400 minə toy edən lift müdiri sürücüsünə 5 milyona ev alıb - Araşdırma

400 minə toy edən lift müdiri sürücüsünə 5 milyona ev alıb - Araşdırma Qızına 400 minlik toy etməsi ilə gündəmə gələn Bakı Lift İdarəsinin rəisi Qüdər Şükürov barəsində yeni məlumatlar əldə etmişik
Media üzərindən araşdırması zamanı məlum olub ki, Qüdrət Şükürov “Alov qüllələri” kompleksində sürücüsünün adına ev alıb.
Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti tərkibindəki “Bakılift-təmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov heç də kiçik oliqarx deyilmiş.
Məlum olub ki, baş direktorun özünün yox, sürücüsünün “adına” nə az-nə çox, düz 5 milyon manatlıq əmlak var. Bu haqda bir müddət əvəvl musavat.com yazıb.
Bu xəbərdən sonra yoxlamalar zamanı “Bakılift-təmir” İstehsalat Birliyinin 8 milyon manatdan artıq vergi borcunun olduğu üzə çıxıb.
Q.Şükürov hazırda tutduğu vəzifəyə 2012-ci ilin yanvarında Bakı meri Hacıbala Abutalıbovun əmri ilə təyin edilib. Ona qədər ilk baxışdan əhəmiyyətsiz görünən bu postu Vaqif Xəlilov tutub.
Q.Şükürovun bu təyinata qədər hansı vəzifəni tutduğu haqda məlumat yoxdur. Bilinən odur ki, 2010-cu ilin aprelində ona məxsus olan “Range Rover” markalı maşından şüşəni sındırmaq yolu ilə 100 min ABŞ dolları və 60 min manat oğurlanıb.
Sonradan polis oğruları tutub. Onun deputatlardan biri ilə qohumluq əlaqələrinin olduğu da bildirilir.
Bu sahədə böyük yeyinti və maxinasiyalar, korrupsiya, məninmsəmələr qeydə alınıb.
Şəhər və rayon mərkəzlərində yeni liftlərin mərkəzləşdirilmiş qaydada alınması və istismarda olanların bərpa edilməsi üçün Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat məbləğində vəsait ayrılıb.
Lakin ayrılmış vəsaitin hansı şəkildə xərclənməsi bir qədər qaranlıq qalır. Çünki şəhərimizdə binaların liftlərinə diqqət yetirsək görərik ki, heç bir dəyişiklik yoxdur, əksinə, vəziyyət get-gedə daha da ağırlaşır.
Köhnə binalardakı liftlərin çoxu baxımsız qalıb. Birliyin əməkdaşları nasaz liftləri vaxtında təmir etmirlər. Buna görə də köhnəlmiş liftlər əhali üçün ölüm kabusuna çevrilib.
Bakı liftləri o qədər köhnəlib ki, bəzən qorxu filmlərinin epizodlarını xatırladır. Sakinlər itlərini liftlə aparıb gətirdiyindən, balaca uşaqların tərbiyəsizliyi üzündən əksər liftlərdə içəridən sidik iyi gəlir, mərtəbə işarələri yoxdur, lampalar isə sınıq olduğundan adamlar liftə tək minməyə üstünlük verirlər.
Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı Aysel Şükürova toy mərasiminin 400 min dollara başa gəlməsi barədə yayılan xəbərlərə aydınlıq gətirib.
Aysel Şükürova bildirib ki, toyuna 400 min dollar xərclədiyi və 40 min dollarlıq "Love Story" çəkdirdiyi barədə yazılan xəbərlər əsassızdır.
"Heç kim Bakıda 400 minlik toy etməz. Bu qədər pulu olan gedib başqa yerdə toy edər. Barəmdə yazılan xəbərlər yalandır. "Love Story"ni reklam etmək şərti ilə Fuad İsmayılov pulsuz çəkib.
Onu bizə reklam etdiyimiz üçün çəkiblər. Bütün çəkiliş pulsuzdur. Düzdür, biz Malidiv adalarına bal ayına getmişik. Şəkil çəkdirmişik. Əcəb etmişik. Heç kimə dəxli yoxdur".
Q.Şükürov isə deyib ki, yayılan məlumatlar tamamilə yalandır: "Mən və ailəm haqqında yazılanların heç biri doğru deyil. Mən toya çox xərc çəkməmişəm. O toya xərci oğlan evi çəkib. Məndə 400 min haradan idi?
Bu barədə yazılanların hamısı boş söhbətlərdir. Bu məlumatları Elşən Əsgərli yayır. O, qələt edib, yalan danışır.
O, narkoman və şərəfsiz adamdır. Onu hamı yaxşı tanıyır. Deyir ki, guya "Porsche” hədiyyə etmişəm və sairə. "Porsche” olsaydı, elə özüm sürərdim də!
Mənim heç bir maşınım da yoxdur. Hazırda gəzdiyim bir maşın var, onu da dövlət verib. İndi kim nə istəyirsə, ağlına gələni danışır. Keçmiş kürəkənim narkomandır, gic adamdır. Narkoman nə danışa bilər?”.

Ulus.Az
Geri qayıt