticələr əldə edilmədiyini bildirib: "Bu gün ibtidai siniflərdə tədris mütləq bərpa olunmalıdır. Çünki bu uşağa yazmağı əlindən tutub öyrətmək lazımdır. Yəni, müəllimlə birbaşa təmasın olması çox vacibdir. Bu siniflərdə şagird sayı da 15-dən yuxarı olmamalıdır. Lazım gələrsə, dərsi 2-3 növbəli də etmək olar. Dərslər isə 45 dəqiqə deyil, 20-25 dəqiqə olmalıdır".

"Virtual dərs olarsa, bu zaman işini itirmək istəməyən, dayə tutmaq üçün isə o qədər də yüksək qazancı olmayan valideynlər nə etməlidir", sualına cavab olaraq ekspert maraqlı bir təklif irəli sürüb: "Sosial işçilər və könüllülər planlı şəkildə bu işə cəlb oluna və onların yarıdımından istifadə edilə bilər. Bunun üçün də təbii ki, məktəbdə hər iki validyeni işləyən şagirdlərin siyahısı çıxarılmalıdır. Yəni, valideyn evdə olmadığı müddətdə bu şəxslərin yardımından istifadə etmək olar".

"Bundan başqa, Türkiyə və Gürcüstan təcrübəsindən də istifadə etmək olar. Hansı ki, bu ölkələrdə dövlət tərəfindən dayəyə pul verilir və təhsil üçün ailələrə xüsusi paketlər hazırlanaraq təqdim olunub. Hətta, pandemiyanın olmadığı dövrdə də Türkiyədə hökumət tərəfindən işləyən valideynlərin övladlarına baxmaq üçün dayə üçün vəsait ödənilib", - deyə ekspert əlavə edib.

Bundan başqa, qeyd edək ki, artıq bir müddətdir ki, qonşu Gürcüstanda təhsillə bağlı xüsusi paket qəbul olunub. Belə ki, tədris ili başlayana qədər 17 yaşına qədər uşağı olan bütün ailələrə hər uşağa görə 200 lari (110 manat) birdəfəlik yardım veriləcək. Bundan başqa, sosial müdafiəsiz və 150 000 sosial reytinq balına sahib olan bütün tələbələrin 2020-2021 tədris ilində təhsil haqqı dövlət tərəfindən ödəniləcək. Eyni zamanda birdəfəlik 300 larilik yardıma görə, müraciət edən, bununla belə yenə də təminat ala bilməyənlərin hamısına 300 larilik yardım köçürüləcək.

Ayrılan bu vəsait valideynə övladı üçün dayə, nəzarətçi tutmağa imkan verir ki, pandemiya dövründə işini itirməyən validyenlər qazanc əldə edə bilsinlər.

Bir sözlə, virtual özəl bağça, virtual məktəbəqədər hazırlıq, o cümlədən də belə özəl hazırlıq ümumiyyətlə effekt verməyəcək. Çünki, valideynlərin, ekspertlərin də dediyi kimi, ötən tədris ilində təkcə virtual məktəblə bağlı nəticələr bir o qədər də yüksək olmayıb. Belə olan halda valideyn sadəcə olaraq məcbur aylıq ödənişi etmiş olacaq ki, övladı dərs prosesindən geridə qalmasın.

Ehtimal olunur ki, bir çox belə özəl müəssisələr ziyanın qarşısını almaq üçün qiymət endiriminə getməyəcək. Belə olan halda da itirən valideynlər olacaq: həm rahatlıqlarını, həm normal iş rejimlərini, həm də işlərini itirməklə üz-üzə qalacaqlar.

Lakin validyenlərin işini itirməməsi üçün ekspertin təklif etdiyi bu nüanslara diqqət edilsə, ən azı əlavə pul xərclənməsi və valideynin işdən çıxma təlükəsinin qarşısını almaq olar.
Geri qayıt